Modern.az

Ziyalılar Forumundan AÇIQLAMA: “Milli Şurada əsl demokratik qüvvələr toplanacaq”

Ziyalılar Forumundan AÇIQLAMA: “Milli Şurada əsl demokratik qüvvələr toplanacaq”

Aktual

7 Mart 2013, 12:57



Ziyalılar Forumunun həmtəsisçisi, kinodramaturq Rüstəm İbrahimbəyovun mətbuatda dərc olunan sonuncu məqaləsi müxalif düşərgədə birmənalı qarşılanmadı. R.İbrahimbəyovun həmin məqalədə Milli Şura ilə bağlı verdiyi mesajlar bir neçə siyasi partiya rəhbərinin etirazına səbəb oldu. Xüsusən də ADP sədri Sərdar Cəlaloğlu Milli Şura ilə bağlı onlara təklifin daxil olmadığını deyərək, R.İbrahimbəyovu müxalifətin adından çıxış etməkdə ittiham edib.

Milli Şura ilə bağlı son durum nə yerdədir? Bu ideya ətrafında hansı partiylar birləşəcək?

Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü, kinossenarist Eldəniz Quliyev Milli Şura ilə bağlı Modern.az-a açıqlamasında bəzi məqamlara aydınlıq gətirib. E.Quliyev səslənən iradların əsassız olduğunu deyərək, Milli Şuranın hüquqi fəaliyyəti ilə bağlı işin davam etdirildiyini bildirib.

“Rüstəm İbrahimbəyov bu haqda açıqca qeyd edib: Milli Şura parçalanmış demokratik düşərgəni bir araya gətirmək üçün səylərini davam etdirəcək. Hazırda Milli Şuranın hüquqi fəaliyyət prinsipləri üzərində iş gedir. Bu iş başa çatandan sonra, yəqin ki, konkret olaraq demokratik düşərgəni təmsil edən qüvvələrlə danışıqlar aparılacaq”.

E.Quliyev həmçinin qeyd edib ki, Milli Şurada yalnız, əsl demokratik qüvvələr toplanacaq.

“Mən bunu vurğulayıram ki, söhbət həqiqətən demokratik düşərgəni təmsil edən qüvvələrdən gedir, harasa bağlı olan, kiminsə yaratdığı partiyalardan yox. Sadəcə ölkədə demokratik islahatların həyata keçirilməsini istəyən qüvvələrdə danışıqlar gedəcək. Mən inanmıram ki, hər hansı siyasi partiya rəhbəri bu işdə qaranlıq məqam görsün. Çünki hamımızın istəyi odur ki, Azərbaycanda ədalətli seçki keçirilsin. Mənə elə gəlir ki, deklorativ sözlərdən əmələ keçməyin vaxtıdır “-deyə E.Quliyev bildirib.

Qeyd edək ki, Ziyalılar Forumunun həmtəsisçisi, kinodramaturq Rüstəm İbrahimbəyov mətbuatda dərc olunan sonuncu məqaləsində Milli Şura ilə bağlı məsələyə toxunaraq müxalif düşərgəyə xüsusi mesajlar verib.

Anar RÜSTƏMOV  
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər