Modern.az

Şair Qabillə Vilayət Quliyevin Cəbrayıldakı ƏHVALATI

Şair Qabillə Vilayət Quliyevin Cəbrayıldakı ƏHVALATI

23 Avqust 2020, 14:27

Cəbrayılın işğal olunmasının növbəti ildönümüdür.


1988-ci ilin martında hansısa sərxoş sürücü Cəbrayılın ermənilər yaşayan Hərəkül kəndinə gedən yolun üstündəki alaqapını vurub zədələmişdi. Bizim Mərkəzi Komitədə bunu "xalqlar dostluğuna zərbə" hesab edib dərhal rayonda beynəlmiləlçilik mövzusunda söhbətlər aparmaq üçün ziyalı desantı göndərməyi qərara almışdılar.


Üç nəfər idik - xalq şairi Qabil, əslən Cəbrayıldan olan keçmiş müəllimim professor Tofiq Hacıyev (indi hər ikisi haqq dünyadadır, onlara Allahdan rəhmət və şəfqət diləyirəm) və bəndeyi-həqir.


Rayondakı qonaq evi bərbad vəziyyətdə olduğundan Tofiq müəllimin qohumu, rayonun ağsaqqalı və respublikanın hörmətli adamlarından biri sayılan Köçəri Babayevin evinə düşdük. Mərhum Köçəri müəllim özü həmin günlərdə Bakıda idi. Amma gəlişimizdən xəbəri vardı və bizə beş ulduzlu oteldən də yaxşı şərait yaradılmışdı.


Bir neçə görüş keçirib dostluqdan, qardaşlıqdan və s. qırıldatdıq. Görünür, "artıq-əskik" danışacağımızdan ehtiyatlandıqları üçün yanımızda həmişə raykomun bir təlimatçısı ilə DTK rayon şöbəsinin bir əməkdaşı da olurdu. Ermənilərin Sumqayıt fitnəkarlığının üstündən bir ay keçmişdi. Gələcək faciələrin miqyası o vaxtlar heç kimin ağlına gəlməsə də, adamların üzündən qayğılı, narahat olduqları sezilirdi.


Tofiq müəllim bizə çox qarışmırdı. Mən isə Qabilin israrlı təkidləri ilə ona badə yoldaşlığı edirdim və özünün dediyi kimi bütün günü "dəmli samovar kimi" olurduq.


İctimai-siyasi planda heç bir əhəmiyyəti olmayan bu səfər zamanı bir gülməli hadisə də baş verdi.
Şəhər gəzintisi zamanı Cəbrayıl univermağına getdik. Demək olar ki, heç kim yox idi. Bir neçə nəfər xanım satıcı dayanıb söhbət edirdi.


Qabil "Bu qızlar ayın axırında plan verməlidir. Gərək bir şey alasan" deyib kişi paltarları satılan bölmədən mənə Volodarka istehsalı olan müxtəlif şalvarlar, köynəklər və s. gətirdi. Arada da "Bizi biabır eləmə. Aramızda bir bazburuttu adam sənsən" -deyib seçdiyi malları tərifləyirdi. Nə isə, onun təkidi ilə üstümdəki pullar qurtarana qədər sonradan geymədiyim bəzi şeylər alası oldum.


Ən gülməlisi isə Bakıya qayıdandan sonra başlandı. Qabil müəllim məni harada görsə yaxınlaşıb hamının eşidəcəyi səslə "Bu sənə Cəbrayıldan aldığım şalvardır?" yaxud "Pencəkdir?"-deyə soruşurdu.
Sonra da ətrafdakılara bazarlığımızın tarixçəsini danışırdı.


Amma Cəbrayıl işğal olunandan sonra şair bu məsələnin üstünə bir də heç zaman qayıtmadı...

 

Vilayət Quliyev, Azərbaycanın Macarıstandakı səfiri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?