Modern.az

Başını Ermənistana əyən İran “səyasətbazları” indiyədək nə din tanıyıb, nə iman... 

Başını Ermənistana əyən İran “səyasətbazları” indiyədək nə din tanıyıb, nə iman... 

Aktual

20 Sentyabr 2021, 08:43

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Qarabağ münaqişəsi başladığı gündən bugünədək İran mollalarının bu haqsızlığa münasibəti daim “İran təranələri” rəqsini oynayanlar kimi olub. Əndamını Azərbaycana, başını isə Ermənistana əyib “bura-bura” oynayan İran “səyasətbazları” bu “oyunda” indiyədək nə din tanıyıb, nə iman.

 

İran “rəqqasları” bunu Azərbaycan polisinin bir-iki gün öncə erməni maşını üstünə “yaxılmış” qondarma “dqr”-ı bayrağının rəsmini bıçaqla qazımasından sonra, bir daha sübut etdi.

 

Diqqət edin, İran XİN idarəsinin sözçüsü Səid Xatibzadə bir yandan “İran üçün qonşu ölkələrin ərazi bütövlüyü digər məsələlərdən daha vacibdir... Bütün qonşular başa düşməlidir ki, bölgədə inkişafa, sülhə və sabitliyə yalnız kollektiv əməkdaşlıq nəticəsində nail oluna bilər”, - deyir, digər yandan isə onun ordusu Azərbaycanla sərhəddə - Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə start verir.

 

Maraqlıdır, gəlişi gözəl olan bu sözlərdən sonra, bəs onda nədən İran Azərbaycanla sərhəddə hərbi təlimlərə start verir?! Bura SEPAH tərəfindən hərbi silah və texnikalar daşınır, hətta onların arasında İran istehsalı olan “Tufan” zirehli hərbi maşın da hərəkət edir?!

İndi baxın, məgər bu, sülhdən, inkişafdan dəm vuran İran mollalarının Azərbaycana qarşı təzyiqi, başqa sözlə, başlarındakı əmmamələrinin haqsızlığa doğru burulması demək deyilmi? Bu arada, bəs hanı onların Qarabağı azad edən “fətvası”? Bundan başqa, “İran üçün qonşu ölkələrin ərazi bütövlüyü digər məsələlərdən daha vacibdir”, deyən Səid Xatibzadənin doğurdanmı Ermənistanın “Qraparak” qəzetinin yazdığı Xocalı rayonunun Daşbulaq kəndi yaxınlığında salınan yeni yaşayış məntəqəsinin tikintisində işləyən 20-dən artıq iranlı fəhlə və ustanın “fəaliyyətindən” xəbəri yoxdur? Bundan əlavə, İran dini lideri ayətullah Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amilinin öz cümə xütbəsində Azərbaycan-Türkiyə-Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirərkən, İranı “şirə döndərib” Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görməsi, sadəcə bu ölkə adına utancvericidir.

 

Nə isə, əslində Azərbaycan-Türkiyə və Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təliminə başlamasından sonra, Ermənistan ordusunun sınıq-salxaq xüsusi təyinatlı bölmələrinin öz daxili sərhədlərinin şərq və cənub-şərq hissələrində təlimlərə başlamasını, Rusiyanın Belarusla “Qərb 2021” ümumi strateji hərbi təlimlər keçirməsini, o cümlədən İranın indi Azərbaycanla sərhəddə hərbi təlim keçirməyə qərar verməsini, məhz Azərbaycan-Türkiyə-Pakistan “Üç qardaş”lığından xoflanmaları kimi qiymətləndirilməlidir.

Qarabağdakı rusiyalı “sülhməramlıların” dayandıqları bütün postlarda “təhlükəsizliyin təmin edilməsi və mümkün pozuntuların qarşısının alınması” adı ilə təlim keçirmələri isə, konkret olaraq Türkiyə Ordusunun işğaldan azad edilmiş Laçında keçirilən hərbi təliminə guya açıq cavab idi. Belə olmasaydı, bundan bir qədər öncə rusiyalı “sülhməramlılar” Laçında dronlara qarşı “döyüş məşqi” keçirdikləri halda, ikinci bir təlimə nə ehtiyac var idi?

 

İndi Ermənistan rəsmiləri güney, qüzey, həmçinin qərbdən dəstək aldıqca, həmişəki kimi şər-böhtan kampaniyalarını davam etdirirlər. Ərazilərində bir nəfər belə azərbaycanlının yaşamamasına baxmayaraq, haylar həyasızlıqla Azərbaycanı “ermənifobiyada” günahlandırırlar.

 

Baxın, Ermənistan parlamentinin spikeri Alen Simonyan şənbə günü jurnalistlərə açıqlamasında azərbaycanlılar tərəfindən saxlanılan Qarabağlı uşaqlar olan avtobusla bağlı hadisəni şərh edərkən, “Azərbaycan tərəfi kiçik hadisələrə əl ataraq insanların hissləri üzərində oynamağa çalışır. Düşünürəm ki, heç kim Artsax bayrağını və gerbini silə bilməyəcək”, dedi. Separatçıların “Təhsil, Elm, Mədəniyyət və İdman naziri” Lusine Karaxanyan isə öz Facebook səhifəsində bu olayla bağlı fotoşəkillər paylaşıb, üstəlik ruslara yaltaqlanaraq onu Beslan hadisəsi ilə müqayisə edib ““Lernain Artsak” uşaq və gənclər komandasını daşıyan avtobusun başına gələnlər klassik terror nümunəsidir. Bu hadisə bizə Beslan dəhşətini bir daha xatırlatdı və hiss etdirdi. Artsax bayrağının silinməsi isə ermənifobiyanın daha bir sübutudur”, dedi.

 

İndi isə bu erməni şərçilər Gorus-Qafan yoluna alternativ olaraq 43 kilometrlik yeni yolun noyabrın sonunadək çəkilib hazır olacağını deyirlər. Hətta bu layihəyə 8 milyard 900 milyon dram sərmayə qoyulduğunu da yazırlar. Bu o deməkdir ki, ermənilər İran TIR-larını alternativ yolla Xankəndiyə yük daşımasını əvvəlki qaydada bərpa edəcəklərinə böyük ümid edirlər.

 

Bu üzdən də İran mollalarının hansı havaya oynamasından və rusiyalı “sülhməramlıların” hansı növ araq içməsindən asılı olmayaraq, Azərbaycan tərəfi necə olursa, olsun Laçın dəhlizinə nəzarəti öz əlinə almalı və İran TIR-larını birdəfəlik dayandırmalıdır. Ermənilərə məxsus maşınların üzərinə “yaxılmış” “dqr”-rı bayraq və gerblərini isə Azərbaycan polisi bu dəfə artıq Laçında qazımalıdır.  

Ancaq bununla da iş tam bitmir. Çünki, Xankəndi və digər işğalda qalan ətraf ərazilərdə özünü “ağa” sayan separatçıbaşı Arutyunyan başda olmaqla, bütün digər separatçı-terrorçular Azərbaycan Ordusunun süngüsü ilə qazıdılmayınca, Rusiya işğalçı “sabitlikdən”, İran mollaları isə dağıdıcı “inkişafdan” hələ çox danışacaq...

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu