Modern.az

Siyasi manipulyasiyalar yolverilməzdir

Siyasi manipulyasiyalar yolverilməzdir

1 Oktyabr 2021, 14:18

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında 30 il işğal altında qalan torpaqlarımızı Azərbaycan ordusu parlaq qələbə ilə azad etdi. Vətən müharibəsinin gedişində və ondan saonra da ən çox diqqətçəkən hadisələrdən biri Ali Baş Komandan, Prezident İlham Əliyevin dünyanın bir çox nüfuzlu qəzet və televiziya kanallarının müxbirlərinə verdiyi müsahibələrdir. Bu müsahibələr Azərbaycan Respublikasının Prezidentinin nə qədər yüksək səviyyəli və hərtərəfli siyasətçi olduğunu əyani surətdə təsdiq edir.

 

Belə müsahibərdən biri də məhz 2021-ci il 28 sentyabr tarixində “France-24” televiziya kanalına olmuşdur. “Regionda sülhün bərqərar olunması ilə bağlı bizim mövqeyimizə gəldikdə, mən bir neçə dəfə açıq bəyanatlar vermişəm və yəqin siz internetə baxsanız onları tapa bilərsiniz”. Bunu Prezident İlham Əliyev yuxarıda qeyd olunan kanala müsahibəsində demişdir. Bəli, sülh bəşəriyyətin həmişə arzu etdiyi dəyərlərdən olub. Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial-iqtisadi və mədəni inkişaf deməkdir. Təəssüflər olsun ki, sülh prosesinə davamlı olaraq maneə yaradan Ermənistanın uzun illər boyu Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə siyasəti regionda sabitliyə və əmin-amanlığa daimi təhdid və təhlükə olmuşdur. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası, bununla da regionda davamlı sülhün və təhlükəsizliyin təmini ilə bağlı vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilatların apardıqları uzun sürən sülh danışıqları isə heç bir səmərə verməmişdir. 2003-cü ildə Prezident seçiləndən Minsk qrupunun həmsədrlərini dəfələrlə qəbul edən İlham Əliyev Azərbaycanın öz haqq işində bir addım da olsa geri çəkilməyəcəyini və bir qarış da olsa ərazi güzəştinə getməyəcəyini qəti şəkildə bildirmişdi. Azərbaycan dövləti beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasına və regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsinə nail olmaq məqsədilə 44 günlük uğurlu əks hücum əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməklə BMT TŞ-nın qətnamələrinin icrasını təkbaşına təmin etdi. 

 

Hələ də münaqişəni yenidən alovlandırmaq istəyən qüvvələr var. Təbii ki, burada erməni lobbisinin və ermənipərəst qüvvələrin rolu çox böyükdür. Davamlı sülhü təmin etmək üçün Prezident İlham Əliyev genişmiqyaslı və uğurlu fəaliyyəti göstərib. 10 noyabr Bəyanatı yalnız Azərbaycanın maraqlarına xidmət etmir, eyni zamanda regionda sülhün daimi olmasına unikal imkanlar yaradır.

 

Müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransanın bu mövqeyi qəbuledilməzdir. Onlar bilməlidirlər ki, 30 ilə yaxın müddətdə Qarabağ problemini həll edə bilmədilər. Münaqişəni Ali Baş Komandan, Azərbaycan Ordusu və Azərbaycan xalqı həll etdi. Münaqişəni yenidən alovlandırmaq istəyən qüvvələrin yenidən bu mövqeyi sərgiləməsi Ermənistanın ziyanınadır. Ermənistan, həqiqətən, bu böhrandan, yaşadığı xaosun girdabından xilas olmaq istəyirsə, Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpası ilə bağlı təşəbbüslərinə qoşulmalıdır. Onlar bundan sonra heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan 1990-cı illərin zəif ordusu, zəif iqtisadiyyatı olan dövlət deyil. İndi güclü, qüdrətli şanlı ordumuz, hərtərəfli inkişaf edən iqtisadiyyatımız var. Bütün bunlar həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. 

 

Bir sözlə qeyd etmək istəyirəm ki, Ermənistan dövləti başa bilməlidir ki, onun yeganə çıxış yolu qonşuları ilə münasibətləri normallaşdırmaqdan keçir. Bu reallığı nə qədər tez dərk etsələr, onlar bir o qədər də tez regiondakı inteqrasiya proseslərinə qoşula bilərlər. Onlar Vətən müharibəsində Azərbaycan Ordusunun gücünü gördülər. Əks təqdirdə, unutmasınlar ki, “dəmir yumruq” yerindədir.

 

İlham Qayıbzadə,

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Binəqədi rayon filialının sədri 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır