Modern.az

Koronavirus aqrar sahəyə də ziyan vurub - Deputat

Koronavirus aqrar sahəyə də ziyan vurub - Deputat

24 Mart 2020, 18:14

Bütün ölkələrin iqtisadi gücünü sarsıdan koronavirus pandemiyası ölkə iqtisadiyyatına da təsirsiz ötüşmür. Təhlükənin artmasının özü ilə gətirdiyi narahatlıq və təşvişə uyğun olaraq atılan addımlar təbii olaraq məhsuldarlığı da aşağı salır.

Qeyri-neft sektorunda xüsusi paya malik olan aqrar sahə, ələlxüsus da kənd təsərrüfatı ziyan görən sahələrdəndir.

Bəs bu sektorda çalışanların işdən uzaqlaşmaması, məhsuldarlığın aşağı düşməsinin qarşısını almaq üçün hansı tədbirlər görmək olar?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev bu sahədə işin dayandırılmaması üçün dövlət tərəfindən müəyyən addımların atıldığını qeyd edib:


“Özüm Ağcabədidəyəm. Dünən də, bu gün də bir neçə sahibkarla əlaqə saxladım, görüşdüm. Bu, elə bir bəladır ki, ölkənin iqtisadiyyatına, insanların şəxsi həyatına, digər tərəfdən aqrar sahəyə də ziyan vurub. Ancaq yenə də bu işlərin dayandırılmaması üçün rayon icra hakimiyyəti, müvafiq orqanlar tədbirlər görür. Çünki insanlar artıq əkməlidir, biçməlidir”.

Deputat onu da qeyd edib ki, koronavirus səbəbindən bu sahədə əvvəlki ahəng olmasa da, işlər davam edir:

“İnsanlar hazırda müəyyən işləri görürlər. Bir müddətdən sonra pambıq səpininə başlanılacaq. Yerlər malalanır, səpinə hazırlanır, çiyid tədarük edilir, zəmilərə gübrələr verilir.

Kim ki sağlamdır, özünü yaxşı hiss edir, əlbəttə ki, işinin başındadır. Sözsüz ki, koronavirus ölkə iqtisadiyyatına olduğu kimi aqrar sahəyə də müəyyən ziyan vuracaq. Amma arxayın olub, bütün işləri buraxmaq olmaz. Artıq ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlər əsasında işlər nizamlanıb, yerli icra orqanları da öz işlərini görürlər.

Bu gün Ağcəbədidə tibb işçiləri minlərlə ailələrdə olub, onlara müəyyən təlimatlar veriblər. Baxırlar, müəyyən insanlar sağlamdırsa, onlar işləyə, öz təsərrüfatları ilə məşğul ola bilərlər. Ancaq bir-birinə yaxın təmasdan qaçınmaq, qoruyucu vasitələrdən istifadə etmək kimi ümumi qaydalar rayonda da tətbiq olunur”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?