Modern.az

Deputatın toxunulmazlığına 3 gündə xitam verilə bilər

Deputatın toxunulmazlığına 3 gündə xitam verilə bilər

16 Sentyabr 2020, 14:10

Etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə məsuliyyətə cəlb olunmaya bilər.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsində qeyd edilib.

 

Layihədə bildirilib ki, etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə, səmimi peşmanlıq və bu barədə yazılı üzrxahlıq təqdim etdikdə məsuliyyətə cəlb olunmaya bilər.

 

Layihəyə görə, komissiyaya daxil olan müraciətdə (məlumatda) inzibati və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə İntizam Komissiyası bu barədə dərhal Milli Məclisin sədrinə məlumat verir. Milli Məclisin sədri tərəfindən həmin müraciət (məlumat) Azərbaycan Respublikasının Baş Prokuroruna araşdırılması və araşdırmanın nəticəsi barədə Milli Məclisə məlumat verilməsi üçün göndərilir.

Milli Məclisin sədrinin göndərişi əsasında Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi haqqında Baş Prokurorun təqdimatına ən geci 3 iş günü müddətində baxılacaq.
 
 

Həmçinin Milli Məclis sədrinin göndərişi əsasında Milli Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar məsələyə 2 həftə müddətində baxılacaq. Bundan əlavə, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən əsasa görə deputata töhmət verilməsi barədə Milli Məclisin, yaxud onun komitə və komissiyasının iclasına sədrlik edənin təqdimatına 2 həftə ərzində baxılacaq.
 

Qeyd edək ki, layihə sentyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclasında müzakirəyə çıxarılacaq. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir