Modern.az

“Onların nə istədiklərindən xəbərdaram” – YENİ DEPUTATLARI TANIYAQ

“Onların nə istədiklərindən xəbərdaram” – YENİ DEPUTATLARI TANIYAQ

17 Mart 2020, 10:06

Modern.az “Yeni deputatları tanıyaq” rubrikasına davam edir.

Budəfəki müsahibimiz 24 saylı Nizami birinci seçki dairəsindən deputat Könül Nurullayevadır.

Onunla söhbəti təqdim edirik.

 

– Könül xanım, Sizi təbrik edirik. Yeni sima, parlamentin gənc deputatlarından olduğunuz üçün sizi daha yaxından tanımaq istərdik.

– Təşəkkür edirəm. Mən də sizi və oxucuları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm.

 

–  Seçkilərdə kifayət qədər iddialı, gənc və orta yaşlı nəslin nümayəndəsi olan rəqibləriniz var idi. Namizədlərdən kimlər sizi qalibiyyətinizlə bağlı təbrik etdi?

– Bildiyiniz kimi, Azərbaycanda hərtərəfli islahatlar dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etməyə başlayıb. Bu islahatların daha da dərinləşməsi və sürətlənməsi  Milli Məclisin tərkibinin də yenidən formalaşmasını zəruri etdi. 

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Milli Məclisin cənab Prezidentə müraciəti əsasında fevralın 9-da növbədənkənar parlament seçkiləri baş tutdu. Bu yenilənmə ölkəmizin demokratik quruculuq tarixində yeni səhifə açdı.   

Cənab Prezidentin çağırışından biri də gənclərin seçkilərdə aktiv iştirakı idi. Bu günədək baş tutmuş bütün seçkilərdən daha çox gənc bu seçkilərə maraq göstərdi. Mən də bu çağırışı əsas tutaraq, namizədliyimi irəli sürdüm və seçicilərimin dəstəyi ilə qalib gəldim. 

Dairəmizdəki rəqiblərimə gəlincə, onların hər biri demokratik mühitdə keçirilən bu seçkilərin önəmli bir parçası idi və çox məmnunam ki, namizədlərin bir çoxu nəticələr elan edildikdən sonra məni təbrik etdilər.

Eyni zamanda, fürsətdən istifadə edib seçkilərdə aktiv iştirak etdikləri üçün seçicilərə bir daha minnətdarlığımı bildirirəm.

 

– Milli Məclisin deputatı olaraq fəaliyyətinizə hansı addımla başlamağı düşünürsünüz?

– Təbliğat-təşviqat prosesi zamanı seçicilərimizlə tanış olmaq, söhbət etmək fürsəti qazandıq, onların problemlərini, təkliflərini, tələblərini dinlədik, hər birini tək-tək qeyd edərək komandamızla birgə bunları geniş müzakirə etdik. 

Milli Məclisdə Ailə, Qadın və Uşaq məsələləri komitəsi və Gənclər və İdman Komitəsinin üzvüyəm. Qeyd etdiyim məsələlərlə bağlı seçicilərimizin  əsas problemlərinin həlli üçün proqramımız mövcuddur. Bununla yanaşı, üzv olduğum komitələrdə də aidiyyəti məsələlərin müzakirəsi və həlli üçün çalışacağıq.

 

 

– Könül xanım, ölkə mediasında Sizin SOCAR prezidenti Rövnəq Abdullayevin qohumu olduğunuz barədə məlumatlar dərc edilib. Əsl həqiqəti bilmək olarmı?

– Təbliğat-təşviqat prosesi zamanı SOCAR prezidenti hörmətli Rövnəq Abdullayevlə Keşlə kənd məscidini birgə ziyarət etdik. Bunu nə ictimaiyyətdən, nə də mətbuatdan gizlətdik. Əvvəlki açıqlamamda da qeyd etmişdim ki, bizim milli adət-ənənəmiz, mentalitetimizdə bir işə başlarkən ağsaqqallardan, ağbirçəklərdən, böyüklərdən dəstək almaq çox vacibdir. Rövnəq müəllim son 15 ildə Nizami 1-ci seçki dairəsinin deputatı olub.

Onun deputat olaraq bu dairədə gördüyü işlərin sayı və keyfiyyəti olduqca böyükdür. Ona görə də təşviqata başlayarkən onun da dəstəyini almaq mənim üçün çox vacib idi. Rövnəq müəllimdən xahiş etdim ki, bu gözəl gündə Keşlə məscidini birgə ziyarət edək, kənd ağsaqqalları ilə görüşək.

Keşlədə çox səmimi keçən görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı uğurlu siyasət və həyata keçirilən böyük islahatlardan danışdıq.

Onu da qeyd edim ki, hörmətli Rövnəq Abdullayev, bildiyiniz kimi, AFFA-nın və Cüdo Federasiyasının prezidentidir. Mən də uzun illər Azərbaycan Milli Olimpiya Komitəsində Beynəlxalq əlaqələr idarəsinin rəhbəri olmuşam. 

Belə ki, müxtəlif beynəlxalq irimiqyaslı tədbirlərin həyata keçirilməsində bilavasitə iştirak etmişəm, təşkilat komitələrinin rəhbərliyində təmsil olunmuşam. Bu baxımdan, bizim əməkdaşlıqlarımız da olub.

 

– Adətən, ailənin yönləndirilməsi, övladların tərbiyəsi ilə bağlı xanımlarımızın üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan, güman ki, Milli Məclis fəaliyyətiniz, gərgin iş rejimi şəxsi həyatınıza da təsirsiz ötüşməyəcək. Bu işlə paralel olaraq, ailənizə, övladınıza, dostlarınıza və yaxınlarınıza vaxt ayıra biləcəksiniz?

– Cəmiyyətimizdə ailə məfhumunun vacibliyindən bəhs etməyə, məncə, xüsusi ehtiyac yoxdur. Əlbəttə ki, ailəmiz, övladlarımız bizim üçün böyük əhəmiyyət kəsb edir. Bundan sonra isə mənim ailəm daha da genişlənib, seçildiyim dairənin bütün sakinləri mənim ailəm olub. 

Gərgin iş rejiminə alışmışam. Uzun illərdir gərgin iş rejimi ilə işləyirəm. Gördüyüm bütün işlərə böyük məsuliyyət hissi ilə yanaşıram. Əminəm ki, Milli Məclisdəki fəaliyyətimlə seçicilərimin rəğbətini qazanacağam.

 

– Təhsil aldığınız vaxtlarda, ondan sonrakı dövrdə deputat olmaq arzularınız, yaxud hədəfləriniz arasında var idi?

– Düşünürəm ki, hər bir azərbaycanlı gəncin uşaqlıq, tələbəlik illərində deputat olmaq arzusu olur. Mənim də, təbii ki, belə bir arzum olub. Çünki həm xalqa xidmət etmək fürsəti əldə edirsiniz, həm də gənclik xəyallarınızı gerçəkləşdirirsiniz. Bu şərəfli və bir o qədər də məsuliyyətli işdir. Mənim də üzərimə düşən daha çox çalışmaq, səmərəli işlər görməkdir.

 

– Bir deputatın parlament fəaliyyəti təkcə seçicilərin problemlərini qaldırmaq, onların həllinə çalışmaqla kifayətlənmir. Bəs, qanunvericilik və xarici ölkələrdə Azərbaycanı təmsil etmək baxımından hansı planlarınız var?

– Ölkədə və dünyadakı prosesləri yaxından izləmək, qanunvericiliyimizi daha da mükəmməlləşdirmək deputatların, eləcə də, mənim vəzifə öhdəliyimdir. Bir daha vurğulayım ki, Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr idarəsinin rəhbəri olmuşam. Azərbaycanı dünyada təmsil etmək fəaliyyətimin əsas hissəsini təşkil edib, hər zaman amalım olub. 

Eyni zamanda, beynəlxalq təmsilçiliklərim mövcuddur. Avropa Olimpiya Komitəsində Gender Bərabərliyi komissiyasına Azərbaycandan seçilən ilk qadın olmuşam. İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinə 57 İslam dövlətinin arasından həmin təşkilatın tarixində ilk qadın üzv seçilmişəm. 

Bundan sonra da bu istiqamətdə fəaliyyətimi genişləndirmək, Azərbaycanı təmsil etmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, dövlət başçımızın da qeyd etdiyi kimi, bu istiqamətdə çalışmaq hamımızın, eləcə də, mənim əsas amalım olmalıdır.

Ölkəmizi xarici ölkələrdə təmsil etmək baxımından Milli Məclisdə bununla bağlı veriləcək bütün tapşırıqları canla-başla yerinə yetirməyə hazıram. Bundan sonra bu fəaliyyəti genişləndirmək, bu istiqamətdə əzmlə çalışmaq mənim əsas iş fəaliyyətlərimdən biri olacaq.

 

– Hər bir deputat seçildiyi dairə ilə yanaşı, həm də bütün ölkə əhalisini parlamentdə təmsil edən vəkil hesab olunur. Seçicilərinizin və ümumi ölkə əhalisinin problemlərini Milli Məclisdə hansı şəkildə qaldırmağı düşünürsünüz?

– Təbliğat-təşviqat prosesində qapı-qapı gəzərək, hər bir seçicinin problemlərini dinlədik, onlarla birgə həll yollarını axtardıq. Milli Məclisin gündəliyinə uyğun qeyd etdiyim bu məsələləri, əlbəttə ki, səsləndirəcəyəm. Digər deputatlarla söhbətlər, məşvərətlər edirik. Məsələn, elə problemlər var ki, digər deputatlarla söhbətlərimizdə onlar da öz seçiciləri ilə görüşləri zamanı bunlar dilə gətirilib. 

Bunları ümumiləşdirib, daha səmərəli nəticə almaq üçün birgə müzakirəyə çıxaracağımız nüanslar da var. Bildiyiniz kimi, parlament işinə yeni başlayıb, önümüzdəki müddətdə bunların müzakirəyə çıxarılması üçün çalışacağıq.

 

 

– Bəzən parlamentarilər gördüyü işlərdən çox mətbuatda səsləndirdiyi qalmaqallı açıqlamalarla tanınırlar. Bir çoxları isə daha çox iş görür, lakin mətbuata qapalı deputat kimi yaddaşda qalır. Sizcə, deputat mətbuatla əlaqələrini necə qurmalıdır?

– Mən mətbuata açıq insanam. Deputatlıq fəaliyyətim zamanı da bu, dəyişməyəcək. Ümid edirəm ki, mətbuatla sıx əlaqələr qurub, birgə fəaliyyətimizdə daha müvəffəq ola bilərik. Mətbuat da, deputatlar da cəmiyyətin sözçüləridir. Bu baxımdan, mətbuatla əl-ələ fəaliyyət daha səmərəli olar.

Bunu da demək istərdim ki, bizim əsas hədəfimiz keyfiyyətli iş görməkdir. Hər gördüyüm işin mətbuatda tirajlanmasını doğru saymıram. Əsas odur, səmərəli nəticə əldə edilsin.

 

– 2009-cu ildən Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbərisiniz. Hər zaman gənclərlə işləmisiniz. Milli Məclis fəaliyyətinizdə Azərbaycan gəncliyi, həmçinin, idman sahəsinin inkişafı üçün hansısa təklifləriniz olacaqmı?

– Əlbəttə ki, gənc olduğum üçün gənclərin problemlərinin böyük qismini bilirəm, onların nə istədiklərindən xəbərdaram. Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü olmağımı bu sahədə daha sıx fəaliyyətim üçün yaxşı fürsət hesab edirəm. Bununla bağlı proqramım mövcuddur və üzv olduğum komitədə bu məsələlərlə bağlı təkliflərim olacaq.

 

– Artıq Milli Məclisin deputatısınız. Seçicilərinizə və ölkə əhalisinə deyiləcək sözünüz var?

– Seçicilərimə və Azərbaycan xalqına bir daha təşəkkür edirəm. Fəaliyyətimin əsas istiqaməti dövlətimizin, xalqımızın və seçicilərimin rifahı üçün əlimdən gələni etmək olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi