Azərbaycanda hansı məmura tibb sahəsinin vəziyyəti barədə sual ünvanlasan, “hər şey yaxşıdır, səhiyyəmiz inkişaf edir” deyə cavab verəcək. Amma səhiyyəmizin inkişafından ağızdolusu danışan məmur təbəqəsinin nəinki yüksək, hətta orta çinli nümayəndələri, eyni zamanda imkanlı şəxslər müalicə və müayinə üçün xarici ölkələrə üz tuturlar. Məsələn, daha imkanlılar Almaniyaya, nisbətən az imkanlılar İranda müalicə olunmağa gedirlər.
O zaman ortaya məntiqi sual çıxır: Azərbaycan səhiyyəsinin inkişafından danışırsınızsa, niyə sağlamlığınızı öz həkimlərimizə etibar etmirsiniz?
Modern.az-ın əməkdaşı bu tendesiyanın səbəbini öyrənmək üçün uyğun olaraq həkim və iqtisadçı ekspertlə əlaqə saxlayıb.
Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, dünyanın hər yerində öz ölkəsindən kənarda tibbi müayinə və müalicəyə gedənlər var. Yəni bu bir tendensiyadır. Onun sözlərinə görə, hətta bəzən müəyyən fərqlər müqabilində hətta inkişaf etmiş ölkələrin də özlərindən başqa yerə müalicəyə gedənlər var. Məsələn, Türkiyədə yaşayır, amma Almaniya və ya Amerikada cərrahiyə əməliyyatı olunur.
“Amma təbii ki, bu Azərbaycanda daha kütləvi şəkildədir. Əvvəla dünyanın hər yerində sığorta təbabati var və bu sığorta təbabəti vətəndaşların müəyyən tibbi ehtiyaclarını ödəyə bilir. Ən azı təxirəsalınmaz yardımı, doğuşu, digər tibbi və müalicə xərclərini örtür. Bizdə vətəndaşların tibbi sığortası olmadığı üçün, müalicədə bəzi problemlərlə yaşanır. Ondan başqa, bəzən xəstələr lazımı mütəxəssisə müraciət eləmir, bir neçə həmin peşədən olmayan həkimləri əlinə düşür, müalicədən narazı qalır və nəticədə qonşu ölkələrə - İrana, Rusiya və Türkiyəyə üz tutur”.
Həkim qeyd etdi ki, bu kütləvi axının əsasında insanların Azərbaycan təbabətinə güvənin hələ yetərincə olmaması faktı dayanır.
“Məmurların da çoxu müalicə üçün xaricə axışır. Bütün bunlar hamısı ümumi tendensiyadır. Amma mən hesab edirəm ki, milli səhiyyə inkişaf etdikcə, peşəkarlıq artdıqca ona imam güclənir, bu məsələlər yavaş-yavaş öz yerinə düşəcək”.
Professor bir məsələyə də diqqət yetirməmizi istıdi. Məsələn, çox vaxt İrana və ya başqa yerlərə gedən xəstələrin özləri mülaicədən narazı qalırlar, yenə Azərbaycana üz tuturlar.
“Əgər xatırlıyırıqsa Bəxtiyar Vahabzadə vaxtilə Türkiyənin ən yaxşı klinikalarından birində cərrahiyyə əməliyyatı olundu. Amma sonradan onda qanaxma baş verdi və şair təkrar Azərbaycanda əməliyyata məruz qaldı, sağlamlığı normaya salındı. Bu cür hallarla da rastlaşırıq. İran və ya başqa ölkədə əməliyyat olunur, nəticə yaxşı olmur və xəstələr narazı olurlar. Bütün bunlar göstərir ki, dünyanın harasında olursa olsun təbabətin tam həllini tapmadığı müəyyən məsələlər var ki, hələlik onların qarşısında acizdir”.
Adil Qeybulla bəzən haqlı olaraq Azərbaycanda müalicənin nəticəsindən narazı qalıb xaricə üz tutanların da olduğunu qeyd etdi. O, bunun səhiyyəmizdə tam sistemin olmaması ilə əlaqələndirdi.
“Bir şeyi nəzərdə tutmaq lazımdır ki, Azərbaycan səhiyyəsinin ayrı-ayrı qolları artıq Qərb, Avropa səhiyyəsinə inteqrasiya edir. Lakin biz uzun dövr ərzində sovet səhiyyə sistemi ilə işləmişik və keçid dövrünü yaşayırıq, təbii ki burda da problemlər olmalıdır”.
A.Qeybulla xəstələrin İrana və digər ölkələrə üz tutmasının bir səbəbinin də Azərbaycanda orqan köçürülməsi kimi mürəkkəb əməliyyatların həyata keçirilməməsi ilə izah edir.
“Bəzi məsələlər var, qaraciyər köçürülməsi, müxtəlif əməliyyatlar Azərbaycanda icra olunmur. Bunun da səbəbi bizdə orqan transplantasiyasının tam həllini tapmamasıdır. Bu məsələdə əhalini xeyli maarifləndirmək lazımdır. Ölkəmizdə insanlar müxtəlif kliniki beyin ölümü keçirən şəxslərin orqanlarının çıxarılmasına qətiyyən razılıq vermirlər. Ona görə də, bu məsələlərin texniki, mənəvi, psixoloji tərəfləri cəmiyyətdə öz həllini tam tapmamış Azərbaycanda orqan transpalantasiyası yetərincə yayılıb inkişaf etməyəcək və insanlar yenə də xaricə üz tutacaqlar”.
İqtisadçi ekspert Nazim Məmmədov avtomobil və onun ehtiyat hissələrini almaq üçün azərbaycanlılarının daha çox Gürcüstana getməsinin səbəbini belə açıqlayıb:
“Gürcüstan höküməti xarici iqtisadi əlaqələrində çox gözəl liberal siyasət yürütdüyünə və eyni zamanda çoğrafi mövqeyinə görə üstünlüklər əldə edib. Bilirik ki, ucuz və sərfəli daşımalar gəmi vasitəsilə həyata keçirilir. Gürcüstanın da limanları bu işə bir növ hələ Sovet İttifaqı vaxtından uyğunlaşıb. Yaponiya, Amerika, Avropanın okeana çıxışı və dənizdə limanları olan ölkələri vasitəsilə ucuz nəqliyyat xərcləri həyata keçirən və eyni zamanda ölkədə liberal bazar münasibətləri tətbiq edən Gürcüstan son illər ayrı-ayrı sahələr üzrə bölgə dövlətlərini üstələyir”.
İqtisadçı ekspertin sözlərinə görə, nəinki Azərbaycan, Ermənistan və yaxud regiona yaxın olan Rusiyanın cənub bölgəsinin əhalisi, hətta orta Asiyanın bir çox ölkələrinin avtomobil sevənləri Gürcüstan bazarına, ən əsas da son illər fəaliyyət göstərən Rustavi bazarına üz tuturlar. O, hesab edir ki, bu həm iqtisadiyyat üçün sərfəlidir, həm də insanlar üçün normaldır.
“Gürcüstanda bu saədə nəinki daha operativ xidmət göstərilməsinə, həm də qiymət ucuzluğuna həsəd aparmaq olar. Bunun səbəbi isə xarici iqtisadi əlaqələrin sadə və insanlara çatımlı olmasıdır. Gürcüstanda az gömrük rüsümu tətbiq etməyə, əsas da dövriyyədən daha çox qazanmağa üstünlük verirlər. Bu baxımından hökümət Gürcüstan sahibkarlarının bu sahədə daha çox əl-qol açmasına köməklik edir. Həm də iqtisadi-coğrafi şərait, dəniz limanlarının da olması burda mühüm rol oynayır”.
Aytən ƏLİYEVA