Modern.az

Bakının məşhur qonaqları: Mir Mövsüm ağa ziyarətgahına gələn Pyer Rişar qara kürü ilə yola salındı... - FOTOLAR

Bakının məşhur qonaqları: Mir Mövsüm ağa ziyarətgahına gələn Pyer Rişar qara kürü ilə yola salındı... - FOTOLAR

Reportaj

14 Aprel 2020, 08:20

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır. 

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 

Modern.az saytı məşhurların Bakı səfəri haqqında silsilə məqalələri davam etdirir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib?..


Budəfəki yazımızda Fransanın məşhur kinoaktyor və rejissoru Pyer Rişarın Bakıya gəlişindən bəhs edirik.

Xatırladaq ki, dünyaca tanınmış aktyor, milyonların sevimlisi, komik rolların usta ifaçısı Pyer Rişar bu ilin avqustunda 86 yaşını qeyd edəcək. 

Bəxti gətirməyən uşaq...


Pyer Rişar 1934-cü il avqustun 16-da Fransanın Valanasyen şəhərində toxuculuq sənayeçisinin ailəsində dünyaya gəlib. Pyerin atası oğlunun 3 yaşı olanda arvadından ayrılıb. Uşaq baxımsız qalmasın deyə, onu Fransanın şimalında yaşayan ata babasının himayəsinə veriblər.
Babası zadəgan nəslindən olmasına baxmayaraq, nəvəsini təhsil almaq üçün fəhlə balalarının oxuduğu adi pansionata göndərib.
Gələcək aktyorun ana babası isə sadə dənizçi idi və Pyer həftəsonları balıq tutmaq üçün onun yanına qaçırmış. Məhz ana babası Pyeri aktyor olmağa həvəsləndirmişdi. Ana babası Pyerin gələcəkdə uğur qazanacağı, məşhir adam olacağı haqda proqnoz da vermişdi.

Yetkinlik yaşına çatdıqdan sonra Pyer Rişar dram kurslarına yazılmaq üçün Parisə gedir. Ata babası isə buna qarşı olduğundan Pyer ailəsi ilə əlaqələri kəsir.

Parisdə o, Şarl Dyüllenin məşhur dram kurslarına daxil olamağı bacarır. Ancaq teatrda bəxti gətirmir, Pyerə həmişə ikinci dərəcəli rollar verilirdi.

Pyer Rişar isə pul qazanmalı idi və o, yaxşı rəqs etməyi, saksafonda çalmağı bacardığından kafe-barların, adi kabaretlərin və nüfuzlu musiqi salonlarının səhnələrində çıxış etməli olur.

1967-ci ilədək heç bir teatrda bəxti gətirməyib, ona hər zaman ikinci plandakı rollar verilib. Nəhayət rejissor İv Rober onu hündür sarışın kişi rollarının ifası üçün filmlərə dəvət edir. Və Pyer bir neçə filmdə gah epizodik, gah da kütləvi səhnələrdə çəkilir. O, öz istedadını göstərmək üçün az qala dəridən-qabıqdan çıxırdı. Rejissorlar isə sanki Pyerin istedadını görmürdülər.

Şöhrətə çox gec çatıb


Pyer Rişar kinoda şöhrətə çox gec çatıb. 70-ci illərin ortalarında – 40 yaşı ərəfəsində kinoulduz ola bildi. 
O, 1976-cı ildə rejissor Fransis Veberin dəvəti ilə “Oyuncaq” filmində çəkilir. Məhz bu rejissorla işbirliyi Pyerə uğur gətirir... Aktyor bu gün də çəkildiyi filmlər arasında ən çox “Oyuncaq” filmini sevdiyini söyləyir.

1981-ci ildə rejissor Fransis Veber “Bəxti gətirməyənlər” filmini çəkməklə iki məşhurun - Pyer Rişar və Jerar Depardye duetinin yaranmasına səbəb oldu. Bu film böyük gəlir gətirdiyindən rejissor “Pyer Rişar və Jerar Depardye dueti”nə özünün daha iki filmində də yer verdi – “Atalar” və “Qaçqınlar”. Bu ekran əsərləri də dünya ölkələrinin kinoteatrlarında böyük uğur qazandı.
Pyer Rişar və Jerar Depardye isə kinoda olduğu kimi, həyatda da dost olaraq qaldılar.

Pyer Rişar 1996-cı ildə gürcü rejissoru Nana Corcadzenin “Sevən aşpazın min bir resepti” siyasi komediya filmində də rol alıb və bu filmdə iştirakına görə o, Karlavı Varı kinofestivalında “ən yaxşı kişi aktyor” adına layiq görülüb. 

Hazırda o, film istehsalı və yayılması ilə, məşğul olan “Fidelin Film” şirkətinə sahibdir.

Şəxsi kinostudiya ilə yanaşı Pyer Rişar dostu Jerar Depardyenin məsləhəti ilə 1986-cı ildə Fransanın cənubunda 20 hektar üzüm bağı alıb. Burada hər il istehsal edilən 10 minlərlə şərab dolu şüşə Fransa və Belçika restoranlarına satılır.


Qadınlar sarıdan bəxti gətirib


Yaraşıqlı olmasa da, Pyerin bəxti qadınlar sarıdan həmişə gətirib. O, 4 dəfə evlənib.

Birinci arvadı balerina Daniel Minadzolli ilə 1970-ci ildə evlənib və bu nikahdan iki oğlu dünyaya gəlib. Cütlük 12 ildən sonra ayrılsa da, aktyor oğlanlarına qayğını əsirgəməyib və bu gün də onlarla yaxşı münasibət saxlayır. Onun hər iki oğlu musiqiçidir: saksafonçu Olivier Defe və kontrabasçı Kristof Defe.

İkinci arvadı aktrisa Muriel Dubrol olub. Amma Pyer özü Muriel Dubrolla eşq macərasını evlilik saymır, çünki onlar rəsmi nikaha da girməyiblər.

Pyerdən 34 yaş cavan olan mərakeşli Aişa isə onun üçüncü arvadı olub.


Dördüncü arvadı isə qızı yaşda olan braziliyalı top-model Seyladır. “Seyla ilə 25 il əvvəl  tanış olmuşam. O, həmin vaxt model işləyirdi və fotosessiyaya gəlmişdi. Seylanın gülüşünə nail olmaq üçün həyatımın ən yaxşırolunu oynadım. Qadını yumorla yoldan çıxardım”,-deyə P.Rişar mətbuata müsahibələrinin birində özündən 25 yaş kiçik olan sonuncu arvadı ilə tanış olmağından danışarkən bildirib.
Pyer Rişarla birgə yaşamaq istəyi o qədər güclü olub ki, Seyla fotoqraf ərindən ayrılmağı belə göz önünə alıb. Onlar artıq 25 ildən çoxdur ki, bir yerdədirlər…

Pyer Rişarın iki oğlu, 5 nəvəsi var.


Aktyorun Bakı xatirələri: “O kürünü iştahla yedik”


Pyer Rişar 1998-ci ildə Bakıda səfərdə olub. Həmin vaxt o, “Şərq-Qərb” beynəlxalq film festivalında iştirak edib. Bu səfər zamanı fürsət tapıb Bakını gəzən fransız aktyor paytaxtımızı çox sevib, İçərişəhərə baş çəkib, tarici abidələrimizi görüb, Azərbaycan mətbəxinə valeh olub.

2016-cı ildə Moskvada keçirdiyi mətbuat konfransında Bakıya etdiyi səfərə toxunan P.Rişar xatirələrini də bölüşüb.

“Bakıdan söz düşəndə həmişə xatirəmdə orada tanış olduğum səmimi və istiqanlı insanlar canlanır. Bakıya səfərimdə özümü çox yaxşı hiss edirdim”, - deyə o, Azərbaycan paytaxtına gəlişi barədə danışarkən qeyd edib.


Pyer Rişar Bakıdan Fransaya, evinə kürü apardığını da xatırlayıb:

“Fransada kürü çox bahalı nemətdir. Yadımdadır, 20 il əvvəl Bakıya səfərim zamanı orada qara kürünü açıq şəkildə satın almağın mümkün olduğunu görüb təəccüblənmişdim.
Qara kürü və onun satışı ilə məşğul olan adam oteldə məni ziyarətə gəldi. Özü ilə gətirdiyi qara kürü ilə dolu bankaları sanki ucuz paştet verirmiş kimi çantama atdı. Parisdə kürünün qiymətinin çox yüksək olduğunu bildiyimdən onun bu hərəkətinə heyrətlənmişdim. Hələ də xatırlayıram, Parisdəki evimizdə həyat yoldaşımla o kürünü iştahla yedik. Hətta o qədər xoşuna gəlmişdi ki, arvadım kürünü böyük qaşıqla yedi. Bakını sevməmək mümkün deyil".


Yeri gəlmişkən, Pyer Rişar 1998-ci ildə Bakıda olarkən Mir Mövsüm ağa ziyarətgahına da gedib. Bu barədə Modern.az saytına Mir Mövsüm ağa ziyarətgahının rəhbərliyi məlumat verib.

Nəvəsi də Bakıya gəlməliydi, koronavirus mane oldu...


Pyer Rişarın nəvəsi Mey Defays elə bu günlərdə Bakıya gəlməliydi. O, 2020-ci il aprelin 5-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində çıxış etməliydi.

Müğənni bakılı dinləyicilərə məşhur caz kompozisiyalarının daxil edildiyi konsert proqramı  təqdim etməyi plamlaşdırmışdı.
2016-cı ildə M.Defays ilk "The Shelter" albomunu buraxıb və müxtəlif ölkələrdə populyarlıq qazanıb. 2019-cu ildə "Next Time" sinqlını təqdim edib. Defays XXI əsrin ən istedadlı caz ifaçıları sırasına daxildir. 

Ancaq son vaxtlar dünyanı cənginə alan koronavirus pandemiyası Pyer Rişarın nəvəsinin Bakı səfərini əngəllədi... Bu səfərin reallaşıb-reallaşmayacağı isə hələ ki məlum deyil...


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi