Modern.az

Əziz Ələkbərli: "Milli Məclis günün tələblərinə tam cavab verir"

Əziz Ələkbərli:

Aktual

2 Avqust 2021, 10:22

"Bu gün Azərbaycanda dövlət idarəçiliyi sistemi və Milli Məclisin fəaliyyəti yüksək səviyyədə qurulub. Bu gün idarə, qanunvericilik və icra orqanları arasında indiyə qədər heç vaxt olmadığı qədər əlaqəli iş sistemi mövcuddur".

 

Ölkəmizdə yenidən parlamentin buraxılacağı və referendumun keçiriləcəyi ilə bağlı iddialar səsləndirilir. Milli Məclisin deputatı Əziz Ələkbərli bununla bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

-Əziz müəllim, son günlər bəzi kütləvi informasiya vasitələrində yaxın vaxtlarda Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, Milli Məclisin təkrarən buraxılacağı barədə məlumatlar yayımlanmaqdadır. Sizcə, bu, nə qədər realdır?

 

-Əgər fikir vermisinizsə, 44 günlük Vətən müharibəsindən sonra müharibənin nəticələrini gözdən salmaq üçün bütün ermənipərəst qüvvələr və onların ölkəmizdəki əlaltıları Azərbaycana qarşı dərhal hərəkətə keçdilər. Əvvəl-əvvəl sülhməramlıların regiona gəlməsini bəhanə gətirərərək Azərbaycanın möhtəşəm qələbəsi, ermənilərin isə kapitulyasiya aktına qol çəkməsi ilə nəticələnən bu müharibəni “mənasız müharibə” adlandırdılar. Gördülər millət bunu həzm etmədi, sonra şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqətsizlikdən dəm vurdular, bu təxribatları da baş tutmayanda hərbçilərin maaşının kəsilməsi məsələsini dövriyyəyə buraxdılar. Bu da alınmayanda ayrı-ayrı ziyalıları, deputatları, məmurları hədəfə aldılar, xaricdə qurduqları söyüş makinasını açıq-aşkar Azərbaycana transfer etdilər və s.

 

-Bütün bunlar nəyə görə edilirdi?

 

-Bütün bunlar əhali və onun ayrı-ayrı qrupları arasında sosial narazılıq yaratmaq, bununla da 44 günlük müharibədə qələbəmizin əsas şərtlərindən biri olan xalqla hakimiyyət arasındakı birliyi pozmaq, insanları parçalamaq, onlarda ruh düşkünlüyü yaratmaq, bununla da Azərbaycanı zəif salmaq, gücsüz etmək üçün edilirdi. Ermənilər və onların havadarları güman edirdilər ki, Azərbaycanı bu cür zəiflətməklə növbəti bir həmlədə itirdikləri mövqeləri geri qaytara biləcəklər. Bu prosesdə ən pis cəhət o idi ki, həmin qüvvələr qalib Azərbaycanın kürəyinə təxribat bıçaqlarını radikal müxalifət və beşinci kalon dediyimiz öz şərəfsizlərimizin və onlara kor-koranə inananların əli ilə vururdular.

 

-Belə çıxır ki, son şayiələr də həmin zəncirin növbəti həlqəsidir...

 

-Tamamilə haqlısınız. Diqqət edin, Azərbaycanın 44 günlük müharibədə qazandığı möhtəşəm qələbə ilə razılaşa bilməyən radikal qüvvələr yuxarıda sadaladığım vasitələrin heç biri ilə Azərbaycan dövlətini sarsıda bilməyəcəklərini görüb, indi də ictimaiyyət arasında yeni bir fikir formalaşdırmağa çalışırlar. Guya, Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcək, Milli Məclis buraxılıb proporsional əsasda yenidən seçkilərə gediləcək və s. Əslində, bu, Milli Məclis vasitəsilə hakimiyyəti ələ almaq, ələ ala bilməyəcəkləri təqdirdə Azərbaycanda hakimiyyət böhranı yaratmaq cəhdindən başqa bir şey deyil. Çünki, hamı yaxşı bilir ki, hakim Yeni Azərbaycan Partiyasını çıxmaq şərtilə Azərbaycandakı yerdə qalan bütün partiyalar yığılsa, Milli Məclisdə müvafiq sahələr üzrə komissiyalarda təmsil olunan indiki tərkibin heç beşdə biri qədər sayda və səviyyədə kadr potensialı ortaya qoya bilməz. Həmin partiyalar mənimlə razı deyilsə, qoy hər biri ilk on nəfər namizədinin siyahısını ortaya qoysunlar. Əlbəttə, bu, o partiyaların çoxunun günahı deyil, bu, daha çox dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun siyasi xəttinə xalqın yüksək inam və etimadından irəli gəlir. Bu gün Azərbaycanın kadr potensialının mütləq əksəriyyəti 44 günlük müharibədə misilsiz bir tarix yazan və yazmaqda davam edən alternativsiz siyasi Liderin – İlham Əliyevin komandasındadır. Bu gün kim ki, bu komandada deyil və ya bu siyasi xətti dəstəkləmir, mən o siyasətçini, ziyalını, kadrı, ən azı, normal insan, ikincisi, millətini, Vətənini və dövlətini sevən biri hesab etmirəm. Bunlar Azərbaycana düşmən olan xarici qüvvələrin ölkəmizdəki nökərləridir.

 

-Əziz müəllim, həmin qüvvələr bu şayiələr vasitəsilə nəyəsə nail ola bilərlərmi?

 

Qətiyyən! Bu gün Azərbaycanda dövlət idarəçiliyi sistemi və Milli Məclisin fəaliyyəti yüksək səviyyədə qurulub, bu gün idarə, qanunvericilik və icra orqanları arasında indiyə qədər heç vaxt olmadığı qədər əlaqəli iş sistemi mövcuddur. Buna ilk növbədə Prezident Administrasiyasında və Milli Məclis Aparatında aparılan struktur və kadr islahatları sayəsində nail olunub, həmin islahatlar nəticəsində Administrasiyada parlamentlə, parlamentdə isə icra orqanları ilə iş şöbələri yaradılıb və hər bir deputatın və icra orqanının həftəlik, aylıq, kvartallıq və illik fəaliyyətləri araşdırılır, ümumiləşdirilir və nəticəsi ortaya qoyulur. Əlbəttə, bu, böyük zəhmət tələb edir, amma hər kəsdə böyük məsuliyyət yaradan ideal bir sistemdir və alternativi yoxdur. Bildiyiniz kimi, digər sahələrdə də islahatlar gedir, müxtəlif dövlət orqanları bir-birinin fəaliyyətini tamamlayır, idarəetmədə şəffaflıq artırılır.

 

O ki qaldı Milli Məclislə bağlı şayiələrə, Milli Məclisin say tərkibi, eləcə də tərkibin formalaşdırılması üçün tətbiq olunan seçki sistemi uzun illərin sınağından uğurla çıxıb və hazırda günün tələblərinə tam cavab verir. Biz hamımız əvvəlki çağırışlarda da Milli Məclisin fəaliyyətini izləmişik, amma mən deyərdim ki, VI çağırış Milli Məclisin fəaliyyətində çox böyük dəyişiliklər var, bu çağırış Milli Məclis öz fəaliyyətini dövlət başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyələrinə uyğun, yüksək səviyyədə qurub, bu istiqamətdə böyük nailiyyətlər əldə edib. Mən bəzi məqamları xatırlatmaq istərdim. Məsələn, parlament seçkilərindən dərhal sonra pandemiya başladı və deputatlar bir tərəfdən ilk gündən dövlətin pandemiya dövrü siyasətinin təbliğatçılarına çevrildilər, digər tərəfdən seçicilərinin yanında olub, onların maddi və mənəvi yardımına qoşdular. Eyni vəziyyəti biz 44 günlük Vətən müharibəsi dövründə də müşahidə etdik. Müharibə başlayan gecə deputatlar təklif gözləmədən səhərə qədər efirdə oldular, xalqı məlumatsız qoymadılar. 44 gün ərzində tək deputatlar yox, Milli Məclis Aparatı da gərgin işlədi, hörmətli sədr Sahibə xanım müxtəlif ölkələrin parlament rəhbərləri ilə daim təmasda oldu, danışıqlar apardı, müharibə haqqında onlara dolğun məlumat verdi, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün gecə-gündüz işlədi. Qoy xalq özü qiymət versin, elə indinin özündə də elə gün varmı ki, azı bir neçə deputat telekanallarda çıxış edib, ölkədə, regionda və dünyada gedən proseslərə operativ münasibət bildirməsin, insanları maraqlandıran sualları birbaşa efirdən cavablandırmasın?!

 

Əlbəttə, təkcə xalqla hakimiyyət arasındakı yox, həm də hakimiyyətin müxtəlif qolları arasındakı həmrəylik Azərbaycanı istəməyən qüvvələri bu gün təmin etmir. Lakin belə qara qüvvələr bilməlidirlər ki, onlar öz çirkin niyyətlərinə heç vaxt nail ola bilməyəcəklər. Bu gün Azərbaycanın güclü Prezidenti, güclü hakimiyyəti və onları birmənalı şəkildə dəstəkləyən xalqı var. Bunu cilddən-cildə girən radikal siyasi qüvvələr, onların xaricdəki havadarları qulaqlarında birdəfəlik sırğa eləməlidirlər. Yoxsa bir gün gələcək o sırğanı taxmağa yer tapmayacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu