Modern.az

Svanların azərbaycanlılara hücumunu etnik toqquşmaya çevirmək istəyənlər ola bilər - ŞƏRH

Svanların azərbaycanlılara hücumunu etnik toqquşmaya çevirmək istəyənlər ola bilər - ŞƏRH

Aktual

17 May 2021, 15:23

“Gürcüstanın Başkeçid (Dmanisi) bölgəsində svanların azərbaycanlılara hücumu indiyə qədər baş vermiş məişət qarşıdurmalarından biridir. Lakin hadisənin etnik toqquşmaya çevrilməsində maraqlı qüvvələr də ola bilər”.

Modern.az-ın məlumatına görə, bunu ötən gün Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə baş vermiş kütləvi davanı şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, Gürcüstandakı maraqlı qüvvələr bu hadisədən Azərbaycana qarşı istifadə edə bilər.

“Tbilisidə Qarabağ müharibəsindən sonrakı prosesləri Gürcüstanın maraqlarına zidd hesab edənlər var, xüsusilə “Zəngəzur dəhlizi”nin açılmasını. Svanların azərbaycanlıların yaşadığı əraziyə vaxtilə köçürülməsi də bölgədə demoqrafik vəziyyəti dəyişmək niyyətindən irəli gəlirdi”.

Ekspert bildirib ki, erməni diasporu/lobbisinin müxtəlif yollarla svanlar üzərində müəyyən təsirləri var və bu kartdan Gürcüstana qarşı istifadə etmək cəhdləri olub.

““Müstəqil Svaneti” layihəsinin həmmüəllifləri arasında ermənilər də var. Ermənilər də hadisənin etnik toqquşmaya çevrilməsində maraqlıdırlar”.


Xatırladaq ki, ötən gün Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş verib. Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu