Modern.az

Prezidentin müraciəti və iki mühüm tezis...

Prezidentin müraciəti və iki mühüm tezis...

Parlament

16 Sentyabr 2020, 14:11

Azərbaycan Respublikasının Prezidenti, cənab  İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə müəllimlər, tələbələr, şagirdlərə müraciəti təhsil tariximizdə yeni səhifə açdı.

Ümummili liderimiz Heydər Əliyevin əvəzsiz ideyaları, əsasını qoyduğu nəhəng quruculuq işləri möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir.

Ölkə Prezidentinin təşəbbüsü ilə hazırlanmış və 2013-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası” sənədi təhsilin inkişafına öz töhfələrini vermişdir. Bu mühüm sənədin əsasında  məzmun, müəllim, idarəetmə, infrastruktur və maliyələşmə üzrə islahatlar aparılmışdır.

Prezident İlham Əliyevin Bilik günü münasibətilə müraciəktindəki tezislər təhsilverənlər və təhsilalanlar üçün zamanında edilmiş mühüm çağırışlardır:

“Hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər”.

Prezidentimizin bu çətin dövrdə atdığı əməli addımlar insanları pandemiyadan qorumaqla yanaşı, həm də təhsildə fasiləsizliyi təmin etdi. Təhsilin infrastrukturunun yenilənməsi və yaxşılaşdırılması dövlətimizin əsas prioritetlərindən biridir. Dünya təhsil sistemləri ilə rəqabətdə bu, olduqca mühüm kriteriyadır. Ölkəmizin başçısı hər yeni məktəbin açılışında iştirak edir, infrastrukurla – məktəb şəraiti ilə yaxından tanış olur:

“Məktəb tikintisi ilə bağlı deyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunmuşdur”.

Prezident müraciətində vurğuladı ki, son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib.

“Bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almışdır və yenidən inşa edilmişdir”.


Bu, birmənalı olaraq keyfiyyətli tədris mühitinin genişləndirilməsi deməkdir. Kəndlərdə inşa edilən yeni məktəblər gənc müəllimləri həmin məktəblərdə dərs deməyə cəlb edir. Və illərlədir biz bunun canlı şahidləriyik. Prezidentin vaxtilə söylədiyi iki mühüm tezis öz aktuallığını daim saxlayacaq. Strategiyanın qəbul olunmasında bu tezislərin mühüm rolu olmuşdur.


Birinci tezis: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik.”

İkinci tezis: “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”.


Dövlətimizin başçısının ali təhsil sahəsində imzaladığı sərəncamlar Azərbaycan ali təhsilinin Avropa aAli təhsil sisteminə inteqrasiyasına xidmət edir.


Prezidentin müraciətindən: “İyun ayında Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusu mənim iştirakımla istifadəyə verilmişdir. Bu korpusun sahəsi 22 min kvadratmetrdir. Sentyabr ayında isə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusu. Bu korpusun sahəsi 13 min kvadratmetrdir. ADA-nın yeni iki korpusu istifadəyə verilmişdir və bu korpusların sahəsi 35 min kvadratmetrdir. Beləliklə, cəmi bir il ərzində üç ali məktəbin 70 min kvadratmetr sahəsi olan yeni korpusları tikilib”.

Ali təhsil müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, kadr hazırlığı keyfiyyətinin yaxşılaşdırılmasında Universitet kampuslarının, yeni laboratoriyaların, kitabxanaların qurulmasının rolu əvəzsizdir. Prezidentin Universitetlərin yeni korpuslarının açılışında iştirakı, tələbələrə və professor-müəllim heyətinə yaradıcı stimul verir. Artıq universitetlərin inkişafı ölkənin inkişafında öz sözünü deməkdədir. Ölkə başçısı aparılan islahatlara dəstək verir, mütərəqqi ideyaları ilə islahatların genişlənməsinə yardımçı olur.  

Yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində son illərdə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.  Ölkə Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamı müəllim nüfuzunu artırmış, onlar arasında sağlam rəqabəti və motivasiyanı gücləndirmiş, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olmuşdur.


Prezident İlham Əliyev müraciətində bu məsələyə də toxunmuşdur. “Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Çünki müəllimlərin iş şəraiti yaxşılaşıbdır, müəllimlər gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər, müəllimlərin əməkhaqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar. Əlbəttə ki, bu, gənclərimizin müəllim olmaq istəyini əsaslandırır, eyni zamanda, müəllim peşəsi bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri olmuşdur”.

Ölkəmizin başçısı bütün çıxışlarında müstəqilliyimizi önə çəkməklə vətənimizə olan sevgimizi gücləndirir. Onun bu tarixi müraciətində təhsilverənlərə və təhsilalanlara etdiyi tövsiyələr onlarda ruh yüksəkliyi yaradacaq:

“Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq Azərbaycanı inamla irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da heç vaxt heç kimin təsiri altına düşməyək. Dediyim kimi, burada bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır”.

Müstəqil Respublikamızın yürütdüyü təhsil siyasəti müstəqilliyimizin əbədiliyini daha da möhkəmlədəcək.

Yeni dərs ilimiz mübarək!


Etibar Əliyev,
Milli Məclisin  üzvü

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir