Modern.az

“Məsləhətləşmələr aparılır”: Nazirlikdən yeni tədris ili AÇIQLAMASI

“Məsləhətləşmələr aparılır”: Nazirlikdən yeni tədris ili AÇIQLAMASI

Təhsil

12 Avqust 2020, 15:40

“Hələlik Təhsil Nazirliyi tərəfindən orta təhsil müəssisələrinə, məktəb direktorlarına yeni tədris ilinin necə təşkili barədə hər hansı təlimat göndərilməyib. Hesab edirəm ki, növbəti mərhələdə təlimatlarla bağlı məlumatlar göndəriləcək”.

Bu fikirləri Modern.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məktəb direktorlarına şagirdlərin dərslərə hansı formada getməsi ilə bağlı iddiaları cavablandırarkən deyib.

 

Nazirliyin sözçüsü bildirib ki, əslində proses çoxdan başlanılıb:

“Ötən həftə təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rektorları və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə onlayın görüşlər keçirib və yeni tədris ilində ali məktəblərdə tədrisin təşkili məsələləri müzakirə olunub. Təbii ki, bu cür görüşlər davam etdiriləcək. Bir çox yerlərdə insanların fikirləri öyrənilir ki, bu da daha təhlükəsiz və  rahat formada COVİD-19-un  təsirinə məruz qalmadan yeni tədris ilinin təşkil edilməsi ilə bağlıdır”.

 

Cəsarət Valehov dünya təcrübəsinin öyrənildiyini də qeyd edib:

“Yaxın və uzaq xarici ölkələrin pandemiya dövründə tədris məsələləri öyrənilir və hər bir məsələ üzərində işlər aparılır. Müxtəlif xarici mütəxəssilərin COVİD-19-la bağlı fikirlərinə diqqət yetirilir. Həmçinin, sanitar-epidemioloji şəraitin yaratdığı yeni reallıqda növbəti müddət ərzində hansı proseslər baş verə bilər?! Bunların hamısı həmkar qurumlarla çox ciddi təhlil olunur. Nazirlik həm Səhiyyə Nazirliyi, həm də Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargaha daxil olan bütün qurumların  üzvləri ilə birgə məsləhətləşmələrdə iştirak edirlər. Güman ki, növbəti həftələrdə qərarlarımızı açıqlayacağıq. Bu, böyük kommunikasiya, təhlil işidir. Bunlar bizdə paralel aparılır”.

 

Sektor müdiri sabah təhsil nazirinin iştirakı ilə baş tutacaq onlayın görüşün detallarını da açıqlayıb:

“Eyni zamanda, sabah onlayn platforma üzərindən böyük müzakirə keçiriləcək. Bütün bölgələri əhatə edən müəllimlər, şagirdlər, hətta, valideynlərlə bu müzakirələrin təşkili nəzərdə tutulub. Cənab nazir də onlayn müzakirələrdə iştirak edəcək”.

 

Ancaq yeni tədris ilinin təşkili və açılışı ilə bağlı təhsil sahəsi ilə məşğul olan insanlardan, bütövlükdə ictimaiyyət nümayəndələrindən fikirlərini sistemləşdirir, təhlil edir, birgə müzakirələr aparırıq. Bu bizə ona görə lazımdır ki, həmin insanlar yeni tədris ilində təhsilimizi hansı formada görmək istəyirlər yaxud da sanitar epidemioloji şəraitin imkanları daxilində bu reallıqlar çərçivəsində tədrisi necə qurmalıyıq? Bu cür təklifəri həm bölgələrimizdən, həm də paytaxt müəllimlərindən, təhsil sahəsində çalışanlardan alırıq. Təbii ki, istər ali, istərsə də orta təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı müxtəlif şərhlər, fikirlər səsləndirilir. Biz də həmin şərhləri müzakirə edirik. Hesab edirik ki qərarların verilməsində bunun böyük rolu olacaq.

 

 

 

 

 

                                                                                            

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir