Modern.az

Diplomatın sirləri - Xomeyninin üzük bağışladığı, Özalın dostluq etdiyi, adı “Ginnesin Rekordlar Kitabı”na düşən azərbaycanlı SƏFİR - FOTOLAR

Diplomatın sirləri - Xomeyninin üzük bağışladığı, Özalın dostluq etdiyi, adı “Ginnesin Rekordlar Kitabı”na düşən azərbaycanlı SƏFİR - FOTOLAR

Reportaj

26 Aprel 2021, 09:03

Onu Azərbaycan diplomatiyasının ağsaqqalı adlandırırlar. Adı Azərbaycan diplomatiyasının "Qızıl fondu"na yazılıb. Bu ilin oktyabrında 86 yaşını tamamlayacaq təcrübəli diplomat Vəhdət Sultanzadə ömrünün təxminən 55 ilini diplomatiya işinə sərf edib. O, müstəqil Azərbaycan Respublikasında diplomatiyanın yaranmasına və inkişafina töhfə verənlər sırasında xüsusi çəkisi və rolu olan şəxsiyyət kimi qiymətləndirilir.

Azərbaycan Dövlət Universitetini Şərqşünas-İranşünas ixtisası üzrə bitirən Vəhdət Sultanzadə diplomatiya fəaliyyətinə ötən əsrin 60-cı illərində Əfqanıstanda tərcüməçi (1962-1966) kimi başlayıb. Peşəkar diplomat karyerası boyunca Əfqanıstan, İran, Mərakeş, Türkiyə və Türkmənistanda atteşedən tutmuş fövqəladə və səlahiyyətli səfirə kimi müxtəlif nüfuzlu vəzifələrdə çalışıb.


“Həyatda heç kəs diplomat doğulmur, sonradan diplomat olur” deyən Vəhdət Sultanzadənin sözlərinə görə, diplomatın əsas vəzifəsi öz ölkəsinə sədaqətli, xalqı qarşısında məsuliyyətli olmasıdır.

“Diplomat təmkinli, soyuqqanlı olmalı, zəhmətsevərliyi ilə seçilməli və daim özünü təkmilləşdirməyə, biliklərini zənginləşdirməyə, dünyagörüşünü genişləndirməyə, dövlətinin milli maraqlarını müdafiə etməyə çalışmalıdır.
Mənim taleyim elə gətirib ki, uzun illər doğma vətənim naminə vətəndən uzaqlarda işləməli olmuşam. Rəsmi və qeyri-rəsmi görüş­lərdə, beynalxalq tədbirlərdə, hökumət­lərararası danışıqlarda iştirak etmişəm. Dövlət başçıları, görkəmli içtimai-siyasi xadimlər, elm, sənət adamları ilə görüş­mü­şəm, söhbət etmişəm. Onların arasında indinin özündə belə,  daim  əlaqə saxla­dı­ğım dostlarım var. Boş vaxtlarımda şəxsi arxivimdəki foto albomlara baxanda, bir növ keçmişə qayıdıram”, - V.Sultanzadə Modern.az-a deyib.

O, təcrübəsi sayəsində çalışıdığı ölkələrdə dövlət başçıları ilə yaxın dost olmağı bacarıb. Bu sırada İran İslam Respublikasının ali dini rəhbəri İmam Xomeyni, Türkiyə Cümhuriyyətinin 8-ci Prezidenti Turqut Özal, Türkmənistan Prezidenti Kurbanqulu Berdimuxamedovun adını çəkmək olar...

V.Sultanzadə fəaliyyəti dövründə bir sıra səs-küylü hadisələrə birbaşa şahidlik edib, başqa sözlə həmin olayların içində olub.

Məsələn, 1979-cu ildə İranda İslam inqilabının qələbəsindən bir neçə gün sonra ABŞ səfirliyinə hücum edilmiş, oradakı diplomatlar girov götürülmüşdülər.

O vaxt SSRİ-nin İrandakı səfirliyində çalışan Vəhdət müəllim deyir ki, həmin gərgin vəziyyətin hökm sürdüyü zamanlarda sovet diplomatları da küçəyə çıxmağa qorxurmuşlar. Çünki İranda hakimiyyətə gələn dindarların ABŞ və SSRİ-yə nifrəti varmış :

“Bütün olanlara baxmayaraq, həmin vaxtlarda sovet diplomatlarından yalnız mən səfirlik iqamətgahını tərk edirdim, çünki qorxu hissim yox idi”.

Təcrübəli diplomat Modern.az-a deyib ki, İranda şah rejiminin devrilməsiylə nəticələnən İslam inqilabı sayəsində ali dini rəhbər seçilən Ruhulla Xomeyni ilə sonradan dostlaşıb. Hətta Xomeyni ona qiymətli üzük də bağışlayıb.

Sovet dövründəki diplomatik karyerasını İrandan sonra SSRİ-nin Türkiyədəki Baş Konsulluğunda  davam etdirən V.Sultanzadə burada 6 il konsul qismində əvvəlcə SSRİ-nin, daha sonra İstanbulda Azərbaycan və Rusiya Federasiyasının maraqlarını təmsil edib (1988-1994). O, İstanbulda xarici diplomat olaraq 2 il ərzində eyni zamanda iki ölkəni təmsil edib – Azərbaycanı və Rusiyanı.


“Bu, dünya praktikasında ilk belə hadisəydi. Ölkələrin rəhbərlərinin razılığına əsasən, günün birinci yarısını Azərbaycan üçün, ikinci yarısını isə Rusiya Federasiyası üçün işləyirdim”, - V.Sultanzadə deyib.

Onun peşəkar keyfiyyəti və dövlətinə sədaqətini nəzərə alan görkəmli siyasi xadim Heydər Əliyev 1994-cü ildə Vəhdət Sultanzadəni Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Konfransı Təşkilatı ilə iş aparan idarəsinə rəhbər təyin edib. Bununla da ona çətin bir vəzifə - 53 müsəlman ölkəsi ilə əlaqələrə nəzarət etmək tapşırılıb. V.Sultanzadə 1994-cü ilin dekabrında ölkəmiz üçün vacib sənədlərin yüksək səviyyədə qəbul edilməsinə yol açan İslam Konfransı Təşkilatının sammitində Mərakeşə səfəri zamanı Azərbaycan Prezidenti Heydər Əliyevi təşkilatçı qismində müşayiət edib. Həmin sammitdə "Ermənistan və Azərbaycan arasındakı qarşıdurma haqqında" adlı qətnaməyə ilk dəfə olaraq Ermənistanın birmənalı şəkildə “təcavüzkar ölkə” olduğunu göstərən ifadələr daxil edilib.

Vəhdət Sultanzadənin peşəkarlığı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. 2010-cu ildə Prezident İlham Əliyev onu Türkmənistanda fövqəladə və səlahiyyətli səfir, 5 il sonra isə eyni vaxtda Əfqanıstanda səfir təyin edib. Bu, dünya diplomatiya praktikasında yeganə hal idi ki, 80 yaşlı şəxs Prezident tərəfindən səfir təyin edilirdi. Sözügedən təyinat zamanı sözsüz ki, Vəhdət Sultanzadənin peşəkarlığı, təcrübəsi və biliyi əsas götürülmüşdü.  

Təyinat xarici dövlətlərin Türkmənistanda akkreditə olunmuş səfirləri tərəfindən maraqla qarşılanmış və onlar “Ginnesin Rekordlar Kitabı”nın baş ofisinə müraciət etmişdilər. Nəticədə Vəhdət Sultanzadənin adı ölkəsini xaricdə təmsil edən dünyanın ən yaşlı diplomatı kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilmişdi.


Türkmənistanda ona “ağsaqqal" mənası daşıyan "Yaşuli" ləqəbi vermişdilər.

V.Sultanzadənin iki ölkə və xalq arasında etimad mühitinin yaradılması və əlaqələrin möhkəmləndirilməsindəki xidmətləri Türkmənistanın ən yüksək təltifi sayılan “Vətənə sevgiyə görə” medalı ilə qiymətləndirilmişdi,

V.Sultanzadə Türkmənistan və Əfqanıstanda 10 ildən çox çalışdıqdan sonra, 2020-ci ildə diplomatik xidmətini tamamlayıb.

Təsadüfi deyil ki, Vəhdət Sultanzadənin diplomatik fəalyyəti bir sıra tanınmış simalar tərəfindən yüksək qiymətləndirilib.

Məsələn, əslən Bakıdan olan tanınmış rus jurnalist, İTAR-TASS Agentliyinin Baş direktorunun 1-ci müavini Mixail Qusman Vəhdət Sultanzadəni “Diplomatiyanın qəhrəmanı” adlandırıb.

“Təəssüf ki, diplomatiya bu adı vermir! Vəhdət Sultanzadə həqiqətən görkəmli bir diplomat, müasir Azərbaycan diplomatik məktəbinin və siyasət elminin banilərindən biri, ən nadir strateji baxış bucağına və dərin analitik düşüncəyə malik fantastik bir şəxsdir”, - deyə Mixail Qusman onun haqqında danışarkən bildirib.

Milli Məclisin deputatı, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov:

“Vəhdət Sultanzadə öz şərəfli yoluna başlayanda bu sahədə azərbaycanlıların sayı o qədər az idi ki, onları barmaqla saymaq olardı. Miqyasa nəzər salsaq demək olar ki, onlar yox səviyyəsində idi. Sovetlər Birliyinin bütün dünyada fəaliyyət göstərən nəhəng diplomatik maşınını hərəkətə gətirən diplomatlar sırasında azərbaycanlının adına rast gəlmək istər-istəməz qürur hissi yaradırdı. Öz çətin fəaliyyətinə yarım əsr əvvəl başlayan, imzasını təsdiq etməyi və hələ SSRİ dönəmində fərqlənməyi bacaran Vəhdət Sultanzadə adının müstəqillik dövrümüzün güclü diplomatları sırasında olması isə bizə ikiqat sevinc bəxş edir...”.



Rusiya Federasiyasının diplomatik xidmətinin əməkdar işçisi Yevgeni Ostrovenko:

“Vəhdət Sultanzadə hər zaman etibar edə biləcəyin insan və diplomatdır. Biz onunla birlikdə İranda İslam İnqilabının çətin illərini yaşadıq, demək olar ki, bizə yaxın olan bütün bu ölkəni gəzdik, əvvəllər vahid və böyük olan ölkəmizin dağılmasından sonra da bir-birimizi itirmədik...
Vəhdət müəllim həmişə hər şeyi ən yaxşı şəkildə etməyə çalışıb.
Sovet diplomatik xidmətində birgə fəaliyyət göstərdiyimiz illərdə də belə idi, eyni zamanda, Azərbaycan Respublikasının mənafeyi naminə də səylə çalışıb.
Onun diplomatik bacarıqlarının zirvəsi Azərbaycanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri kimi uğurlu və səmərəli işi oldu.
Təqaüdə çıxdıqdan sonra Vəhdət müəllim diplomatiyadan və ölkəsinin təcili vəzifələrinin həllindən kənarda qalmadı. Əsl vətənpərvər kimi Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir, uğurlu və məhsuldar inkişafına töhfə verir”.


Xalq yazıçısı Çingiz Abdullayev Vəhdət Sultanzadəni  "dövrün adamı", "əfsanəvi şəxsiyyət" adlandırıb.

Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri, “İrşad” İslam Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev:

“Vəhdət müəllimi yaxından tanıyan biri kimi deməliyəm ki, geniş bilik və təcrübə sahibi olan bu şəxsin işində prinsipiallıq, dövlətinin və xalqın maraqları ilə bağlı mühüm məsələlərin həllində qətiyyət nümayiş etdirmək həmişə birinci dərəcəli vəzifə olub…
Vəhdət Sultanzadə təcrübəsini gənc diplomatlara miras qoymaq məqsədilə diplomatiya elminin sirlərini qələmə alır, bir-birindən maraqlı kitablar ərsəyə gətirir”.



Vəhdət Sultanzadə deyir ki, diplomatiya dövlətin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq miqyasda imicinin və mövqeyinin formalaşmasında olduqca vacib rol oynayan faktordur.

O, diplomatiya sahəsindəki zəngin təcrübəsini müəllifi olduğu "Diplomatiya: daxildən baxış" adlı kitabında oxucularla bölüşüb. V.Sultanzadənin yarım əsrlik fəaliyyətinin bir hissəsini özündə əks etdirən kitabda gənc diplomatlara çox vacib tövsiyələr verilib. Bu nəşr gənc və orta yaşlı diplomatlar üçün dəyərli tədris vəsaiti hesab olunur.

Qocaman diplomat Yaxın və Orta Şərqin diplomatiya, tarix, mədəniyyət və ədəbiyyatından bəhs edən onlarla məqalənin və kitabın müəllifidir. O, memuarlarını bu gün də yazmaqda davam edir…


Əfqan Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı