Modern.az

“Azərbaycana dil uzadanlar layiqli cəzalarını alacaqlar” - DEPUTATLARDAN REAKSİYA

“Azərbaycana dil uzadanlar layiqli cəzalarını alacaqlar” - DEPUTATLARDAN REAKSİYA

Parlament

27 May 2020, 20:17

Mayın 26-da "Ramil Səfərov işi" ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi qərarını elan edib. Qərara Azərbaycandan reaksiyalar birmənalı olmayıb.
Məhkəmənin qərarına münasibət bildirən Milli Məclisin deputatları son zamanlarda ermənilərin informasiya müharibəsində daha da aktivləşdiyini qeyd ediblər.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a açıqlamasında qeyd edib ki, erməni təxribatçıları bu və ya digər məsələlərlə bağlı yalan, böhtan və həqiqəti əks etdirməyən məsələləri dünyaya çatdırırlar:
“Əsas hədəf hər zaman olduğu kimi Azərbaycan cəmiyyətini qıcıqlandırmaq, qeyri-düzgün fikir formalaşdırmaqdır. Bu informasiya müharibəsidir. Hesab edirəm ki, erməni informasiya vasitələrində qeyd edilmiş fikirləri, məlumatları şərh etmək qətiyyən düzgün deyil. İndiki məqamda həmin məlumatların içərisində artıq düzgün olmayan, Ermənistanın məqsədlərinə xidmət edən məqamlar mövcuddur. Daha yaxşı mənbədən məlumatları dəqiqləşdirib, şərh etmək yaxşı olardı.
Ramil Səfərovla bağlı məqamları emənilərin yaydığı təxribat xarakterli məlumatlardan deyil, Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi sənədlərdən götürüb, təhlil etmək, Azərbaycan ictimaiyyətinə düzgün məlumat çatdırmaq vacibdir. Məhkəmənin mətbuat üçün yayımlanan press-relizində rədd olunmuş və xüsusi ayrıca fikir kimi ümumi qəbul olunmuş qərara portuqaliyalı hakimin mövqeyini diqqətlə oxusanız, görərsiniz ki, Ermənistan iddia etdiyi əsas məsələlər Avropa İnsan Haqları Məhkəməsi tərəfindən tamamilə rədd edilib. Hesab edirəm ki, bu Azərbaycanın xarici siyasətinin nəticəsidir”.

 
Milli Məclisin vitse-spikeri Adil Əliyev isə Ermənistanın Ramil Səfərova qarşı açdığı məhkəmə davası və bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı haqqında bunları qeyd edib:
"Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı Azərbaycan üçün əhəmiyyət kəsb etmir. Azərbaycana və Macarıstana qarşı iddia qaldıran Ermənistanın bu addımı arxadan atılan daşa bənzəyir. Ramil Səfərov 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya olunub, üstündən 8 il keçsə də, ermənilərin “hirsi” soyumayıb.
Ramil Səfərov Azərbaycanın fəxri oğludur. Onun yerində hansı soydaşımız olsaydı, Azərbaycan bayrağını təhqir edəni cəzalandırardı. Ermənistan hakimiyyəti hansı haqla Ramil Səfərovun işi üzrə maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir?
Ramil Səfərov 8 il Macarıstan həbsxanasında yatıb, Azərbaycana ekstradisiya olunub və dövlət başçısı İlham Əliyevin qərarı ilə əfv edilib. Bəlkə ermənilər düşünürdülər ki, Macarıstanda 8 il həbs həyatı yaşayan Ramil Səfərov ömrünün qalan hissəsini də vətənində həbsdə yatmalı idi? Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı separatçılar onu qara-qara düşünsünlər ki, törətdikləri cinayətlərə, işğala, qətliamlara və soyqırımlara görə cavab verməli olacaqlar. Digər tərəfdən, həmin Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ildə “Çıraqovlar və digərləri Ermənistana qarşı” qərarı var. Həmin qərara görə Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyəti təsbit olunub. Bu, Azərbaycan torpaqlarının işğalının, yəni cinayətin rəsmən təsdiqidir. Avropa İnsan Hüquqları Məhkəməsindən “ədalət” tələb edən Ermənistan eyni təşkilatın bir başqa vacib qərarını yerinə yetirmək – işğala və bir milyondan artıq soydaşımızın hüquqlarının pozuntusuna son qoymaq istəmir. Ona görə də Ermənistan hakimiyyətinin Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur. Özü də Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın əsas istəyini yerinə yetirməyib. Birincisi, Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. İkincisi, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia rədd edilib. Azərbaycana, onun bayrağına və məmləkətimizin layiqli övladına dil uzadanlar layiqli cavablarını alıblar və bundan sonra da alacaqlar".

 


Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin  üzvü Asim Mollazadənin fikrincə, Ermənistan və dünyada fəaliyyət göstərən erməni təşkilatları Avropa İnsan Haqları Məhkəməsində istədiklərinə nail ola bilmədilər:
“Ermənilər sırf Azərbaycan dövlətini ittiham etmək istəyirdilər. Bu onu göstərir ki, dünyada bizə qarşı çox ciddi informasiya müharibəsi aparırlar. Onların əsas məqsədi Azərbaycan xalqını, dövlətini əsassız iddialarla ittiham edərək, torpaqlarımızı həmişəlik qoparmaqdır. Lobbi təşkilatları siyasi korrupsiya mühitindən istifadə edərək bu fəaliyyəti hər bir istiqamətdə bizə qarşı aparırlar. İnformasiya müharibəsində də biz səngərdə olduğu kimi gücümüzü səfərbər etməliyik və yeni təxribatlara da hazır olmalıyıq.


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın xeyrinə olan bir çox sənəd var. BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurası Parlament Assambleyasının qətnaməsi, Avropa Parlamentinin  qətnaməsi və s. buna nümunədir. Əslində hüququn aliliyini müdafiə edən bütün beynəlxalq təşkilatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzünü, bunun yaratdığı humanitar faciəni, etnik təmizləmələri, qaçqın və məcburi-köçkün problemini bilirlər. Ona görə, xarici ölkələrdə faliyyət göstərən erməni təşkilatları hər gün ölkəmizə qarşı informasiya müharibəsini aparırlar. Buna çox ciddi yanaşmalıyıq. Ermənilərin törətdikləri cinayətləri dünyaya nümayiş etdirməliyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir