Rafiq HƏSƏNOV,
veteran jurnalist
Və yaxud “Kosmik dövlət”in övladlarına
Mənim əzizlərimin əzizləri - nəvələrimin nəvələri, sizlərə bəyan edəcəklərimi oradan başlayım ki, doğma Vətənimiz Azərbaycan 70 il Sovet Sosialist Respublikaları İttifaqı adlandırılan SSRİ ölkəsinin tərkibində olub. Bizim məmləkətlə yanaşı daha 14 respublika da “müttəfiq” adı ilə həmin nəhəng dövlətə daxildi. Bu quraşdırma dövlət ərazicə çox böyük, ucsuz-bucaqsızdı. Həm də xeyli “atgetməz” qaydalara, naqisliklərə sahibdi. O vədələr SSRİ sərhədindən kənara çıxmaq, xarici ölkələrə gediş-gəliş daxili vətəndaşlara qadağandı. Üstəlik Astara, Culfa, köhnə Biləsuvar, daha bir neçə yurd yerlərimizi tikanlı məftillərlə hörülmüş sərhəd dirəkləri parçalayıb ikiyə bölürdü. Həmin məkanlarda çoxlu ailə, qohum-qardaş, məhəllə bir-birindən ayrı düşmüşdü. Belə qarabəxtlilərin - yarısı İran ərazisində, başqa yarısı SSRİ tərəfdə qalmışdı. Onlar öz doğmaları, “can-ciyər”ləri ilə ünsiyyətdə olmağa, görüşməyə həsrətdi. Çünki sərhəd—tikanlı məftillə hörülmüş hasar toxunulmaz, keçilməzdi. Eldə deyildiyi kimi həmin tikanlı “divar”dan quş uçsaydı qanaddan, dovşan qaçsaydı ayaqdan olardı.
Bir nümunə bildirim. Cəlilabad rayonunda mədəniyyət işçisi Nəzəralı Nəzərov yerli təşkilatlardan savayı Azərbaycanın əlaqədar qurumlarından tutmuş Sovet rəhbərliyinə qədər saysız-hesabsız müraciətlər etmişdi. Məqsədi müəyyən müddətə İran tərəfə keçmək, o taydakı doğmaları, əzizləri ilə görmək idi. Uzun bürokratik yazışmalardan, get-gəldən sonra N.Nəzərova İrana getməyə viza verildi. Lakin ona Cəlilabadın sərhəddə yerləşən Germi kəndindən o taydakı Böyük Germiyə uzanan bir neçə dəqiqəlik məsafəni adlamaq qadağandı. Odur ki, Nəzəralı Germidən Germiyə çatmaq niyyəti ilə rayon mərkəzinə, sonra Bakıya yollanmış, oradan Moskvaya, davamı olaraq Tehrana təyyarə ilə səfər etmişdi. Yalnız bundan sonra o tayda daha yüz kilometrlərlə yol qət edib geriyə Germiyə qayıdıb, qohum-qardaşa qovuşa bilmişdi.
Sovetlər zamanında rəsmi Moskvadan müttəfiq respublikalara ögey-doğma münasibətlər mövcuddu. Azərbaycanlılara Kremldə, digər mühüm rəhbərlikdə, xarici səfirliklrdə, mərkəzi redaksiyalarda nadir hallarda vəzifə etibar edilirdi. Ədalətsizlik səbəbindən gənclərimiz müsabiqələrdə öz layqli mövqələrinə yol tapa bilmirdi. Respublikamız bağımsızlıq əldə edəndan sonra bizimkilər də xarici ölkələrə sərbəst ayaq açmaq imkanları qazandılar. Öz istedadlarını aşkara çıxara bildilər. İndi soydaşlarımız Ümumdünya qurumlarından, ayrı-ayrı ölkələrin yüksək idarəetmə strukturlarından, seçkili beynəlxalq təşkilatlardan, Dövlət idarələrindən boy verirlər. Bir vədələr dünya paytaxtı sayılan London şəhərinin meri vəzifəsi uğrunda mübarizə aparan namizəddən biri məhz azərbaycanlı Kamran Balayevdir. Digər soydaşımız Elgün Səfərov Beynəlxalq Millətlər Təşkilatı—BMT-də Komitə vitse sədri seçilmişdir.
Belə örnək nümunələrdən sonra hələ də bizim bəzilərimiz elə fikirdədir ki, cəmiyyətdə inkişaf etmək, yaxşı vəzifəyə yiyələnmək üçün gərək adamın köməyi, sözü keçən qohumu, yerlisi, kalan pulu olmalıdır. Belələrini heç cür inandırmaq olmur ki, sadalananlardan daha vacib amil insanın istedadı, biliyi, təçkilatçılıq bacarığıdır. Həmçinin qətiyyətli iradə, özünə inam, çalışqanlıq, səy, savad daha önəmlidir. “Gərək adamın adamı olsun!”- deyib, yaxa cıranlar, “Pul hər şeyi həll edir”- hökmünü başları üzərində al bayraq kimi dalğalandıranlar yığışsınlar. Birləşib, cəmlənsinlər. Ölçüyyə gəlməyən varidatlari ilə toparlansınlar, imkanlarını səfərbər eləsinlər..! Görək lazımi biliyi, istedadı olmayan kimsəni pulla, rüşvət vasitəsiylə, qohumbazlıqla Fransa prezidentinin Elvin Abbasbəyli sayaq tərcüməçisi eləyə bilərlərmi? Pul, “dayı” kara gələcəkmi?! Yox. Mümkün deyil. Onların sadaladığı vasitələr heç də həmişə, hər yerdə baş aparmır. Əsasən vecsizdir! Hazırda Fransada yaşayıb, peşəkar tərcüməçilik fəaliyyətilə məşğul olan, 7 dil bilən həmvətənlimiz, Neftçaladan pərvazlanmış Elvin Abbasbəyli bu yöndən hər kəsə bariz nümunədir. O, köməksiz, rüşvətsiz, adam-nəfərsiz, yalnız öz bacarığı, parlaq istedadı ilə olduqca məsul səlahiyyətə yiyələnib. Hər kəsin ayaq basa bilmədiyi tarixi Yelisey sarayının qapılarından içəriyə sərbəst daxil olur. Elvin Fransa prezidenti və hökumətinin akreditasiyalı tərcüməçisi, Sinxron Tərcüməçilərin Beynəlxalq Assosiasiyasının üzvü kimi üzərinə düşən məsuliyyətli işin öhdəsindən ləyaqətlə gəlir.
Şahmat idmançısı rəqiblə qarşılaşmada ona rüşvət, adam-nəfər kömək edirmi? Əsla, qətiyyən yox! Yalnız idmançının özünün fərdi isdedadı, düşüncəsi, ustalığı dada çatır. Başqa amil yoxdur, ola da bilməz. Bu, heç cür mümkün deyil! Dünya birinciliyi uğrunda, deynəlxalq turnirdə milyonlala insanın nəzarəti altında keçirilən əyani yarışda şahmat ustası təkbətək vuruşda yalnız öz zəkasına, düşüncə qabiliyyətinə, idrakına güvənir. Bizim Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və digər şahmat ustlarımız sayaq. Bu zəka sahibləri ayrı-ayrı turnirlərdə çempion da olur, yüksək yerlərə də yiyələnirlər. “Dayı”sız, qohumluq, yerliçilik vasitəsinə ehtiyac duymadan. Kara gələn yalnız fərdi ustalıq, istedad, mübarizə məharətidir.
Övladlarım, nəvələrimin törəmələri, sizlərdən bir çoxu ilə həmyaşıd, bəzilərinizdən kiçik və ya böyük olan 14 yaşlı Xədicə İbrahimova ABŞ-ın Merilend ştatının “Crofton” məktəbinin şagirdidir. Həmyerlimiz təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Birləşmiş Ştatlar Prezidenti Donald Trampın imzası ilə “Outstanding Academic Excellence” mükafatına layiq görülüb. Belə müvəffəqiyyət riyaziyyat və inglis dili proqramı üzrə təhsil alan xüsusi istedadlı uşaqlara çox az hallarda nəsib olur. Xədicə balamız bəlkə də birincilərdəndir! Ürəkaçan, fərəhli xəbərdir, elə deyilmi? Axı belə şərəfə hər kəs nail ola bilmir. O da ola yad ölkədə, xüsusən ABŞ kimi bir məmləkətdə. Sizlərə də sidqi-dillə belə uğurlar diləyirəm, balalar.
Əgər bizim diyarda belə və ya buna bənzər qürurverici hadisə baş versəydi, bəzi şəkkaklar ağız-ağıza verib durumu cürbəcür hallandıracaqdılar: “O qızın adamı var”, “məktubu pulla təşkil etdirib”, ya da qohumu mühüm vəzifədə çalışır, onun sayəsində bu mükafata yiyələnib və sairə və ilaxır,-deyəcəkdilər. Öz qara niyyətli fantaziyaları ilə dil-dil ötəcəkdilər. Mən isə deyirəm: Afərin, mənim qərib Xədicə balam! Canın daim sağlam, uğurların tükənməz olsun!
ABŞ-da yaşayan digər körpə soydaşımız Nurlan Abbaszadə növbəti uğuru ilə ailəsini, həmçinin hər birimizi sevindirib. Vaşinqtonda fəaliyyət göstərən “Martha Lake Elementary School” tərəfindən "Ayın şagirdi" seçilib. Bu münasibətlə məktəb rəhbərliyi tərəfindən azyaşlıya balamıza xüsusi sertifikat təqdim olunub. Bu, istedadın nümunəsidir.
Çöhrələrinizin, boy-buxunlarınzıın necə olduğunu görə bilməyğcəyim əziz balalar-- ağıl-istedad gərgin səy, inadla çalışmaq, daim öyrənmək, ardıcıl olmaq sayəsində qazanılır Ağıla-savada, mükəmməl biliyə yiyələnməklə insan qüdrətlənir. Ən yaxşı-tükənməz sərvətə ömürlük sahiblənir. Dəbdəbəli imarətlər, topdağıtmaz mülkllər daşınmaz əmlak olsa da onları qanun əsasında, ya da haqsızlıqla, zor gücünə, sahibinin əlindən ala və ya müsadirə edib, talaya bilərlər. Elm-savad-bilik isə başqadır, həmişə insanla birlikdədir. Özgəsi onu zəka sahibindən ala, zəbt edə bilməz. Ömürlük səninlədir. Harada olsa parlayacaq-elm, bilik, istedad! Amalınız bu yöndə olsun!
Həyat, dövran sürətlə dəyişir. İndi kotan deyəndə adidən adi bir şum aləti yada düşür. Amma ulu əcdadlarımız milyon illər ibtidai tərzdə həyat yaşadıqdan sonra kotanı icad etmişlər. Bu, öz dövründə bəşəri nailiyyət, ibtidai cəmiyyət üçün bir növ sivilizasiya idi. Kotan əkinçiliyin təşəkkül tapmasına təkan oldu. Mədəni həyata doğru yol açıldı. Sonradan insan cəmiyyəti tədricən inkişaf etməyə, yeniləşməyə, təkamüllənməyə başladı. Əsrlər bir-birini əvəzlədikcə belə irəliləyiş durmadan sürətləndi. Son əsrlər, yəni 19-20–ci əsrlərdə, xüsusilə indiki XXI yüzillikdə həyatın irəliləyişi daha itidir, qaçaraqdır. Bu səbəbdən ötən onilliklərdə nailiyyət hesab edilən yenilik bizim günlərdə köhnəlmiş, öz ömrünü başa çatdırmış kimidir.
Mənim gələcək balalarım, nənə-babalarınıza, yəni nəvələrimə danışmışam Sizlərə də nəql eləyirəm; biz indiki ahıl-qoca nəsil və bizdən bir qədər əvvəlkilər XX əsrin ilk onilliklərində mənzillərimizin telefonlaşdırılmasının həsrətini çox çəkmişik. O vədələrdə telefon həyata təzə-təzə ayaq açırdı, mataxdan matax vasitəydi. Müstəsna- nadir mənzildə tapılardı. Həm də olduqca primitiv qaydada fəaliyyət göstərirdi. Ondan yararlanmaq üçün gərəkdi ki, telefon qurğusunun qulpunu cəhrəsayaq bir neçə dəfə hərləyəydin. Bu üsulla yanındakı kərpicsayaq batareya-akkumlyatordan müvafiq güc yığırdı. Sonra aparatın dəstəyini qaldırıb haradasa qurulmuş kommutatorun rabitəçisindən təvəqqi eləməliydin ki, səni gərəyin olduğu digər mənziin və ya idarə-təşkilatın telefonuna calasin. İstəyinə əməl olunsaydı telefon danışığı baş tutardı. Sonradan avtomat telefon stansiyaları quruldu və üstündə rəqəmli nömrələr olan diskli telefon aparatları ortaya gəldi. Yerlərdə nömrə sayı əvvəlkinə nisbətən cox olan avtomat telefon stansiyaları inşa olundu. Yenə də əksəriyyətin mənzili telefonsuz qaldı. ATS-lərin nömrə tutumu məhduddu. Gərəkdi ki, iş yerinə və ya mənzilinə telefon xətti çəkdirmək üçün qeydə alınaydın, aylar-illərlə növbə gözləyəydin.
Texnologiyanın inkişafı sayəsində indi başqa vəziyyətdir. ATS-lər bir yana Mobil telefon şəbəkələri o qədər çoxalıb ki, bir-biri ilə rəqabət aparır. Abunəçiləri özlərinə cəlb eləmək uğrunda yarışırlar. Sizin zamanədə isə daha yüksək, bir başqa texnologiya meydana gələcək. Telefon rabitəsindən, radio dalğaları və televiziya kanallarından istifadə, internet, fotoqrafiya, sosial yazışmalar və xidmətlər bir mərkəzdə təmərgüzləşdiriləcək. İndiki mobit telefon aparatları da yenilənib təkmilləşdirəcək. Belə aparatları hər zanan, hər yerdə işə salmaq, ondan asanlıqla bəhrələnmək mümkün olacaq. Çoxəməlli olmalarına baxmayaraq belə cihazları dəftərçə sayaq cibdə də gəzdirəcəklər. Nəhəng rabitə kompleksi binaları inşa etməyə lüzum qalmayacaq. İndiki sayaq iri-iri məktəb komplerksləri tikintisi də gərək olmayacaq. Çünki tədris, yazı-pozu, hesablaşma, məktublaşma onlayn qaydada həyata keçiriləcək..
Ötən yüzilliyin 90-cı illərində tramvaydan, traleybusdan məhrum edilmiş Bakımızda ictimai nəqliyyat dözülməz kökdəydi. Az olan avtobuslar da köhnəlir, sıradan çıxırdı. Yeniləri isə gətirilmirdi. Əlacsızlıq üzündən yad məmləkətlərdə işlədilib xeyli köhnəlmiş avtomobillər alınırdı. Əksəriyyəti də əsasən yük daşımaq üçün nəzərdə tutulmuş maşınlardı. Belələrinə qeyri-standart oturacaqlar qondurulur, 14-15 oturacaqlı avtobus qaydasına salıb, marşruta buraxırdılar. İş yerinə, mənzilinə tələsən bizlər imkansızlıq səbəbindən məcburən belə nataraz “avtobucığazlara” 25-30, bzən daha çox sayda sərnişin qismində təpinirdik. O səbəbdən Bakı avtobuslarında canımız çıxır, nəfəs kəsilirdi. Tədricən vəziyyət normaya düşdü. İndi rahat, iri avtobuslar xidmətimizdədir. Amma sizlər daha yaxşıları ilə-- geniş salonlu, hər cür rahatlığı olan, proqramlaşdırılmış, sürücüsüz avtobuslarla hərəkət edəcəksiniz. Avtobuslarla yanaşı irili-kiçikli digər avtolar da elektik enerjisi ilə, sudan, bitki yağından, digər vasitələrdən əldə olunmuş yanacaqla işləyəcək. Güman etmək olar ki, başqa nəqliyyat növü də icad olunacaq.
Əziz balalar, şəksizdir ki, validenləriniz, nənə-babalarınız tərəfdən ürəkdən seviləcəksiniz. Axı ta əzəldən belə olub. Səbəbsiz deyil ki, deyirlər “bala baldan şirindir”. Amma bizlər--dünya görmüş ahıllar şahidik ki, baba-nənələr üçün balanın balası bəzən balanın özündən də əziz olur. “Dövlətdə dəvə, övladda nəvə” ifadəsi əbəsdən doğrulmayıb! Söz yox ki, sizləri də baba-nənələriniz can qədər əzizləyəcəklər. Törəmələrimiz olduğundan bizim üçün də əzizsiniz. Ruhumuz daim sizlərə duaçı olacaq. Kim arzulamır ki, bizdən sonra gələnlər daha rahat və xoşbəxt yaşasın?! Bu, bizim də istəyimizdir. Əminik ki, sizin həyatınız indikindən daha rifah, xoşbəxt olacaq. Ondan ötrü ki, həyat təkamül qaydasında durmadan irəliləyir. Hər gələn nəsil özündən əvvəlkindən bir addım qabağa gedir. Yaşayış da durmadan yaxşılğa doğru irəliləyir. O səbəbdən sizin düşüncəniz də daha aydın, təfəkkürünüz daha dərin olacaq. Uğura doğru daim irəliləyin!
Çöhrələrini görməyəcəyim, boy-buxunlarının necə olduğunu bilməyğcəyim əziz balalar, nəvələrimin nəvələri, sizlərə, elə sonrakı nəsillərə də ünvanladığım bu sözləri kompüterin düymələri ilə sətirləndirəndə Yer üzündə kabus kimi dolaşan koronovirus insanlara qan uddurur. Gözə görünməz, əzrayıl xislətli bu yaramaz, planetin hansı qütbində olmasına fərq qoymadan hər gün minlərlə bəndəni düjün-düjün qətlə yetirir. Yaranmış arzuolunmaz məşəqqətə xalqımız fədakarlıqla mübarizə-inad göstərir. Gözlənilmədəm baş qaldıran bu fəlakətli virusdan qurtulmaq məqsədilə tibb-elm cəbhəsi müsəlləh əsgər kimi ayağa qaldırılmışdır. Vətəndaşlarımız ”evdə qal” üsulunda ömür sürür. Şagirdlər məktəbə, tələbələr tədris yerlərinə gedişi dayandırmışlar. İnternet vasitəsiylə virtual qaydada bilikərə yiyələnirlər. İctimai yerlər, istehsalat sahələri fəaliyyət göstərmir. Şəhər-kənd yolları boşalıb. Dövlət rəhbərliyi tərəfindən irəli sürülmüş, hökumət qərarı əsasında məqsədəuyqun üsulda həyata keçirilir, bu qaydalar. Xalqın-camaatın həyatını, sağlamlığını qorumaq naminə atılan təxirə salınmaz, qabaqlayıcı tədbirlərdir bunlar. Bu yöndə mübarizə kütləviləşib, hər gün davam etməkdədir. Şübhə yoxdur ki, səmərəli, faydalı olacaqdır. Ümidliyik ki, sizlər belə fəsadlara tuş gəlməyəcəksiniz. Nədən ki, sizin zamanədə elm, texnologiya indikindən qat-qat yüksək səviyyədə olcaq. Çox-çox müşkülə, azarlara əlac tapılacaq. İnsanlar indiki və digər bəlalardan hifs ediləcək.
Bizim dövrdə başqa bir bəla yanğınlar, ekalogiyaya qəsdlərdir. Sənaye müəssisələrinin və mədənlərin tullantıları ətraf mühiti--havanı çox sərt çirkləndirir. Atmosferi bol oksigenlə “təchiz edən” meşələr tez-tez amansız alovlara məruz qalır. Qəsdən törədilən, ya da təbiətin natarazlığı ucbatından baş qaldıran meşə yanğınları dəhşətli həddə çatıb. Hətta Planetin ən azman, nəhayətsiz ormanı —tayı-bərabəri olmayan Amazon meşələri də od tutub tonqal təkin alovlanır. Yer kürəssinin ən uzun, bol sulu çayı bu ərazidən hey dolanıb, qıvrıla-qıvrıla keçir. Fəqət, buna baxmayaraq ötən il həmin dəya-meşədə baş qaldıran ucsuz-bucaqsız yanğını, “misli bərabəri olmyan tonqal”ı söndürmək müşkil oldu, həftələrlə davam etdi. Qitə dövləti Avstraliyada da alovlanmış meşələri uzun müddət sündürmək mümkün olmadı. Belə alovlanmalar ekalogiyaya, ətraf mühütə balta çalmaq kimi bir fəlakətdir. Meşələr havada bol oksigen yaradılmasının baş amillərindəndir. Əgər yer üzünün zümrüd örtüyü lazımınca qorumasa, gələcək nəsilləri oksigen qıtlığı qarşılayacaq. İnsanlar rahat nəfəs almaqdan ötrü özləri ilə oksigen çantaları və ya balonları daşımalı olacaqlar.
Daim yeniıiyə can atan insanlar indiki həyatdan narazıdırlar, bir qədər də əsəbi olublar. Mövcud tərzdə ömür sürmək istəmirlər. Elə bil Yer planetində yaşamaqdan bezmişlər. Qallaktikaya üz tutur, başqa planetə köç etmək barədə fikirləşirlər. Artıq bunun işartıları grünür. Azərbaycanımızdan olan məşhur Aşurbəylilər nəslinin layiqli davamçısı, istedadlı, bənzərsiz alim İqor Rauf oğlu Aşurbəyli “Kosmik dövlət” yaradır. Bizlər hələlik bunu görməsək də Sizlər onun reallaşıb, gerçəkliyinə şahid olacaqsınız. Güman etmək olar ki, Sizin zamanədə insan təbiəti də müəyyən qədər idarə edə biləcək. Yağışı səngitmək və ya səmada süni yağış əmələ gətirməyi bacaracaqlar. Lazım gəldikdə göydə yağış-dolu buludlarını zəruri-gərəkli məkana səmtləndirəcəklər. Daha indiki qaydada amansız yanğınlar meşələri cənginə ala bilməyəcək. Yayda isti havanı tədarük edib qış fəslinə saxlamaq, eləcə də qışın soyuğunu toplayıb yayda sərinləməyə sərf etmək məqsədilə xüsusi kameralar yaradlacaq. Çox kəşvlər, icadlar, ixtiralar olcaq. Qədimdə odlu silah icad ediləndən sonra üzbəüz cəng, qılınc vuruşu aradan qalxdığı sayaq, bugünkü futbol oyunun kütləviliyini də başqa bir əyləncə əvəzləyəcək ....
Nəvələrimin doğmaları-törəmələri, söylədiklrimi bəziləri, indiki nəslin bir çoxu uydurma, romantika, yaxud da fantastika saya, qəbul edə bilər. Bu, təbiidir. Sizlər də öz tərəfinizdə bizim çağdaş həyatımızi, yaşam tərzimizi köhnəlik, nağılvarı, bəsitlik qəbul edəcəksiniz. Təbi ki, bu da mümkündür. Kim necə istəyirsə qoy elə olsun. Mənim isə bir arzum var. İstəyirəm Ulularınızın vaxtil bizlərə təlqin etdiklərini sizlərə ərmağan qismində çatdıram. Onları qəbul etsəniz qürurlu olaram! Bizdın əvvəlki nəslin bizlərə tövsiyyələri beləydi: Parlaq gələcəyə, işıqlı sabaha daim inam bəsləyin. Özünüzə güvənin. Əməksevər, səbirli, əzmli olun. Çətinlikdən qorxmayın. Xoşniyyət məqsədə doğru idrakla, ardıcıl, qətiyyətlə yüyürün. Hər anın qədrini bilin. Valideynə itaət, böyüklərə ehtiram göstərin. Ərzin harasında olsanız müqəddəs milli dəyərlərimizə, əsil-nəcabətə yadlaşmayın! Unutmayın, Vətən sizinlədir, siz də vətənlə olun!
Əminəm ki, bu deyimlərə sədaqətli olacaqsınız. O bəxtəvər çağları görəcək, qadasız, firavan, dinc həyatda ömür sürəcək əziz balalar, ömrünüz parlaq olsun! Azərbaycanın gələcəyi, dəyərli nəslimiz, Sizlərə qürur və fərəhlə Cünaydın,-deyirəm!..
Yanvar 2021-ci il