Yaponiyanın TET İnvestisiya şirkətinin rəhbəri Taro Savada, Direktor müavini Muneçika Tanio və MÜSİAD Azərbaycan təşkilatının İdarə Heyəti sədrinin müavini Rəşad Cabirli Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ni ziyarət ediblər.

 

Modern.az-ın məlumatına görə, komplekslə tanışlıq zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.

 

Qonaqların nəzərinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarandığı müəyyən edilib.