Modern.az

Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam edir - FOTO

Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam edir - FOTO

Aktual

2 İyun 2020, 16:47

Qədim tarixə və böyük sənaye potensialına malik Gəncə şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə uğurla davam etdirilir. Şəhərdə yeni içməli su və kanalizasiya infrastrukturlarının yaradılması Azərbaycan Hökumətinin Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi layihə çərçivəsində  həyata keçirilir. 

Gəncə şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarının ehtiyatlarından istifadə olunması qərara alınıb. Bu məqsədlə ötən müddətdə Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb. Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib. Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12  min  kubmetr  olan 3 su anbarı, 11 km magistral su xətləri inşa edilib. Ötən müddətdə Göygöl və Qızılqaya mənbələrindən şəhərə suyun verilməsi təmin edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi bu ilin martında istismara verilmiş Şəmkirçay sutəmizləyici qurğusu hesabına təmin olunur. Məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğudan şəhərə suyun verilməsi üçün ötən müddətdə 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri tikilib. Gəncə şəhərinin böyüklüyü nəzərə alınaraq içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir. Hazırda icra olunan 4-cü mərhələ çərçivəsində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması və sayğaclaşma işləri  davam etdirilir. Bu mərhələdə inşası nəzərdə tutulan 307 km su şəbəkəsinin 272 km-i, 185 km kanalizasiya şəbəkəsinin 165 km-i, 22 km magistral su xəttinin 20 km-i, 56 km kanalizasiya kollektorunun 51 km-i inşa edilib. Bu mərhələ çərçivəsində işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da şəhər şəbəkəsinin 40 faizinin yenidən qurulması təmin ediləcək. 

Ümumilikdə, Gəncə şəhərində 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin yaradılması nəzərdə tutulur. Şəbəkənin qalan hissəsinin tikintisi növbəti mərhələlərdə həyata keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir