Modern.az yeni layihəsini oxuculara təqdim edir
Modern.az yeni layihə ilə görüşünüzə gəlir. “Zaman axarında” adlanan bu layihədə müxtəlif illərin ən mühüm hadisələrini xatırlamaqla oxuculara ömürlərinin bir kəsimi ətrafında yaşadıqları, bəlkə də diqqət göstərmədikləri hadisələrə ayna tutacağıq. Layihənin orjinallığı isə müxtəlif illərdə baş verən ən müxtəlif hadisələrin insanın yaşam tərzində buraxdığı izləri göstərməsirir.
Biz 1985-ci ildən başladıq. Bu səbəbsiz deyil. Keçmiş SSRİ vətəndaşları olan azərbaycanlılar üçün 1985-ci il yeni dövrün başlanğıcı idi. Brejnev “durğunluğu”nun başgiccələndirici tənqidləri ilə müşayiət olunan o illər bir çox maraqlı hadisələrin şahidi olub.
Çernenkonun tabutunu aparan xallı Mişa...
1985-ci il SSRİ-də yaşayan xalqlar üçün “Apokalipsis”in ilk ili oldu. Axşam zavoddan işdən yorğun-arğın qayıdan sovet zəhmətkeşi televizorda Sov.İKP-nin baş katibi Konstantin Ustinoviç Çernenkonun vəfatı xəbərini eşidir. Bu xəbər sovet vətəndaşları üçün o qədər də qeyri-adi deyildi: çünki hələ bir neçə ay əvvəl qoca, əldən düşmüş Çernenkonun iki nəfərin köməyi ilə SSRİ Ali Sovetinə seçkilərə səs verməyə gətirildiyi kadrlar TV-də göstərilərkən bu ictimaiyyət arasında gizli mətbəx pıçıldaşmalarına rəvac vermişdi. Brejnev, Andropov, Çernenko... Novbə kimin olacaq? Siyasi Büronun qocaları kifayət qədər idi. Hamı Çernenkonun dəfni zamanı tabutun başında kimin duracağını maraqla gözləyirdi. Adətən tabutun başında durub, ailəyə başsağlığı verən şəxsin artıq yeni rəhbər olacağı şübhəsiz idi. Milyonlarla insan televiziorda az tanıdğı bir şəxsi tabut başında gördü - Mixail Qorbaçovu... Kommunistlərin yeni rəhbəri, sovet dövlətinin yeni lideri... Hamı dərindən nəfəs aldı. Siyasi Büronun başı əsən qocalarından fərqli olaraq, cavan və gümrah görünən Mixail sovet vətəndaşlarını qane edə bilmişdi.
1985-ci il martın 11-də Mərkəzi Komitəsinin plenumu Mixail Qorbaçovu Sov.İKP-nin baş katibi seçir. Ənənəvi siyasi “varis” təyinatını sıradan təyinat kimi qarşılayan sovet vətəndaşları bilmirdilər ki, dazında qəribə bir xal olan yeni baş katib SSRİ-nin süqutunun əsasını qoyanlardan olacaq. Bu hələ bir neçə ildən sonra baş verəcəkdi. Hələik isə DTK və hərbi sənaye kompleksinin müşayiəti ilə Kremlə gələn Qorbaçovu Əfqanıstanda davam edən müharibə və böhrana düşmüş sovet iqtisadiyyatı gözləyirdi. Nədənsə 1985-ci il SSRİ-də Mixail Qorbaçov tərəfindən dərin siyasi və iqtisadi islahatlar ili kimi təqdim edilir. Amma bu, heç də belə deyil. 1985-ci ildə SSRİ-də hakimiyyət başına gəlmiş Mixail Qorbaçovun “sürətləndirmə” çağırışı altında siyasi idarəetməni təkmillşədirməyin vacibliyi barədə olan tezis birmənalı qarşılanmadı. Bu heç də Qərbsayağı “demokratiya” tezisləri deyildi. İlk addım nizam-intizam tədbirlərinin gücləndirilməsi və alkoqol əleyhinə “quru qanun” təşəbbüsü ilə bağlı oldu.
Həmin ilin may ayında səhər qəzetləri oxuyan sovet insanları gözlənilməz bir qərarı təəccüblə oxuyurdular. Nə baş verdiyini başa düşməyənlər əlavə şərhi gözləyirdilər. Söhbət mayın 16-da SSRİ Ali Sovetinin qəbul etdiyi “Sərxoşluğa qarşı mübarizə tədbirləri” barədə sərəncamdan gedirdi. Bütün SSRİ-də spirt “bir nömrəli düşmən”ə çevrilir. Məsələ hətta absurda qədər yüksəlir: araq içmək siyasi sayıqlığı əldən vermək ittihamına qədər artır. SSRİ-nin müsəlman respublikalarından fərqli olaraq, digər yerlərində bu qərara münasibət birmənalı olmur. TV-lərdə “Quru qanun”un təbliği üçün içkisiz “komsomol toylar”ının nümayişi geniş vüsət alır. Əhali anlaşılmazlıq içindədir. Araq içmək heç vaxt SSRİ-də bu formada qəti şəkildə qadağan edilməmişdi. Amma indi piştaxta altından gizli satılan araq şüşələri bəlkə də Qorbaçov islahatlarının başında çiliklənəcək ilk cingiltilər idi. 3 ilə qədər davam edən proses Azərbaycanda “Ayıltma məntəqələri”ndə saxlanılan içki düşkünlərinin, xroniki “alkaşların” hesabına doldurularaq Mərkəzə göndərilən hesabatlarla yadda qaldı.
Harri Kasparov və Əbdürrəhman Vəzirov
1985-ci il Azərbaycan üçün yaddaqalan il oldu. Noyabrın 10-da Moskvada şahmat üzrə dünya çempionu adı uğrunda yarışda bakılı Harri Kasparov 13-cü dünya çempionu olur. Bu xəbər Azərbaycanda bomba kimi partlayır. 1963-cü ildə yəhudi Kim Vaynşteyinin ailsəində doğulan Harrinin şahmatda fövqəladə qabiliyyəti uşaqlıqdan diqqəti çəkir. Vaşynşteynlər ailəsini Bakının şəhər elitasında yaxşı tanıyırdılar. Harrinin babası və əmisi Moisey və Leonid Vaynşteyn Bakıda bəstəkar kimi məşhur idilər. Burada ən maraqlı və intiriqa doğuran məqam isə Leonid Vaynşteynlə bağlıdır. Harri Kasparovun əmisi arvadı 80-ci illərin sonunda Azərbaycanın rəhbəri olmuş Əbdürrəhman Vəzirovun doğma bacısı idi. Düzdür, o zaman 70-ci illərin Bakısında bu nigah hələ heç nə demirdi. Çünki Azərbaycan komsomolunun ikinci katibi olan Vəzirov üçün qarşıda diplomatik karyera, xeyli sonra isə partiya vəzifəsinə irəli çəkilmək dururdu. Kasparovun atası “Bakılı Oğlanlar” KVN qrupunun 70-ci illərdə kapitanı olmuş Yuli Qusmanın atası ilə əmioğlu idi. Professor Qusman Azərbaycan SSR Səhiyyə Nazirliyində 4-cü idarəsinin rəhbəri olub. Bu idarə isə yüksək rütbəli məmurlara tibbi xidmət göstərirdi.
Atası Kim Vaynşteyn xəstəlikdən vəfat etdikdən sonra erməni əsilli anası Klara Kasparyan balaca Harrinin soyadını dəyişir. Klara ana soyadı olan Kasparyanın sonluğuna “ov” şəkilçisi ataraq oğlunu rəsmən erməniləşdirir. Bunu əsaslandırmaq üçünsə erməni hiyləgərliyinə əl atır: guya yəhudi soyadı gələcək şahmat karyerasında oğluna problem yarada bilərdi.
1979-cu ildə beynəlxalq qrossmeyster dərəcəsini alah Harrini Heydər Əliyev qəbul edir və onu hamiliyə götürür.
Onun 1984-cü ildə şahmat üzrə dünya çempionu Anatoli Karpovla 159 günlük oyunu bütün Azərbaycan diqqətlə izləyirdi. O hələki “bizim Harri” idi. Azərbaycan SSR-inin beynəlmiləl vətəndaşları üçün bu ölkədə sosializm yarışının qalibi olmaq, planı doldurmaq və axşam kinoteatrda hind filiminə baxıb dincəlmək prioritet idi. Hələ Aqanbekyanın Qarabağla bağlı “Humanite” qəzetinə müsahibəsinə 2 il qalırdı. “Bizim Harri”nin Karpovla görüşü bütün şahmat tarixində ilk dəfə olaraq yarımçıq saxlanılır. 1985-ci ilin noyabrında keçirilən final yarışı qalmaqlla başlanır: Kasparov Almaniyanın “Şpigel” jurnalına müsahibəsində sovet Şahmat Federasiyasını antisemitizmdə ittiham edir. SSRİ Şahmat Federasiyasının iclası çağrılır və Kasparova “dövlətə qarşı çıxış” ittihamı irəli sürülür. Məsələ böyüyür. Bu zaman işə partiya elitası qarışır. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev və Sov.İKP-nin ideologiya şöbəsinin rəhbəri Aleksandr Yakovlev Kasparovu xilas edirlər. Belə qalmaqalla başlanan yarışda Kasparov Karpovu məğlub edərək “tacı” onun əlindən alır. Bu Bakıda böyük sevincə səbəb olur. “Bizim Harri”nin maşından düşərər şad-xürrəm anası və dostları ilə görüş lentini izləyən benəmliləlçi azərbaycanlılar göz yaşlarını saxlaya bilmirdilər.
1986-cı ildə Kasparov Azərbaycan Pedaqoji İnstitutunu bitirir. Onun sonrakı taleyi isə Moskva ilə bağlanır. 1990-cı ildə 20 yanvar ərəfəsində Bakını tərk edən Kasparov sonradan doğulduğu və uğur qazandığı bu şəhər barədə susmağa üstünlük verəcəkdi: Kasparov ömürünün ən yaxşı illərini yaşadığı Azərbaycanla bağlı səhifəsinə qayıtmaq istəmirdi. Ondan dəfələrlə Bakı barədə danışmağı xahiş etsələr də, o susurdu, qaçırdı.. Nə deməli idi? Uğurlarının səbəbkarı kimi Azərbayacanı, onun vətəndaşlarını göstərsəydi bu onun üçün yaxşı nəticələnməyəcəkdi. O yalnız bir dəfə Bakını “adi imperiya şəhəri” adlandırmışdı. Vəssalam. “Mən Moskvanın paytaxt olduğu bir ölkədə doğulmuşam. Və bu ölkədə yaşamağa davam edirəm”-deyən Harri keçmişi xatırlamağa yenə də qorxmuşdu.
“Doğluduğum Bakıda orta məktəbi bitirərəkən sinif yoldaşlarımın yarıdan çoxu azərbaycanlılar idi. Biz necə deyərlər, rus düşüncəli idik”. Stop! Hiyləgər bir nostalji tipində deyilən bu sözlər əslində onun hansı Bakı üçün darıxdığını aydın göstərir: “Bizim Harri” beyəmliləl Bakı üçün darıxır. Azərbaycanlıların yeni nəsli üçün Harri Kasparov adı indi heç nə demir. O olsa-olsa, şahmat həvəskarları üçün adını dünya çempionu kimi yaza bilmiş bir şahmatçıdır. O, indi sovet Bakısı və 70-ci illərin “Torqovıy” küçəsi üçün nostalji keçirən bir kəsimin yaddadşında qalıb.
“Həzi Aslanov” filminin gizlinləri...
1985-ci ildə SSRİ Böyük Vətən Müharbəsində Almaniya üzərində qələbəsinin 40 illiyini qeyd edirdi. Bu qələbənin hərbi-siyasi əhəmiyyətinın təbliği sovet elitası üçün həmişə mühüm əhəmiyyət daşıyıb. Sovet İttifaqı qələbənin 40 illiyini böhran vəziyyətində olan iqtisadiyyatı və dövlət səviyyəsində qəbul edilmiş “Ərzaq Proqramı” ilə qarşılayırdı. Böyük Vətən Müharibəsində Azərbaycanın iştirakı ona baha başa gəlmişdi. Kişi əhalisinin yarıdan çoxunu itirən ölkə faktik oaraq özünün milli sərvəti olan nefti müharibəyə havayı göndərməklə faşistləri məğlub etməkdə misilsiz yardım göstərmişdi. Amma Bakıya “Qəhrəman Şəhər” statusunu vermədilər... Bu barədə söhbət gedə bilməzdi. Rusların böyük qələbəsində hər hansı kiçik müsəlman ölkəsini şərik çıxarmaq siyasi sayıqlığın itirilməsi demək olardı. Axı Stalin Qələbə ziyafətində öz şampan dolu qədəhini “Böyük rus xalqının şərəfinə” deyərək qaldırmışdı. Bununla da müharibənin taleyini həll edən xalqın statusu bəlli olmuşdu. Digərləri isə yalnız bu böyük qələbədə rusların yanında vuruşaraq dəstək verirdilər... 1985-ci ildə qələbənin 40 illiyində Azərbaycan kinoteatrlarında “Sizi dünyalar qədər sevirdim” filmi çıxır. Görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş yolundan bəhs edən film ölkədə ciddi müzakirələrə yol açır. Azərbaycanda ayrı-ayrı qəhrəmanlar haqqında sənədli oçerk-filmlər çəkilsə də, bu film müharibədə iştirak edən qəhrəman azərbaycanlı obrazının ilk ekran təcəssümü idi. Sumqayıt teatrına təzəcə işə düzəlmiş 28 yaşlı gənc aktyor Ramiz Novruzov bir anlığa SSRİ-də məşhur simaya çevrilir. Film böyük uğur qazanır. Müharibə veteranları kadrları izlədikcə ağlayır, gənclər şıq general formasında olan Ramizə qibtə ilə baxırdılar. Cəmi dörd ildən sonra isə yaralanmış Həzi Aslanovu ilk olaraq müayinə edən gürcü həkimin açıqlamaları SSRİ vətəndaşlarını, o cümlədən azərbaycanlıları şoka salacqdı. Bəlli olacaqdı ki yüngül yaralanmış Həzi Aslanov heç də iddia olunduğu kimi, güllə yarasının yox, erməni xəyanətinin qurbanı olub. Daha sonra ikinci şok yaşanacaqdı: sən demə Həzi ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülübmüş. Bu barədə qərarı uzun axtarışlardan sonra SSRİ Müdafiə Nazirinin arxivindən tapırlar. Ermənilərin əhatəsində olan Mixail Qorbaçov hec bir vəchlə ikinici ulduz barədə olan qərarı təsdiq etmək istəmirdi. Sənədin həqiqilyini yoxlamaq üçün komissiya təşkil edilir. Məlum olur ki, bu qərar saxta deyil. 1989-cu ildə ikinici qızıl ulduzu ölümündən sonra Həzi Aslanova verirlər.
1985-ci ildə, hələ bunlardan xəbərsiz sovet vətəndaşlarının baxdığı “Sizi dünyalar qədər sevirdim” filmi görünməmiş gəlir gətirir. Taleyin qədərindənmi, ya nədənsə 1986-cı ildə Novorossiyskdə qəzaya uğrayan “Admiral Naximov” gəmisinin batan sərnişinləri də qəza günü bu filmə baxırmışlar...
“Zaman axarında” sizə xatırladacağımız tarixin bir ilində diqqətimizi çəkənlər bunlardan ibarət oldu. Tarix isə unudulmaq üçün yox, ibrət almaq üçündür..
|
|
|
|
|
|
|
|
|
|