Modern.az

Qəhrəmanımızı tanıyaq: Cəbrayılda və Şuşada döyüşən Dima Markov - FOTOLAR

Qəhrəmanımızı tanıyaq: Cəbrayılda və Şuşada döyüşən Dima Markov - FOTOLAR

21 Noyabr 2020, 13:00

Vətənpərvərlik ana laylalarıyla başlayır. Körpə böyüdükcə, onun torpağa, elə-obaya bağlılığı, vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır. Bu ülvi duyğunu bütün qəlbi ilə yaşayan saysız-hesabsız qəhrəmanlarımız var. Hansı ki, öz canlarından, ailələrindən, övladlarından, sevgilərindən vaz keçərək vətən üçün son damla qanlarına qədər vuruşurlar. Onlar üçün vətən o qədər dəyərlidir ki, sözlə ifadə etmək mümkün deyil....

 

Öz cəsurluğu ilə seçilən əsgərlərimizdən biri də İctimai Televiziyanın əməkdaşı Dima Markovdur.

 

Dimanın anası İrina Markov Modern.az-a oğlu haqqında danışıb.

 

- İrina xanım, siz əvvəldən Azərbaycanda yaşamısınız? Dima harada doğulub, boya-başa çatıb?

- Biz uzun əsrlər boyu Azərbaycanda yaşamışıq. Hətta mənim ata babam azərbaycanlıdır - Əsgərov soyadını daşıyır. Bizim damarlarımızda həm azərbaycanlı, həm də rus qanı axır. Oğlum da 1997-ci ildə Bakı şəhərində anadan olub, burada böyüyüb, boya-başa çatıb.


- Sonuncu dəfə nə zaman danışmısınız oğlunuzla?

- Demək olar, hər gün mənə zəng edir, danışırıq. Vəziyyətinin çox yaxşı olduğunu deyir. Səbirsizliklə onun qayıdacağı günü gözləyirəm.


- Oğlunuzun müharibədə iştirak etdiyini bilirdinizmi?

- Səfərbərlik elan olunduqdan sonra, mənə Sumqayıt yaxınlığında olduğunu dedi. Amma mən sonrada bildim ki, müharibə başlayan gündən Dima ön xətdə olub, hərbi əməliyyatlarda iştirak edib. Müharibənin ilk günlərində Cəbrayıl istiqamətində olan döyüşlərdə iştirak edib. Sonra Şuşa ətrafındakı döyüşlərdə vuruşub.


- İndi harada olduğunu deyibmi sizə?

- Hazırda Cəbrayıldakı kəndlərdən birinə qaytarılıb. Onun tezliklə təxlis olunmasını və geri qayıtmasını gözləyirik. Döyüş ruhu çox yüksəkdir, hər zaman torpaqlarımın işğaldan azad olunması arzusunda olub.

­ ­
- Dimanın dəyər verdiyi, sevdiyi biri var idimi?

- Həyatında kiminsə olub-olmadığını bilmirəm, bu barədə mənə heç nə danışmayıb. Amma yəqin ki, gələcək vaxtlarda kimsə olacaq.


- Onun ən böyük arzusu nədir?

- Ən böyük arzusu işğaldan olunmuş ərazilərə, əsasən də Şuşaya əsgər kimi yox, turist və ya mülki bir vətəndaş kimi qayıtmaq istəyir. Hər zaman bizə deyidi ki, inşallah, Şuşa azad olunar, ailəvi oraya istirahətə gedərik.


- Oğlunuz haqqında daha nələr deyə bilərsiniz?

- Hamımız çox böyük səbirsizliklə Dimanı gözləyirik. Dima ilə fəxr edirəm. Ailəlikcə onun üçün hazırlıqlar görmüşük. Təki sağ-salamat qayıtsın...


Mehri QURBAN

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır