Arxiv
22 May 2021, 08:55 | REPORTAJ
İki şəhid qadınının DİALOQU: “...Bizim ərlərimiz bir maraqlı kitab idi”            

Bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə Vətən müharibəsində şəhid olan polkovnik Babək  Ramaldanovun həyat yoldaşı Aygün Ramaldanovanın haray dolu bir məktubunu oxumuşdum. Həyətlərində  təsadüfən bitən bir ədəd  Xarıbülbül gülündən yazmışdı. Ehtimal edirdi ki, bu həyat yoldaşı Babək Ramaldanovun ruhunun onlara verdiyi işarədir.  Bakının Qaraşəhər (indiki Ağşəhər) deyilən ərazisində heç vaxt, heç kim Xarıbülbülün çiçəklədiyini görməmişdi.  Şəhid xanımı yazırdı ki, hansısa  şou-biznes müğənnisi haqqında xəbərləri manşet edirlər, onun həyətində bitən Xarıbülbül çiçəyinin hekayəsini isə kimsə gəlib görmədi, yazmadı.  


Babək Ramaldanovun ailəsi ilə görüşmək üçün yola çıxanda, 2016-cı ilin aprel ayında Lələtəpədə şəhid olan polkovnik-leytenant, kəşfiyyat idarəsinin rəisi Sənan Axundovun xanımı  Nəcibə Axundovadan mənə yoldaşlıq etməsini xahiş etdim. Biz həm o çiçəyi görməyə, həm də şəhid evini ziyarətə getdik.  Evin xanımı  Aygün başdan-ayağa qara paltarda idi.


Şəhid qadınları qara paltarda,

Şəhid gəlinləri  ağlağan olur.

Dəyişir al-əlvan geyimlərini,

Söz desən gözləri yaş ilə dolur.


2020-ci ilin payızı ömrümüzə bahar gətirsə də, qara paltarlı və örpəkli qadınlarımızın sayını da çoxaltdı.  Qırmızı çiçəkli- güllü donları, köynəklərin, al-əlvan rəngli geyəcəklərin çoxsu dolablarda asılı qaldı. İndi həmin paltarlara xoşbəxt  günlərinin xatirəsi kimi baxırlar. O şirin xatirələrdə bu günkü acı günlərinin həsrəti yaşayır. Hər iki şəhidin qadını bir-biri ilə tanış olur. Hər ikisi ali təhsilli müəllimədirlər. Hər ikisinin taleyi bir-birinə o qədər oxşardır ki...


Əslində Aygün Ramaldanovanın  sosial şəbəkədəki harayını oxuyanda, bildim ki, çox incikdir, çox küsgündür. Ona görə də 45 saylı məktəbin direktoru,  təcrübəli pedaqoq və nümunəvi şəhid xanımı, yüksək mənəviyyatlı vətənpərvər  vətəndaş olan Nəcibə Axundovanı  bu gənc qadına təsəlli vermək üçün özümə yoldaş etmişdim.  Deyəsən fikirmdə yanlmamışdım. Həyatlarında o qədər oxşar cəhətlər var idi ki... İndi bu iki müəllimənin, bu iki şəhid xanımının dialoqunu  qələmə alıram. Heç bir mübağiləsiz, bəzəksiz...



Aygün Ramaldanova:
  - Babək, Rusiya Federasiyasının Frunze adına Ümumqoşun Akademiyasını  2019-cu ildə, 36 yaşında bitirdi. Azərbaycanın 100 illik tarixində həmin akademiyada ilk “Qızıl medal” alan hərbçi oldu. Onun adı indi Rusiyanın  Dövlət Tarix muzeyindədir. Çox savadlı bir mütəxəssis idi.


Nəcibə Axundova:
  - Sənan da Almaniyada ən yüksək Akademiyanı qurtaran hərbçi zabit idi. O öz bilik və bacarıqlarına görə, iki dəfə Almaniyada  uzunmüddətli ezamiyyətdə oldu. Biz üç il orada yaşadıq.


A.R:-
Mən uşaqlar burada məktəbdə oxuduğuna görə  Rusiyaya gedə bilmədim. Biz burada qaldıq o isə təhsilini başa vurdu. Belədir də bizim ömrümüz, hər zaman onların yolunu gözləməklə keçdi...


N.A:-
Hə bir də ki, onlarla birlikdə  rayondan - rayona, kənddən-kəndə köçməklə...


A.R:-
Mənim böyük oğlum Ramaldan  artıq çemodan yığmağa, yol ehtiyatı görməyə elə öyrənmişdi ki...  Bircə dəfə Babək deyəndə ki, yığışın gedirik, biz də onun əsgərləri kimi, 1 günün içərisində yol ehtiyatımızı görüb, əmr gözləyirdik... Ancaq indi  nigaranam... Həm də bir çox şəhid ailələrinə baxıram..., baxıram ki, artıq övladları analarını ovuclarının içərisində saxlayırlar... Sonra da deyirəm ki, mənim də oğlanlarım var.


N.A:
Niyə nigaran olursunuz ki?  Dövlətimiz  şəhid ailələrinin bütün qayğılarını öz üzərinə götürüb.  Uşaqlarınızdan da arxayın olun.  Atası şəhid olanda mənim oğlum Tahir 8-ci sinifdə oxuyurdu. İndi  Rusiyanın Ali Hərbi Tibb Akademiyasında müalicə həkimi fakültəsində oxuyur.  Onu Azərbaycan Müdafiə Nazirliyi 50 nəfərin içərisindən seçib göndərib. Oğlum da əlaçı oxuyur. Atası kimi prinsipialdır. Siz savadlı qadınsınız, narahat olmayın. Böyüdəcəksiniz.


A.R: - Babək deyirdi ki, bir var təpədən dırnağa kimi, bir də var ki, iliklərinə kimi hərbçi olmaq. Mən iliklərimə qədər hərbçiyəm. İndi deyirəm görəsən, Babəkin uşaqları atalarının istədiyi kimi ola biləcəklərmi? O qədər arzularımız var idi ki...


N.A:
-Mənim oğlum müalicə fakültəsinə qəbul oldu. İnanın ki, Sənanımın ruhu kömək oldu. O qədər ağır günlərim, anlarım olur ki... Bir də görürsən gəlir yuxuma... Sizə də Babəkin ruhu kömək olacaq.



Aygün və Babək Ramaldanovlar...

A.R:
- Babək, yuxuma gələndə hər dəfə mənə  nemətlər, hədiyyələr verir...  Əvəllər çox ağlayırdım, sonra qaynanamla oturub söhbət etdik, dedi ki, qızım çox ağlamayaq, oğlumun ruhu narahat olur.


N.A:-
Sənan rəhmətə gedəndən sonra mən uzun zaman özümə gələ bilmədim.  Adam  başının tacından ayrılanda necə ağlamasın?  Sənanın  dabanının arxasını  əsgər çəkməsi vurudu həmişə.  Təlimlərdən, ezamiyyətlərdən gələn kimi onun üçün  dərman bitkilərindən vanna hazırlayırdım. Ayaqlarını  yuyurdu o suda. Dincəlirdi. Bir gecə yuxuma gəldi. Baxdım ki, mənə dabanını göstərir , dabanından damcı-damcı qan axır. Deyir ki, bax gör necə qanayır. Eləmə də belə, eləmə...  Bu yuxudan sonra anladım ki, mənim göz yaşlarım onu narahat edir. Demirəm ki, ağlamıram. Ancaq dərdi də elə çəkmək lazımdır ki, onlardan qalan yadigarları adlarına layiq böyüdə bilək.


A.R.
- Babək çox şən  əhval- ruhiyyəli adam idi. O heç vaxt məni incitməmişdi. Olduğu məclislərdə hamını güldürərdi, şənlik yaradardı. Elə gözəl oynamağı var idi ki... Toyların yaraşığı idi.


N.A.
–Sənan da bütün kampaniyalarda ən çox deyib-gülən, ətrafını özünə cəlb edən idi. Biz Almaniyada qulluqda olanda, rəsmi qəbullarda olurduq.  Oranın  yüksək rütbəli generalları hamısı Sənanla dost idilər.  O generallar bizdəkilər kimi deyil, sadədirlər.  Biz evdə Azərbaycan yeməkləri bişirib almanları qonaq çağırardıq. Elə vətənpərvər idi ki...


A.R. - Mən 7 il Babəklə Naxçıvanda qulluq elədim. Naxçıvanın sərhəd zonası olan kəndlərinin hamısında 3 ay, 5 ay, bir il, iki il yaşadıq. Təzə  getmişdik Şadı kəndinə. Axşam baxdım ki, işıqlar söndü kənddə. Dedim bu nədir belə? Babək dedi ki, bura sərhəd zonasıdır, düşmənlə üzbəüzəyik. Səhər yuxudan duranda eyvandan, pəncərələrin qırağından kənd camaatı avtomat gilizləri toplayardılar. O qədər çətin  günlərimiz olub ki... Buna baxmayaraq xoşbəxt idim.  Biz bir neçə dəfə Əshabi-Kəfə ziyarətə getmişdik. Babək o dəqiqə gedib otururdu Damçının altında. Deyirdim ki, Babək  bizim əvəzimizə də arzunu sən tut. Başın keçəldir. Sənin arzun tez həyata keçər. Bizim saçımız islanınca gec olar. O qədər gülərdi ki... Bir dəfə də, atamgildə idik. Atam hamamdan çıxıb gəldi, Babəkə dedi ki, gözlə saçlarımı qurudum gəlim. Babək əlini  başına çəkib dedi, bu da qaynata, mənə acıq verir. Deyir ki, gedim saçımı qurudum gəlim.  Mənim dazıma bax, onun saçına bax.  Həəəə... Belə baməzə oğlan idi mənim Babəkim.


N.A. -
Elə ağır günlər mənim də həyatımda olub. Tahir anadan olmazdan əvvəl Ağstafada qulluq edirdi. O qədər işıqsız, istiliksiz qalırdıq ki...  Tahir Bakıda doğuldu. Həmin günü Sənan 5 saatlıq yolu 3 saata gəlmişdi. Gecə ilə çatdırmışdı özünü Bakıya...


A.R.- İşə bax eee... Ramaldan da doğulanda Babək Naxçıvanda idi. İki günə icazəsini alıb gəlmişdi. Elə sevinirdi ki...  Bir dəfə də olsun uşaqları məktəb açılanda məktəbə apara bilmədi. Ya əmisi Rauf, ya da babaları olurdu uşaqlarımın yanında.  Hərbçi olmaq, Vətəni qorumaq belə çətindir... Vətən ailədən də üstün olur. Lakin  Ramaldan böyüdükcə, onu yükləyirdi. Ona xüsusi tapşırıqlar verirdi. Deyirdi bacarmalısan. Süleyman kiçiyimizdir də... Onu boynunda gəzdirirdi. Lakin Ramaldanı heç vaxt ərköyünləşdirmədi. Bəlkə də bu günümuz üçün belə edirdi.



Nəcibə və Sənan Axundovlar...

N.A:
  -Eyni bizdəki kimi... Sənan elə hey Tahiri yükləyirdi. Hər dəfə evdən çıxanda əvvəlcə mənimlə, sonra qızım  Nəzrinlə, ən axırda isə Tahirlə görüşürdü və deyirdi: “ Evin böyüyü kimdir? Tahir deyirdi ki: “mən”. O da cavabında, onun üzündən öpüb: Tahir, evi də, qızları da  sənə tapşırıram. Tahir kişi ol!”.


A.R:
- Babək də həmişə deyirdi: “Ramaldan kişi ol”. Ramaldan deyəndə ki, ayağım ağrayır, deyirdi ki, kişi ol. Ancaq Süleyman deyən kimi, onu boynuna götürürdü.


N.A:- Bizdə  Nəzrin ərköyünlük edirdi. Bir dəfə dırnaq rənglərimi götürüb yan otağa apardılar. Baxdım ki, səsləri gəlmir. Gedib nə görsəm yaxşıdır?! 3 yaşlı qızım bütün rəngləri qatıb bir-birinə, atasının barmaqlarına əyri-üyrü rənglər çəkib... Beləcə qızımın nazı ilə oynayırdı. Saçlarını elə səliqə ilə hörərdi ki... Tahiri isə sərt böyüdürdü. Hara getsə, onların hədiyyələrini alıb gətirirdi... Sənanın elə gözəl zövqü var idi ki...



Ramaldanovlar...

A.R:
-Babəkin də gözəl zövqü var idi... Ən çox çiçəkləri sevirdi. Mənim üçün bütün bayramlarda çiçəklər alardı.  Naxçıvanda yaşayanda isə çöl çiçəklərindən çələng hörüb, dəstə tutub gətirərdi... Bizim ərlərimiz bir maraqlı kitab idi...


N.A.
-Həm də dünyagörüşlü, yüksək savadlı və mədəniyyətli.


A.R.
-Yuxumda görmüşəm ki, getmişik Babəklə Qarabağa.


N.A:
-Mən isə Füzuli azad olunanda oradan torpaq götürüb aparıb  Beyləqanda Sənanın qəbri üstə tökdüm... Axı o Füzulidən idi. Oranın həsrətini çox çəkirdi.


A.R.
Sizin yoldaşınız  burada Şəhidlər Xiyabanında deyil ki?



Axundovlar...

N.A.
-Yox... Sənan  şəhid olanda mən özümdə olmamışam. Qohumları aparıb, Beyləqanda ailə qəbristanlığında dəfn ediblər. Həm uzaqdır bizdən, həm də hər vaxt gedib gəlmək olmur. Ancaq burada Şəhidlər Xiyabanında olsaydı, heç vaxt unudulmayacaqdı... İndi isə ancaq  biz ziyarət eidirik onu.  Şəhidlər Xiyabanı isə hər zaman Azərbaycan xalqının ehtiram yeri olacaq.


A.N:
-Allah rəhmət eləsin. Onsuz da o şəhidlər bizi görürlər.  Nə yaxşı ki, bu gün bizə gəldiniz.  Könlüm açıldı. Dərdləşdik. Babək oktyabrın 16-sı şəhid olub. O vaxtdan sonra gecələrdən qorxurdum. İndi yavaş-yavaş özümə gəlməyə başlamışam...


N.A:
-Mən də gecələrdən qorxurdum, sabahların açılmasını istəmirdim. Ümumiyyətlə niyə yaşadığıma təəccüblənirdim. Sonra ağrılara öyrəşdim. Dərdimi tək, gizlincə çəkməyə, kənar şəxslərin yanında şax gəzməyə öyrəşdim. Siz də sınmayın. Başınızı hər zaman dik tutun. Bizim ərlərimiz bu torpağa şərəf gətiriblər.



Aida Eyvazlı GÖYTÜRK

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qurban Qurbanov pivə butulkasının götürülməsini istədi 16 Sentyabr 2021, 23:31 Mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə işçi qrup yaradıldı 16 Sentyabr 2021, 23:28 Nazir müavini: "Ermənistanı məsuliyyətə cəlb edəcəyik" 16 Sentyabr 2021, 23:26 Ermənilərin Oxçuçayı çirkləndirməsi Moldova mətbuatında 16 Sentyabr 2021, 23:14 Bakıda mənzildə qadın meyiti tapıldı 16 Sentyabr 2021, 23:10 Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı 16 Sentyabr 2021, 22:51 “Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi 16 Sentyabr 2021, 22:45 Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36 Davos forumunun tarixi məlum oldu 16 Sentyabr 2021, 19:32  “Qarabağ“ və  “Bazel”in start heyətləri açıqlandı 16 Sentyabr 2021, 19:23 Sabiq baş nazir saxlanıldı 16 Sentyabr 2021, 19:21 Unun qiyməti ilə bağlı qərarın İZAHI 16 Sentyabr 2021, 19:11 Hərbçilər arasında yarış keçirildi - FOTO 16 Sentyabr 2021, 19:00 Zakir Həsənov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb 16 Sentyabr 2021, 18:57 Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? - AÇIQLAMA 16 Sentyabr 2021, 18:53 Tanınmış dirijor vəfat edib 16 Sentyabr 2021, 18:52
SORĞU Hansı vaksinə etibar edirsiniz?