Modern.az

“Gədə-güdələr bizi “avtobus müxalifəti” adlandırır” – Hafiz Hacıyev

“Gədə-güdələr bizi “avtobus müxalifəti” adlandırır” – Hafiz Hacıyev

15 Sentyabr 2021, 17:54

“Müalicədən sonra özümü çox yaxşı hiss edirəm. Proses başa çatıb. Artıq heç bir dərman qəbul etmirəm”.

 

Bu sözləri Modern.az-a Türkiyədə müalicə alaraq Bakıya qayıdan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. İşə çıxdığını qeyd edən partiya sədri İdarə Heyətinin iclasını keçirməyə hazırlaşdığını söyləyib:

 

“Partiya ilə bağlı qərarlar, yeniliklər olacaq. Ötən həftə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə onlayn görüşümüz oldu. Ciddi məsələlərə toxunuldu. Proporsional seçki sisteminin tətbiqi, partiyalar haqqında yeni qanunun qəbul edilməsi, ölkədə milli barışığın daha da dərinləşməsi üçün müxtəlif işlər aparılır. Yaxın günlərdə görüşün nəticələrinə uyğun müəyyən qərarların qəbulu gözlənilir. Bu məsələlərlə bağlı uğurlu debat alındığını düşünürəm və bu davam etməlidir. Partiyaların cəmiyyətdə rolu artırılmalı və xalqla partiyalar arasında ünsiyyətin aktivləşməsi vacibdir.

 

Ədalət Vəliyev təklif etdi ki, gələn aydan partiya sədrləri ilə təkbətək görüşlər də keçirilsin. Yəqin ki, artıq gələn aydan bizi yenidən ayrı-ayrılıqda Prezident Administrasiyasına dəvət edəcəklər, müzakirələrimizi davam etdirəcəyik”.

 

Hafiz Hacıyev vurğulayıb ki, bütün partiya sədrlərinin ortaq marağı, istəyi parlament seçkilərində proporsional seçki sisteminin bərpa edilməsidir:

 

“Partiyaların cəmiyyətdə rolunun yüksəldilməsi, onların aktiv şəkildə siyasi proseslərdə iştirakı üçün bu vacibdir”.

 

Partiya sədrlərinin Ağdama səfərini xatırladan H. Hacıyev onları tənqid edənlərə cavab verib:

 

“Biz Ağdama gedəndə bir-iki gədə-güdə, özündən müxalifət quran, partiya sədr olan, bacanaqları vasitəsilə üzdə qalanlar bizi lağa qoydu, “avtobus müxalifəti” adlandırdılar. Amma onlar hamısı geridəqalmış, səviyyələrinə uyğun davranan adamlardır. Biz Şuşaya da, Xankəndinə, Xocalıya da gedəcəyik. Bu torpaqlar bizimdir. Yaxın günlərdə partiya sədrlərinin azad olunmuş ərazilərimizə yenidən səfərləri nəzərdə tutulub”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir