Bu gün Rusiyanın “Metrovaqonmaş” müəssisəsinin istehsalı olan daha 4 yeni qatar xəttə buraxılıb və bununla da Bakı metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatıb.
Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Qurum rəsmisi deyib ki, yeni qatarlar istismar müddətini başa vuran qatarları əvəzləyəcək:
“Onların əvəzlədiyi qatarlar istismar müddəti bitən gün xətdən çıxarılacaq və utilizasiyaya cəlb olunacaq”.
B.Məmmədov qeyd edib ki, yeni vaqonların maksimal sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovattdır:
“Baş vaqonun çəkisi 38, orta vaqonun isə 36 tondur. 38 oturacağı olan baş vaqonun sərnişin tutumu 315, 44 oturacaqlı orta vaqonunku isə 329 nəfərdir. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orjinal qrafikalı informasiya sistemlərindən ibarətdir.
Onun sözlərinə görə, sərnişin axını nəzərə alınaraq, yeni qatarlar əsasən, “Həzi Aslanov-Dərnəgül” sahəsi boyunca hərəkət edir.