Modern.az

Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI

Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI

18 Yanvar 2020, 16:13

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində qeydə alınan namizədlər arasında pensiya yaşını ötmüş şəxslər də var.

 

Modern.az namizədliyi qeydə alınan 70 və daha yaşlı olan deputatlığa namizədlərin siyahısını təqdim edir:

 

Yaşlı namizədlərdən biri 2 saylı Şərur Seçki Dairəsindəndir. Bu, hər kəsin tanıdığı, beşinci çağırış Milli Məclisin deputatı İsa Həbibəylidir. Eyni zamanda, AMEA-nın I vitse-prezidenti olan İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə anadan olub.

 

4 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən də yaşlı namizəd var. O da beşinci çağırış Milli Məclisin deputatı Eldar İbrahimovdur. Eldar İbrahimov 12 mart 1945-ci il təvəllüdlüdür.

 

Beşinci çağırış Milli Məclisin deputatlarından biri də 10 saylı Binəqədi üçüncü seçki dairəsindən yenidən namizədliyini irəli sürüb. Bitərəf namizədi olan Madər Musayev 26.11.1947 təvəllüdlüdür.

 

11 saylı Qaradağ seçki dairəsindən namizədliyini irəli sürən Firəddin Qəhrəmanov da yaşlı namizədlərdəndir. Ümid Partiyasının Qaradağ rayon şöbəsinin sədri olan Firəddin Qəhrəmanov 1950-ci ildə anadan olub.

 

Mərdəkan Bələdiyyəsində çalışan Mansurova Sevil Sabir qızının da 70 yaşı var və yaşlı namizədlər sırasındadır. Onun namizədliyi 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən qeydə alınıb.

 

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd olan İsmayilov Eldar İsmayil oğlu 1949-cu ildə anadan olub. İxtisasca müəllim olan Eldar İsmayılov hazırda işləmir.

 

Mərkəzi Seçki Komissiyasının siyahısında adı qeyd olunan Məmmədzadə Zakir Bəkir oğlu da ən yaşlı namizədlərdən biridir. 1944-cü il təvəllüdlü Zakir Məmmədzadənin namizədliyi 25 saylı Nizami ikinci seçki dairəsindən qeydə alınıb. O, ixtisasca həkimdir və hazırda təqaüddədir.

 

26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyi qeydə alınan Rafiq İsmayıl da təqaüdçü namizədlərdəndir. O, 3 avqust 1948-ci ildə anadan olub.

 

34 saylı Xətai ikinci seçki dairəsində də hər kəsin yaxşı tanıdığı yaşlı namizədlərdən biri var. Beşinci çağırış Milli Məclisin deputatı Mixail Zabelin 1946-cı ildə Bakıda anadan olub.

 

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi üzrə namizədlərin siyahısında adı olan Zeynalov Oqtay Qəmbər oğlu isə 82 yaşındadır. O ixtisasca müəllimdir və işsizdir.

 

Təqaüdçü namizədlərdən biri də Əmirov Cahangir Hüseyn oğlu 1942-ci il təvəllüdlüdür. Onun namizədliyi 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən qeydə alınıb.

 

52 saylı Quba seçki dairəsində də beşinci çağırış Milli Məclisin deputatı yenidən deputatlığa namizəddir. 1947-ci il təvəllüdlü Vahid Əhmədov müstəqil namizəd kimi çıxış edir.

 

56 saylı Xaçmaz Kənd seçki dairəsindən namizəd olan Hüseynov Zeyqam Hüseyn oğlu da yaşlı namizədlərdən biridir. 1949-cu il təvəllüdlü Z. Hüseynov "Kristal Abşeron" Mənzil Tikinti Kooperativinin Sumqayit filialında hüquqşünasdır.

 

Beşinci çağırış Milli Məclisin yaşlı deputatlarından olan Fəzail Ağamalı bu seçkilərdə də namizədliyini irəli sürüb. 73 yaşlı namizəd 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəddir.

 

Yaşlı deputatlardan biri olan Əhliman Əmiraslanov da yenidən namizədliyini irəli sürüb. 1947-ci təvəllüdlü Əhliman Əmiraslanov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən namizəddir.

 

Növbəti yaşlı namizəd də beşinci çağırış Milli Məclisin deputatıdır. 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd olan Hadi Rəcəbli 1947-ci ildə anadan olub.

 

82 saylı Ağcabədi seçki dairəsindən namizəd olan 70 yaşlı Tahir Rzayev də yaşlı namizədlərdən biridir. O da beşinci çağırış Milli Məclisin deputatıdır.

 

87 sayli Ağsu-İsmayıllı seçki dairəsinin namizədləri sırasında da yaşlı namizədin adı var. 1949-cu il təvəllüdlü Hüseynov Ağasən Babacan oğlu mühəndisdir və işsizdir.

 

Yaşlı namizədlər siyahısında Muğam studiyasının direktoru da var. Müsavat Partiyasının namizədi olan Abbasova Başxanım Şamil qızının 108 saylı Ağstafa seçki dairəsindən namizədliyi qeydə alınıb.

 

116 saylı seçki dairəsindən namizəd olan Fəttah Heydərov da beşinci çağırış Milli Məclisin deputatıdır. Onun 82 yaşı var.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır