Modern.az

Uğursuz Daşaltı əməliyyatından 28 il ötür

Uğursuz Daşaltı əməliyyatından 28 il ötür

Aktual

26 Yanvar 2020, 00:12

Azərbaycan Ordusunun Şuşa rayonunun Daşaltı kəndində keçirdiyi uğursuz əməliyyatdan 28 il ötür.

 

Modern.az saytı xəbər verir ki, 1992-ci il yanvarın 25-i saat 20:00-da başlanan əməliyyat zamanı Azərbaycan ordusunun bir neçə taqımı Daşaltı kəndinə daxil olub. Əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatda Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 taqımı və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan bir taqım düşmənin pusqusuna düşərək məhv edilib. Kəndə daxil olan digər taqımlar isə itki verərək geri çəkilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.


Daşaltı əməliyyatında iştirak edən döyüşçülər deyir ki, əməliyyatın məqsədi düşməni məhv etmək, erməni silahlı bölmələrinin işğalının qarşısını almaq olub. Daşaltı döyüşü uğursuzluqla nəticələnsə də, Azərbaycan əsgərləri o döyüşdə qəhrəmanlıq nümayiş etdiriblər. Orada neçə-neçə əsgərimiz ermənilərin təslim olmaq çağırışına rədd cavabı verərək özlərini qumbara ilə partladıblar. Təəssüflər olsun ki, onların çoxunun nəşini belə əldə etmək mümkün olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar