Modern.az

Orta məktəblərdə summativ qiymətləndirmənin qaydaları DƏYİŞDİRİLDİ

Orta məktəblərdə summativ qiymətləndirmənin qaydaları DƏYİŞDİRİLDİ

18 Fevral 2020, 09:05

Təhsil Nazirliyinin Kollegiyası “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nda dəyişiklik edib.

 

Modern.az-ın məlumatına görə, Qaydanın adı dəyişdirilib və “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” olub.

 

İndiyə qədər diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılıb. Bundan sonra isə diaqnostik qiymətləndirmə maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılmayacaq. Başqa sözlə, diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılacaq.

 

Digər dəyişiklik summativ qiymətləndirmənin nəticələrinə yenidən baxılması proseduru ilə bağlıdır. İndiyə qədər summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları tərəfindən baxılıb. Yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Təhsil Nazirliyi tərəfindən baxılıb.

 

Dəyişikliyə əsasən, bundan sonra summativ qiymətləndirmələrin nəticələri, yaxud yarımillik və illik qiymətlərin hesablanması ilə razılaşmayan təhsilalanlar (onların valideynləri və ya digər qanuni nümayəndələri) təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və “Məktəbli kitabçası”nda yazıldığı tarixdən 30 gün müddətində qiymətləndirmənin nəticələrinin araşdırılması üçün təhsil aldıqları ümumi təhsil müəssisəsinin rəhbərinə yazılı şikayət edə bilərlər. Təhsilalanın (onun valideyninin və ya digər qanuni nümayəndəsinin) şikayətində göstərilən hallar (sualın tərtibatında və ya balların hesablanmasında yol verilmiş səhvlər) öz təsdiqini tapdıqda ümumi təhsil müəssisəsinin rəhbəri tərəfindən aşağıdakı qərarlardan biri qəbul ediləcək:

 

- qiymətləndirmənin nəticələrinə təsir göstərmiş hallar nəzərə alınaraq, yenidən hesablanma aparılacaq və nəticələrə dəyişiklik ediləcək;

- qiymətləndirmənin nəticələri ləğv ediləcək və təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi təşkil ediləcək.

 

Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, təhsilalana (onun valideyninə və ya digər qanuni nümayəndəsinə) bu barədə əsaslandırılmış cavab göndəriləcək. Şikayətə baxılmasının nəticəsi ilə razılaşmayan təhsilalanların (onların valideynləri və ya digər qanuni nümayəndələri) müraciətlərinə ümumi təhsil müəssisəsinin tabeliyindən asılı olaraq yerli təhsili idarəetmə orqanları və ya Təhsil Nazirliyi tərəfindən baxılacaq. Şikayətdə göstərilən hallar öz təsdiqini tapdıqda, qiymətləndirmənin nəticələrinə təsir göstərmiş hallar nəzərə alınaraq, yenidən hesablanma aparılması və nəticələrə dəyişiklik edilməsi, yaxud qiymətləndirmənin nəticələrinin ləğv edilməsi və təhsilalanın biliyinin yenidən qiymətləndirilməsinin təşkil edilməsi barədə ümumi təhsil müəssisəsinə tapşırıq veriləcək. Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, təhsilalana (onun valideyninə və ya digər qanuni nümayəndəsinə) bu barədə əsaslandırılmış cavab göndəriləcək.

 

Qərar fevralın 14-dən qüvvəyə minib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi