Modern.az

Eyni dairənin sələfləri xələflərə: “Təcrübəmizdən istifadə etsinlər”

Eyni dairənin sələfləri xələflərə: “Təcrübəmizdən istifadə etsinlər”

Parlament

10 Fevral 2020, 17:45

Mərkəzi Seçki Komissiyası (MSK) 125 dairənin hər birindən qalib namizədin adını elan edib. Budəfəki parlament seçkilərində 44 yeni sima yer alıb.  

İndiki deputatlar, Flora Qasımova, Əliağa Hüseynov və Sona Əliyeva deputat olduqları dairədən qalib olmuş şəxslər barədə fikirlərini Modern.az-la bölüşüblər.

 

122 saylı Xankəndi seçki dairəsindən qalib olan Tural Gəncəliyev haqqında bu dairənin deputat  Flora Qasımova bunları deyib:

“Tural Gəncəliyev həm də Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədridir. Layiqli namizəddir. Deputatlıq fəaliyyətində ona uğurlar arzulayıram. Bir qarabağlı olaraq Tural da məcburi köçkünlük həyatını yaşayan insandır. Uzun müddət  Xarici İşlər Nazirliyində  çalışıb. Hər zaman ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edib.  Tural Gəncəliyev təcrübəli kadrdır. Savadlı insandır. Əslən şuşalıdır. Onu dəstəkləyirəm.

Ümid edirəm ki, o, ürəkdən bu işləri görəcək. Qarabağ icmasının səsini beynəlxalq aləmdə çatdıracaq.  Qarabağ İcmasının İdarə Heyətinin üzvü olaraq ona hər cür dəstəyimi göstərəcəm. Tural Gəncəliyev mənim də təcrübəmdən istifadə edəcək. İnanıram ki, məcburi köçkünlərlə bağlı məsələləri həll etməyə çalışacaq. Hətta mənim də görə bilmədiyim işləri Tural görəcək”.

 

59 saylı Salyan seçki dairəsindən qalib olan Jalə Əhmədova haqqında danışan  bu dairənin deputatı Əliağa Hüseynov onu təbrik etdiyini bildirib:

“Səs çoxluğu ilə qalib olmuş Jalə Əhmədovanı dünən təbrik etdim. Ona uğurlar arzuladım. Gənc və perspektivli xanımdır. İnanıram ki, Jalə Əhmədova seçicilərinin yanında olacaq. Əslində, deputat seçilən hər kəs seçicisinin yanında olmalıdır. Bu rəqabətdir. Rəqabətlə ayaqlaşmaq lazımdır. Biz də zamanında deputat olub çalışmışıq. Bizdən sonra gələnlər üzərlərinə düşən işləri daha yaxşı yerinə yetirməlidirlər. Həmçinin, yeni biliklərini, yeni fikirlərini ortaya qoysunlar və dövlət başçımıza hər zaman dəstək olsunlar”.

 

99 saylı Şəmkir kənd seçki dairəsindən qalib olan Nurlan Həsənov haqqında bu dairənib deputatı Sona Əliyeva bunları deyib:

“İlk gündən 99 saylı Şəmkir seçki dairəsindən olan namizədə uğurlar arzulamışam. Bununla  bağlı Facebook səhifəmdə yazmışam. Hər zaman Yeni Azərbaycan Partiyasının yanında olmuşam və partiyamın da namizədlərini sonuna qədər dəstəkləyəcəm. Düşünürəm ki, gənc namizəd YAP-ın hədəflərini, məqsədlərini əlində şüar tutaraq çalışmalıdır. Hər hansı şəxs millətin səsini qazanıbsa, deməli, buna layiqdir və özünün müstəqil düşüncəsi və təcrübəsi var. Ona görə də Nurlan Həsənova uğurlar arzulayıram. Əslində  gənclərin parlamentə gəlməsinə çox sevinirəm. Yeni fikirlərin,  yeni düşüncələrin təmsilçiləri YAP-ın namizədləridir”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!