Modern.az

“Ermənistan son xəbərdarlığımızı nəzərə almadı” - Üç DEPUTAT

“Ermənistan son xəbərdarlığımızı nəzərə almadı” - Üç DEPUTAT

Parlament

28 Sentyabr 2020, 12:43

Sentyabrın 27-si səhər saatlarından cəbhə xəttində başlayan şiddətli döyüşlər nəticəsində Ordumuz işğal altındakı bəzi kəndləri düşməndən azad edib.

Döyüşlərin davam etdiyi bir vaxtda ordumuzun uğurları, cəbhədən gələn xoş xəbərlər bütün xalqın sevincinə səbəb olub.


Cəbhədəki son durum haqqında Modern.az-a danışan Füzuli rayonunun deputatı Vüqar Bayramov hadisələri hazırda elə cəbhədən müşahidə etdiyini bildirib:


“Dünən səhər saat 6-dan etibarən ermənilər hərbi  təcavüzə başladı. Azərbaycan qüvvələri əks-hücuma keçdi. Təxribata layiqli cavab verildi. Həm gün ərzində, həm də 27-sindən 28-ə keçən gecə atışmalar davam etdi. Bu gün səhər saatlarından etibarən erməni silahlı qüvvələri Füzuli rayon sakinlərini, mülki vətandaşlarımızı atəşə tutub, yaralananlar var. Buna baxmayaraq, əhalidə kifayət qədər yüksək əhval-ruhiyyə hökm sürür. Dünən yeddi kəndimizin azad olunması ilə bağlı xəbər vətəndaşlar arasındakı bağlılığı daha da gücləndirib. Ali Baş Komandanımıza olan inam çox yüksəkdir.  Dünəndən etibarən vətəndaşlar yol ətraflarında birləşərək, ordumuza verdikləri dəstəyi nümayiş etdiriblər. Mən də hadisələri yaxından izləyirəm”.         


Deputat bildirib ki, xüsusi sığınacaqlar artıq istifadəyə hazırdır. Vətəndaşlarımızın təhlükəsizliyi tam olaraq təmin edilir:


“Döyüş vəziyyəti ordumuzun nəzarəti altındadır. Ümid edirik ki, onlardan gələcək yeni xoş xəbərlər tezliklə ictimaiyyətə təqdim olunsun”.


Tərtərin deputatı Sahib Alıyev də seçildiyi rayonda, əhalinin yanında olduğunu bildirib:


“Sentyabrın 27-si səhər saatlarından hücuma keçən ermənilər mülki insanlara da atəş açıblar, yaralılarımız var. Cəbhədəki, xüsusilə Tərtərdəki vəziyyətlə bağlı deyə bilərəm ki, intensiv olaraq səhər saatlarına qədər yaşayış məntəqələri atəşə tutulub. Həm mülki evlərə, həm də digər infrastruktura zərər dəyib. İlk gündən etibarən mülki şəxslərə qarşı təxribatlar, atəş davam edir. Lakin Azərbaycan ordusu onlara layiqli cavabını verir, atəş nöqtələri anında susdurulur”.


Əhalinin ruh yüksəkliyindən danışan deputat Tərtər sakinlərinin bu cür vəziyyət qarşısında hazırlıqlı olduğunu vurğulayıb:


“Rayonumuzda əhali bu vəziyyətə adi bir hal kimi baxır. İnsanlar qorxmur, əksinə, hər kəsin simasında sevinc, inam görürəm. Ali Baş Komandanın çıxışı xalqımızda fərəh hissi doğurub. Bu gün cənab İlham Əliyev Azərbaycanın başındadır və buna dayanaraq deyirəm ki düşmən öz cavabını alacaq, ordumuz torpaqlarımızın hər bir qarışını  bir-bir təmizləyəcək”.


Kəlbəcərin deputatı Aqil Məmmədov isə Murovun düşməndən təmizlənməsini böyük bir sevinclə qarşıladığını, doğma torpaqlara qovuşacağımız günü səbirsizliklə gözlədiyini vurğulayıb:


“27 sentyabr Azərbaycan xalqı üçün bayramdır. Azərbaycan xalqı da, ordusu da bu tarixi neçə illərdir həsrətlə gözləyirdi. 27 sentyabr tarixi bizim üçün əlamətdar, qürurverici və sevindirici gün oldu. Azərbaycan ordusu heç bir dövlətdən yardım almadan  torpaqlarımızı azad etmək gücünə malik olduğunu bir daha sübut etdi. Xalqımız dünəni toy-bayram kimi qeyd etdi. Müharibə vəziyyətində olduğumuza görə, təəssüf ki, şəhidlərimiz də var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Böyük ruh yüksəkliyi ilə bütün torpaqlarımızın işğaldan azad olunması xəbərini görləyirik”.


Deputat vurğulayıb ki, Murov dağı ətrafının xüsusi önəmi var:


“İşğal altında olan torpağımızın hər bir qarışı mənim üçün doğmadır, əzizdir. Lakin Murov yüksəkliyinin, Ağdarə-Kəlbəcər yolunun ələ keçirildiyini eşitdiyim an, həddindən artıq sevindim. Ümumiyyətlə, yaxın günlərdə bütün torpaqlarımızın azad edilməsini hamımız istəyirik. Əlbəttə, bunun qısa müddətdə baş verməsini gözləmək çətin məsələ olsa da, hər gün yeni bir şad xəbər gözləyirəm.  Allah bizə Laçında, Kəlbəcərdə rahat oturduğumuz günləri görməyi nəsib eləsin. Ermənistan hökuməti son xəbərdarlıqlarımızı nəzərə almadı və bu gün artıq Azərbaycan ordusu öz sözünü deyir.  Şanlı ordumuza QƏLƏBƏ diləyirəm!”


Aysel Aslan

Fidan Əli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...