Modern.az

Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin”

Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin”

16 Sentyabr 2021, 13:26

“Vaksin qorxusu ilə mübarizə aparmaq üçün əvvəlcə bu qorxunun səbəblərini araşdırmaq lazımdır”.

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Aygün Sultanova bildirib.

 

A.Sultanova qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, koronavirus pandemiyası bütün dünyaya sürətlə yayıldıqca, əhalinin böyük bir hissəsində, xüsusən də həssas qruplara aid olan insanlarda (yaşlılar, qayğıya ehtiyac olanlar və sağlamlıqla bağlı problemləri olan insanlar) xeyli dərəcədə qorxu, narahatlıq və gərginlik yaradıb:


“İctimai psixi sağlamlıq baxımından, bu günə qədər pandemiyanın əsas psixoloji təsiri stress və ya təşvişin yüksəlməsidir. Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər tətbiq edildikcə, bu tədbirlərin bir çox insanların adi fəaliyyətinə, gündəlik rutinlərinə və ya həyat tərzinə təsiri çoxaldıqca, onlarda tənhalıq, depressiya halları da artıb.

 
Koronovirusun psixoloji təsirləri ilə necə mübarizə aparmaq ilə bağlı ÜST-nin “Təməl psixososial bacarıqlar” adlı vəsaiti mövcuddur. Orada pandemiya müddətində sizə gündəlik həyatınızda stresi idarə etməkdə yardımçı olmaq üçün bir neçə təklif irəli sürülür. Məsələn,

 

- COVID-19 ilə bağlı yeni və doğru məlumatlardan xəbərdar olun və infeksiyanın qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinə əməl edin. Ehtiyac olduqda COVID-19 xəbərlərinə “fasilə” verin;

- Düzgün qidalanın, yuxu rejiminizə diqqət edin və hər gün fiziki hərəkətlər edin;

- Hər gün zövq aldığınız və sizin üçün mənalı fəaliyyətlərlə məşğul olun (məsələn: incəsənət, mütaliə, ibadət, dostlarla söhbət etmək);

- Dostlarınız, ailə üzvləriniz yaxud güvəndiyiniz insanlarla necə hiss etdiyiniz barədə danışmaq üçün gün ərzində beş dəqiqənizi ayırın;

Rahatlamaq üçün sizə yaxşı təsir edəcək bir fəaliyyət sınayın”.

 

Onun sözlərinə görə, uşaqlar arasında yoluxma riski daha aşağıdır və ümumiyyətlə yoluxduqda belə onlar xəstəliyi yüngül keçirirlər:

“Buna baxmayaraq məktəblərdə də gigiyenik qaydalara tam riayət olunması zəruridir. Burada əsas məsələ uşaqların qorxudulmaması və bu qaydalara riayət etmənin vacibliyinin onlara sadə dildə izah olunmasıdır. Belə ki, sağlam psixi rifah üçün uşaqlar hər zaman qorunduqlarını və təhlükəsiz mühitdə olduqlarını bilməlidirlər.

Vaksin qorxusu ilə mübarizə aparmaq üçün əvvəlcə bu qorxunun səbəblərini araşdırmaq lazımdır.

 

Məsələn, bəzi insanlar düşünürlər ki, vaksin sonsuzluq, miokardit, insult və s. xəstəlikləri yaradır. Lakin həmin problemi olan insanlarda qeyd edilən xəstəliklərin vaksinasiyadan öncə də mövcud olub-olmaması araşdırılmır.

 

İnsanlar arasında yayılan digər yanlış fikir “Sui-qəsd nəzəriyyəsi”-dir. Bəzi insanlar vaksinasiya vasitəsilə çipləşdiriləcəklərindən və beləliklə idarə olunacaqlarından qorxurlar. Halbuki, bu nəzəriyyə ümumiyyətlə ağlasılmazdır. İnsan beynində onun təfəkkürünü, davranışını və s. idarə edən 100 milyondan çox hüceyrə və 1 trilyondan çox sinaps mövcuddur və belə mürəkkəb quruluşda proqram yazmaq ümumumiyyətlə mümkün deyil.

 

Bəzi insanlar düşünürlər ki, “vaksin işləmir”. Onlar belə mülahizə irəli sürürlər ki, peyvəndləmə COVID-19-a yoluxma riskini azaltmır. Lakin bilmək lazımdır ki, vaksinlər xəstəliyə yoluxmamaq üçün qaranti deyil, ancaq vaksin olunmuş şəxslər arasında xəstəliyi ağır keçirmə və ölüm riski aşağıdır. Eyni zamanda, vaksinə qarşı insanların fərdi həssaslığı müxtəlifdir və ümumiyyətlə bəzi vaksinlər qısa, bəziləri isə uzunmüddətli təsirə malikdirlər”.

 

Nazirlik rəsmisi eyni zamanda, koronavirusdan yeni sağalanların peyvənd vurdurması ilə bağlı yaranmış suallara da aydınlıq gətirib:

“Əslində belə fikirləşən insanların düşüncəsi həqiqəti əks etdirir və onlardan xəstəliyi keçiridikləri 6 ay ərzində COVID-19 pasportu deyil, immun status tələb olunur. Bəzi insanlar eşitdikləri çox ziddiyyətli məlumatlara görə vaksin olunmaq istəmirlər. Çünki bəzən bir qisim həkimlər və ya digər ictimai statuslu şəxslər vaksinasiya ilə bağlı bir-birindən fərqli məlumatlar verirlər. Bu məlumatların hətta bir qismi qorxuducu xarakter daşıyır. Lakin bilmək lazımdır ki, onların bəhs etdikləri öz fərdi mülahizələridir və heç bir elmi əsaslı sübutu yoxdur. Düşünürəm ki, həmişə rəsmi mənbələrə inanmaq daha doğrudur. Belə ki, bu mənbələr öz statuslarını zədələyərək əhaliyə yanlış təvsirlər paylaşmırlar. Aidiyyəti qurumların verdiyi məlumatlar bu sahədə aparılan ən son elmi işlərə əsaslanır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır