Modern.az

Millət vəkili gənclərə səsləndi - FOTOLAR

Millət vəkili gənclərə səsləndi - FOTOLAR

1 Mart 2013, 17:07

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Beykent Universitetində Xocalı Soyqırımı ilə bağlı tədbirdə iştirak edib. Anım mərasimində çıxış edən Q.Paşayeva çıxışında bildirib ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını  dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir. Xocalı soyqırımının  bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyən millət vəkili Qənirə Paşayeva bildirdi ki, Xocalı Soyqırımını törədənlər təkcə tarix qarşısında deyil, ədalət qarşısında hesab verməlidirlər:

"Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir.  Ermənistan Azərbaycanın  20%  torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur.”

Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının  alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

 “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə Avrasiya Beynəlxalq Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və Zəka İnkişaf Mərkəzinin rəhbəri Nərgiz Paşayeva iştirak ediblər.  

Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Şamaxının millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı “Azərbaycan həqiqətləri” adlı filmlər toplusu, millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran “Hocalı Soykırımı: tanıkların dili ile”, millət vəkili Qənirə Paşayeva və Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Şaiq Aslanovun həmmüəllifliyi ilə hazırlanmış və Qaradağlı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabları, “Hocalı Soykırımı” və “Ruhum Qarabağlıdır” filmləri də təqdim olunub.

Beykent Universiteti adından millət vəkili Qənirə Paşayevaya onların dəvətini qəbul edib çıxış etməsinə görə təşəkkür edildi və bu mövzunun gənclər arasında təbliğinə görə plaket təqdim edildi.

Tədbirin sonunda konfrans iştirakçılarının sualları cavablandırılıb və ətraflı fikir mübadiləsi aparılıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu