Modern.az

Mən koronavirusa necə YOLUXDUM…

Mən koronavirusa necə YOLUXDUM…

Mədəni̇yyət

26 İyun 2020, 21:52

Xaqani Səfərov


Dostlar, COVID-19 testimin nəticəsi pozitiv çıxdı. Son 14 gündür bu xəstəliklə mübarizə aparıram. Evdə anam, yoldaşım və iki azyaşlı qızımda da virus pozitiv çıxdı. İndi hamımız yaxşıyıq. Bu xəstəlik müddətində müşahidə etdiyim bir necə məsələni paylaşmaq istədim. Bəlkə faydalı olar.

1) Virus kimdən keçdi?

Dost-tanış soruşur ki, virus kimdən keçdi, necə keçdi? Cavab çox sadədir. Bu xəstəliyə tutulanlar kobud dildə desək iki hissəyə bölünür.

A) Yüngül keçirənlər (adətən 2 gün yüngül qızdırmaları olur, sonra halları yaxşılaşır. Qoxu bilmə, dad bilmə itir. Amma ruhiyyələri yaxşı olur)

B) Ağır keçirənlər (ağır qızdırma - 38-39 dərəcə, ağciyərdə problemlər, ağır öskürək və s. )

Hamı fikirləşir ki, B-lər təhlükəlidir. Əslində onların hallarının pisləşməsi nə qədər pis olsa da xəstəxanada müalicə alırlar. Özlərini təcrid edirlər. Ona görə də başqalarına keçirmirlər.
Fikrimcə virusun ən təhlükəli daşıyıcıları A qrupuna məxsus olanlardır. Təsəvvür edin iki gün yüngül qızdırmadan sonra halı yaxşılaşan Covid19 daşıyıcısı xəstə “yaxşıyam” deyib küçəyə çıxır. (test elətdirmədiyi üçün Koronavirus daşıyıcısı olduğunu bilmir) Beləliklə, ətrafında, işdə, qonşuda kim var 14-21 gün arası virus yaymaqla məşqul olur. Bir adamın gün ərzində 50-60 adama yaydığını düşünsək A qrupundakı xəstə 21 günə 1000 dən çox adama xəstəliyi yaymış olur. O 1000 adamın 200-ü B, 800-ü A qrupuna aid olur və beləliklə B-lər xəstəxanaları doldurur, A-lar isə yayılma sayını sürətlə artırır.
Mənə də A qrupundakı bir nəfər keçirib. Məsələn mən də qızdırmam qalxan kimi test etdirməsəydim, 2 günə ayağa durub ərtafımdakı insanlara yayacaqdım. Sonra eşidəcəkdim ki, keçirdiyim Əhməddə də pozitiv çıxdı. Deyəcəkdim ki, vay Əhməddə pozitivdir ona yaxşınlaşmayım mənə də keçər. Halbuki, mən ona keçirmişəm.

2) Necə müalicə alıram?

Bizim hamımızı xəstəxanaya yerləşdirmək üçün gəlmişdilər. Sadəcə yüngül olduğumuz üçün imtina verdik və evdə qaldıq. Ancaq anam risk qrupunda olduğu üçün Atletlər kəndinə göndərdik. Biz özümü təcrid etmişik. Heç bir yerə çıxmırıq. Uşaqlar üçün bir həkim tutmuşuq gəlib bəzi dərman və s. edir. Bu xəstəliyin müalicəsi yoxdur. Sadəcə yaxşı immunitet olmalıdır. İnsanın iştahası kəsilir, dadbilmə, qoxubilmə gedir. Ona görə bəzi dəstəkləyici dərmanlarla iştahanı açmaq, bol vitamin, meyvə yemək lazımdır. Xəstəxanada olanlar da bunlar edilir. Vəziyyəti çox ağır olanlar isə ciddi tibbi müdaxilələr edirlər.

3) Evdə yemək məsələsini necə edirəm?

Xəstə olandan çölə çıxmırıq. Ancaq ev şəraitində qalmışıq. Dostlar, qohumlar sağolsun, məni tək qoymayıblar. Nə lazım olsa alıb gətirib qapıya qoyub gedirlər. Kim bilirsə zəng vurub nəsə kömək təklif edir. Bu müddət ərzində o qədər sevgi gördüm ki, adam lap xəstələnmək istəyir
Nə lazım olsa bir zəngimə gətirirlər. Onların haqqların necə ödəyəcəm bilmirəm.

4) TƏBİB necə işləyir?

Açığı deyim ki, bu proses vaxtı iki sey gördüm.

Əvvəlcə deyim ki, 103 xidmətinə nə zaman yığdıqsa telefonu götürdülər, xoş münasibət görüdük. Bizə gələn təcili tibbi yardım əməkdaşları da əllərindən gələni edirdilər. Yəni insan olaraq bu prosesdə həkimlərimiz çox fədakarlıq edir. Mən 14 gündür bu işin içindəyəm və həqiqətən də bu fədakarlığın şahidiyəm.

Ancaq TƏBİB tərəfindən çox ciddi menecment və şəriştə problem var. Müşahidə etdiyim odur ki, həqiqətən əllərindən gələni etmək istəyirlər, ancaq menecment problemi var deyə yaxşı alınmır. Bununla bağlı 3 nöqtə qeyd edəcəm.
Bayaq dedim, ölkənin 103 xidməti çox yaxşı qurulub. Ancaq eyni şeyi TƏBİB-in koronavirus qaynar xətti ilə bağlı demək olmaz. Nə zaman yığdıqsa sırada 35-cidən aşağı deyildik. Yəni bu həssas dönəmdə bunu daha yaxşı qurmaq lazımdır fikrimcə. İlk 2-3 gün ailədə hamıda çıxanda bizim dərdimizi deyəsi bir adam tapa bilmədik. Ancaq şəxsi əlaqələrimizlə tapdığımız həkimlər kömək oldu. Əslində o 2-3 gündə TƏBİB-in qaynar xətti bizə 2-3 həkim məsləhəti versəydi məsələ bitmişdi.
Bundan başqa təsəvvür edin mənim qızdırmam qalxmışdı. Təcili yardıma zəng vurduq gəldi. Məni test etdilər. Dedim, evdəkiləri də edin, ümumi nəticələri bilək. Dedilər bizə tapşırıblar ki, qızdırması olmayanı test etməyək. Cavab 3 günə çıxdı. Bu 3 gündə özümü nə qədər təcrid etsəm də evdə hamının qızdırması qalxdı. Və hamı xəstələndi. Bir də gəlib onları test etdilər. TƏBİB fikirləşir ki, qızdırması olmayan ev sakininin testdi əlavə xərcdir. Ancaq əksinə etməməklə 5 əlavə covid19 xəstəsi qazandı. Biz hamımız xəstəxanaya getsəydik 14-20 gün dövlət bizə testdən daha çox xərc çəkəcəkdi. Yəni TƏBİBin qızdırması olmayan ev əhlini test etməmək qərarı daha məsrəfli yanaşmadır.

Bir də xəstəyə tibbi müdaxilə kifayət qədər gecikir. Deməli, qızdırmamız qalxır, zəng edirik 1 günə gəlib yoxlayırlar, 3 günə çavab çıxır. 2 günə də gəlib aparırıar, 2 günə də apardıqları yerdə reaksiya verirlər. Yəni sənin xəstələnməyinlə aktiv tibbi müdaxilənin olduğu müddət arasındakı vaxt ən yaxşı halda 7-9 gündür. Bu isə xəstəliyin artıq 50%-60 % nin keçdiyi bir dövürdür.
Bayaq da qeyd etdim, ədalət naminə deyirəm, prosesdə nəsə edilməsi, can yandırılması açıq aşkar görsənir. Yəni yuxarıda sadaladıqlarım səhlənkarlıq deyil, ancaq ciddi menecment və səriştə probeminin nəticəsidir. Bununla bağlı daha geniş fikirlərim var. Əlaqədar qrumlar üçün maraqlı olsa əlimdən gələn dəstəyi verməyə hazıram.

5) Necə Qorunaq?

Mümkün qədər məsafə saxlamaq və qorunmaq lazımdır. İnanmaq və ya inanmamaq məsələsi deyil.
Mənə adi maskalarda nəfəs salmaq çətin gəlirdi. Ancaq xəstəlik müddətində n95 maskalarının daha rahat olduğunu gördüm. Ondan istifadə edə bilərsiz. Bol meyvə yeyin. Vitamin depolayın, immuniteti güclü saxlayın və hamıdan şübhələnin. Çünki, əvvəldə də dediyim ki, hamı passiv daşıyıcı ola bilər. Ən çox sevdiyiniz dostunuz da, qardaşınız da, bacınız da.
Və sonda

Qızdırmanız 37 olan kimi mütləq 103 ə zəng edin. Test elətdirin.

Sonda QEYD:

Koronavirus prosesinin nə zaman bitəcəyi bilinmir. Əhval-ruhiyyəni pozitiv saxlamaq lazımdır. Mənə virusun pozitiv olduğunu deyən xanımla o qədər pozitiv danışdım ki, xanım dedi ki, siz mənə motivasiya verdiniz. Bizi ayaqda saxlayan əhvalımızdır. Yaxşı düşünək yaxşı olsun.

Özünüzü qoruyun əzizlər. Qısa zamanda sizə virusa qalib gəlmə xəbərimi verəcəm. 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır