Modern.az

Qarabağdakı komandir, ona verilən “zəhəri” nə əcəb görə bilmədi?

Qarabağdakı komandir, ona verilən “zəhəri” nə əcəb görə bilmədi?

Aktual

29 Noyabr 2020, 09:23

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
 

 

Qarabağda yerləşdirilmiş rusiyalı sülhməramlıların bir sıra davranışları Azərbaycan cəmiyyətini haqlı olaraq narahat etməkdə davam edir.

 

Elə dünən Rusiya Müdafiə Nazirliyi, sülhün təmin olunmasına görə “Stepanakert” sakinləri və “Dağlıq Qarabağ administrasiyasının nümayəndələri” minnətdarlıq hissi ilə Rusiya sülhməramlılarının müşahidə məntəqələrini ziyarət edib, hərbçilərə meyvə dəstləri və şirniyyatlar payladığını bildirdi. (Жители Степанакерта поблагодарили российских миротворцев). Hətta erməni mediasında bu “şirinliyin” videosu da yayımlanıb. (Благодарность жителей Нагорного Карабаха в адрес российских миротворцев) (Видео).

 

İndi diqqət edin, birincisi Azərbaycan ərazi bütövlüyü cərçivəsində tanınan Xankəndiyə “Stepanakert” deməyini tutaq ki, karıxıb deyir, bəs bu “Dağlıq Qarabağ administrasiyasının nümayəndələri” nə deməkdir?! İkincisi isə bu boyda ərazini müşayət etməyi bacaran sülhməramlı komandir, ona verilən kiçik bir tortun üstündəki “zəhəri” nə əcəb müşahidə edə bilmədi?

Sözsüz ki, çoxları yaxşı bilir ki, bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər. Onların missiyaları bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhətlər mövcuddur ki, burada birmənalı olaraq sülhməramlılar qərəzsiz və neytral olmalıdır.

Ancaq təəssüf ki, Azərbaycan cəmiyyəti rusiyalı sülhməramlılardan bunu görmür. Onların gözü qarşısında işğalçıların tərk etdikiləri evləri yandırmasına, mövcud infrastrukturu sıradan çıxarmasına və digər özbaşınalıqlarına susub baxmaqları, əksinə, bu vandallara əllərindən gələn yardımları etməsi, Azərbaycan tərəfinə qarşı qərəzli yanaşmanı tam təsdiq edir.

Diqqət edin, bu yaxınlarda Qırmızı Xaç prezidentinin Moskvaya gəlib və Qarabağda həyata keçirilən proqramların planlarını Rusiya tərəfi ilə bölüşməsi, Putinin Rusiyanın BQXK-ya iki milyon avro məbləğində verəcəyi növbəti könüllü töhfənin bu strukturun Dağlıq Qarabağ və ətrafındakı işini asanlaşdırmaq üçün hədəf alınması, rusiyalı sülhməramlıların ermənilərə hərtərəfli humanitar yardım göstərməsi, mülki infrastrukturun bərpasında iştirak etməsi, bunun üçün təcili şəkildə 300 tondan çox tikinti materiallarının Xankəndinə çatdırılması, Azərbaycan cəmiyyətinə sanki, Rusiyanın öz quberniyalarından birində quruculuq işləri ilə məşğul olması kimi görünür.

 

Ancaq, bütün bunları Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova, “Biz bütün tərəfləri humanitar sənədləri siyasiləşdirməməyə, bölgədəki olduqca kəskin humanitar vəziyyət kontekstində böyük tələbat olan işə dərhal başlamağa yönəldirik. Bu, mədəniyyət abidələrinin və dini ziyarətgahların təhlükəsizliyinin təmin edilməsinə, bölgədə dinlərarası, millətlərarası barışığın və harmoniyanın əldə edilməsinə mühüm töhfə olardı”, - deyə, “malalayır”.

 

Maraqlıdır görəsən xanım Zaxarova millətlərarası barışıqdan danışanda öz ölkəsindəki televiziya proqramlarında xalqlararası toqquşmaya təkan verən tok-şoulardan xəbərsizdirmi? Məgər, elə ermənipərəst jurnalist Solovyovun, “Dağlıq Qarabağdakı ermənilərə Rusiya pasportu verilməlidir”, deməsi, haqlı olaraq  Azərbaycan ictimaiyyətinin hisslərini oynatmırmı? Çünki, Azərbaycanda hər kəs yaxşı bilir ki, Rusiya bu üsulu digər separatçı - Abxaziya, Cənubi Osetiya, Dnestyanı bölgə və Donbasda çox “ustalıqla” həyata keçirib. İndi kim zəmanət verə bilər ki, Moskva bu üsulundan tortyeyən sülhməramlılarının əli ilə Dağlıq Qarabağda istifadə etməyəcək?

 

Əlbəttə, ermənilər ruslara olan “şirinliklərini” yalnız kiçik bir tortla deyil, artıq daha yüksək səviyyədə nümayiş etdirməyə start veriblər. Baxın, Separatçı Araik Arutyunyanın Moskvaya gizli səfərində görünür ona “get böyüyün gəlsin”, deyilib ki, bu gün Ermənistan prezidenti Armen Sarkisyan Rusiyaya xüsusi səfərə yola düşüb və o, bu ölkədə güya, erməni icmasının nümayəndələri ilə bir sıra görüşlər keçirəcək, Qarabağ və Ermənistandakı vəziyyəti müzakirə edəcək. Eyni zamanda, Ermənistan baş naziri aparatının protokol şöbəsindən verilən məlumata görə yaxın günlərdə Paşinyanın da Rusiyaya səfəri hazırlanır.

 

Bundan başqa, Ermənistan Xarici işlər naziri Ara Ayvazyan jurnalistlərə açıqlamasında Ermənistanın diplomatiyada deyil, döyüş meydanında məğlub olduğunu bildirməsi və onun indiki halda əsas diplomatik vəzifəsinin Qarabağ ətrafındakı prosesləri danışıqlar yoluna qaytarmaq istiqamətində olduğunu deməsi, ermənilərin Qarabağı heç də rahatlıqla öz sahibinə qaytaracağına böyük şübhələr yaradır.

 

Bu şübhələri artıran başqa bir məqama baxsaq, qəbul olunmuş məlum üçtərəfli bəyanatın 4-cü bəndində “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir...”, qeyd olunsa da, ancaq mediadan yayımlanan məlumatlara əsasən, indiyədək Qarabağ ərazisində işğalçı ölkənin silahlı qüvvələrinin hələ də tam olaraq çıxmadığı görünür.

 

Bütün bunlar onu göstərir ki, ernənilər Moskvanın altından girib üstündən çıxmaqla, Qarabağ məsələsində öz niyyətlərinə çatmaq üçün daha böyük tortlar bişirəcək və bu tortdan daha çox, onun üstündəki separatçı əski parçasını rusiyalı sülhməramlılara “yedirdəcəklər”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır