Modern.az

Tələbə və şagirdlərlə bağlı STATİSTİKA: təqaüd alanlar, əcnəbilər...

Tələbə və şagirdlərlə bağlı STATİSTİKA: təqaüd alanlar, əcnəbilər...

Təhsil

21 Yanvar 2021, 11:08

2021-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1684 dövlət və 156 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 129 min uşaq tərbiyə alır.

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, 2020/2021-ci tədris ilinin əvvəlinə ölkənin 4397 dövlət və 34 qeyri-dövlət ümumi təhsil müəssisələrində (hazırlıq siniflərində oxuyanlar da daxil olmaqla) 1,7 milyon şagird təhsil alıb.

Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6,4 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib.

Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 22,1 faiz olub.

2020/2021-ci tədris ilinin əvvəlinə şagirdlərinin sayı 79,2 min nəfər olan 113 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərib.

Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 582 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 103,7 min nəfər şagird təhsil alır.

2020-ci ildə əyani ümumi təhsil müəssisələrini bitirən 74,1 min nəfər məzundan 73,6 min nəfəri və ya 99,3 faizi tam orta təhsil haqqında attestat alıb.

 

Rəsmi məlumata görə, 2020/2021-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 61 orta ixtisas təhsil müəssisəsində 60 min tələbə təhsil alıb, onların 62,4 faizini qadınlar təşkil edib.

Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 26 elmi təşkilatda təhsil alanların sayı 198,7 min nəfər olub ki, onların da 48,9 faizini qadınlar təşkil edib.

 

2020-ci ildə ölkənin ali təhsil müəssisələrinə 45 min nəfər tələbə qəbul olunmuş və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib.

Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 50,4 faiz olub ki, onların da 77,8 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

 

Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 48,9 faizi təqaüd alır.

 

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı 84 xarici ölkədən 5,7 min tələbə də təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Gürcüstan, Rusiya, Türkmənistan, Nigeriya və Pakistan İslam Respublikasının vətəndaşları üstünlük təşkil edirlər.

 

2020/2021-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 975 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 37,5 faizi Bakı, 62,5 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Macarıstan, Türkiyə, Rusiya, Çin, Latviya və Birləşmiş Krallığın ali təhsil müəssisələrində təhsil alır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər