Modern.az

Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək

Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək

8 İyul 2020, 21:46

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi yeni layihənin icrasına başlayıb.

 

Bu barədə Modern.az-a məlumat verən təşkilatın rəhbəri Xalid Kazımov deyir ki, layihə çərçivəsində əhalinin sosial cəhətdən həssas qruplarına pulsuz hüquqi konsultasiya xidməti göstəriləcək: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyimiz  “Regionlarda əhalinin sosial cəhətdən həssas qruplarına hüquqi yardım göstərilməsi” layihəsi 4 ay müddətində icra olunacaq. COVİD-19 pandemiyası dövründə əhalinin aztəminatlı hissəsinə onlayn hüquqi xidmət göstərilməsi nəzərdə tutulur. Bundan əvvəl də  təşkilat respublikamızda koronavirusla mübarizə istiqamətində görülən işlərə öz dəstəyini verib. COVİD-19 pandemiyasına qarşı tədbirlərin başladığı müddət ərzində təşkilat “facebook”, “instagram” səhifəsi vasitəsi, “WhatsApp” və  “Qaynar xətt”  nömrəsinə müraciət edən vətəndaşlara hüquqi yardım göstərib.  Həmçinin, imkansız və gündəlik ərzaqa ehtiyacı olan tənha və azyaşlı uşaqları olan 4 ailəyə ərzaq yardımı edilməsi üçün köməklik göstərilib. Layihə çərçivəsində vətəndaşların   təşkilatın internet səhifəsi, “facebook”, “instagram” səhifəsi vasitəsi, “WhatsApp” və  “Qaynar xətt” (0702902299) nömrəsinə daxil olan müraciətləri cavablandırılacaq. Həmçinin, ünvanlı sosial yardımın, sosial müavinətlərin  verilməsi, işsiz kimi qeydiyyata düşüb müavinət alma, aztəminatlı sosial qrupların mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün növbəlilik, şəhid ailələri, I, II və III qrup əlillər üçün nəzərdə tutulan sosial sığorta pulunun alınması, “Əmək pensiyaları haqqında” qanunda edilən yeni dəyişikliklər,  pensiyaların təyini, yenidən hesablanması, nikahı pozulan ailələrdə böyüyən uşaqlara aliment təyini, alimentin tutulması, cinayət nəticəsində vurulan ziyanın ödənilməsi, təhsil, səhiyyə, sağlam ətraf mühitdə yaşamaq, əmək, məlumat və informasiya əldə etmək, ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı məlumatlandırma aparılacaq”.

 

X.Kazımov qeyd edib ki, vətəndaşlar təşkilatın bir ildən artıqdır fəaliyyət göstərən “facebook”, “instagram” səhifəsi vasitəsi, “WhatsApp” və  “Qaynar xətt” hesabı vasitəsi ilə əhalinin aztəminatlı, sosial cəhətdən həssas qrupları pulsuz onlayn hüquqi xidmət ala biləcək: “Hər hansı bir əlaqə vasitəsi ilə müraciət edən şəxslərə  hüquqi məsləhət veriləcək, ərizə, şikayət və müraciətləri hazırlanacaq. Aztəminatlı və sosial cəhətdən həssas qruplardan olan şəxslərin məhkəmədə müdafiəsi (İddia ərizəsi, apelyasiya və kasasiya şikayətlərinin yazılması və ehtiyac olduqda müdafiəçi ilə təmin edilməsi) təşkil ediləcək. Hazırlanan sənədlər  birbaşa, e-mail, bu mümkün olmadıqda isə poçt vasitəsilə (Maddi imkansızlıq, azyaşlı uşağı olan analar, təqaüdçülər, fiziki qüsurlu şəxslər, xidmət ofisləri olmayan rayonlardan kənarda  yaşayan və hüquqi yardıma ehtiyacı olan insanlar) vətəndaşlara  çatdırılacaq. Eyni zamanda təşkilatın ofisində vətəndaşların bütün növ elektron müraciətlərinin aidiyyati qurumlara onlayn göndərilməsində onlara köməklik ediləcək. Nəticədə əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarının hüquqi yardıma çıxış imkanları asanlaşacaq”.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir