Modern.az

“İgid əsgər” mahnısının həsr edildiyi Milli Qəhrəmanın ANIM GÜNÜDÜR - VİDEO

“İgid əsgər” mahnısının həsr edildiyi Milli Qəhrəmanın ANIM GÜNÜDÜR - VİDEO

19 Fevral 2021, 09:25

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin anım günüdür.

Modern.az-ın məlumatına görə, Mirzəyev Yusif Əli oğlu 23 may 1958-ci ildə Naxçıvan MR Babək rayonu Böyükdüz kəndində anadan olub. 1975-ci ildə 1 saylı Naxçıvan orta məktəbini bitirib, hərbi xidmətə yollanıb. Qayıdandan sonra isə Naxçıvan Rabitə Qovşağında əmək fəaliyyətinə başlayıb. İşləyə-işləyə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) ali təhsil alır. 1987-ci ildə həmin institutun mühasibatlıq fakültəsini bitirir və Bakıdakı bankların birində müfəttiş vəzifəsinə təyin edilir.

1988-ci illərdə Xalq Hərəkatına qoşulub. 1990-cı il 20 Yanvar faciəsi zamanı xalq etirazlarına qoşulduğu üçün Bakı şəhər komendantı tərəfindən həbs edilir. Həbsdə işgəncələrə məruz qaldığından böyrəyi zədələnir. O, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. Yusif 14 nəfərlik dəstəsi ilə çoxlu əməliyyatda iştirak edib, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edib.


Böyrəklərindəki ağrı əziyyət verdiyindən bir müddət müalicə almağa məcbur olur. Xəstəxanada o, tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı ilə bir palatada müalicə alır. Bir gün onları müalicə edən həkim Şahin Musaoğlu hərbi mahnı yazır. Mahnını çox bəyənən Yusif, Şəmistan Əlizamanlıdan bu mahnını nə vaxtsa ifa etməyi xahiş edir. Şəmistan isə bu mahnını mütləq oxuyacağına və ona həsr edəcəyinə söz verir. Söhbət sözləri və musiqisi Şahin Musaoğluna məxsus olan və çox spnralar- 1995-ci ildə yayımlanan “İgid əsgər” mahnısından gedir.

Yusif bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanır. Bakıda ona müxtəlif vəzifələr təklif olunsa da, bununla razılaşmır.

"Bilirəm canım əldən gedir, ancaq vətən də əldən gedir".

1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub. Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvan şəhərində orta məktəblərdən biri və Bakının 44 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.

Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Ailəli idi, bir qız övladı var. 

"Mən atamın üzünü heç vaxt görməmişəm. İki yaşım olanda atam müharibəyə gedib, altı yaşım olanda da şəhid olub. Amma həmişə içimdə belə bir hiss olub ki, sanki mən onu görmüşəm, tanımışam, sonra itirmişəm. Atamı yuxularımda da tez-tez görürəm. Toyum olanda o, yuxuda mənə xeyir-dua vermişdi. Bunu dəqiq xatırlayıram. Tək qalanda, köməyə ehtiyacım olanda həmişə atamı arzulamışam, onu axtarmışam. Mənə elə gəlir ki, atasız insan sıradan, adi bir insandır. Atasızlığın ağrısını çox yaşamışam. Hərdən ondan inciyirəm də. Fikirləşirəm ki, nə olur olsun, kaş ki, məni qoyub getməyəydi. Bibilərim ondan danışanda, elə bilirəm məndən bəhs edirlər. Xasiyyətimizdə oxşarlıqlar çoxdur. Hiss edirəm ki, yenilməzlikdə, inadkarlıqda, prinsipiallıqda ona bənzəmişəm. Amma bütün hallarda mən atamı daha çox şəkillərdən görüb tanımışam”,- deyə Yusif Mirzəyevin qızı Nurlana atası haqda danışarkən bildirib.

 
Qızı Nurlana övladına onun adını verib. İndi şəhid Milli Qəhrəmanın adını nəvəsi Yusif yaşadır.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir