Modern.az

Cəsurlar - risk edən müğənni və jurnalist xanımlar

Cəsurlar - risk edən müğənni və jurnalist xanımlar

Ölkə

10 Dekabr 2014, 12:22

jurnalist,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü

Tanınmış şəxsiyyətlərlə bağlı maraqlı, məzəli, bir az da kövrək hisslər oyadan əhvalatlar

Dədəm Qorqud unudulmuşdu,  yad ünsürlər nüfuzdaydı

İdeya xalq artisti Brilyant Dadaşovadan gəldi. Yenicə yazılmış bir mahnıya klip çəkdirmək istəyirdi. Açığını deyim ki, o vaxtlar klip dəbdə deyildi. Lakin biz “Dalğa” verilişi üçün planlaşdırmaq istədiyimiz mahnını müxtəlif obyektlərdə lentə almaqla bir növ klip çəkmək istəyirdik. Çəkilişi  primitiv üsulla – adi “Panasonic” kamerası ilə, heç bir səsgücləndirici dinamikllər qoyulmadan lentə yazmağı qərara aldıq. Nə mahnının sözlərinin, nə də bəstəkarın kim olduğunu  bilirdik. Deyəsən, mahnı bədii şuradan da keçməmişdi.
Mahnının sözlərindən məlim olurdu ki, sovet imperiya quruluşunun qadağaları sərt şəkildə tənqid olunurdu. Şeirin əsas məzmunu belə idi: “Dədəm Qorqudun abidəsi yox, bizə yad adamların heykəlləri çox”. Şaumyanların, avakyanların, kirovların, nə bilim, daha kimlərin abidə - heykəlləri nəzərdə tutulurdu. O dövrdə bu çox qorxulu addım idi, amma risk edib çəkilişə başladıq. 1989-cu ilin əvvəli idi. Sovetlərin  çökəcəyinə ümidlər çox idi. Lakin hər halda bizi təhlükə də gözləyirdi.

Ümidlər doğruldu. 1991-ci il dekabrın 5-də Boris Yeltsin, Ukrayna və Belorus rəhbərlərinin birgə imzaladıqları sənədlə SSRİ ləğv olundu.

Sergey Mironoviç Kirovun, XI Qızıl ordunun, Dzerjinskinin abidələri önündə, mikoyanın, şaumyanın , avakyanın (bu qüsur deyil, onların ad-familiyaları balaca hərflərlə yazılmalıdır) heykəlləri, adları verilmiş müəssisələri qarşısında çəkilişlər apardıq: cəsur müğənni fonoqramla mahnı oxuyurdu. Mahnının səsi mənim avtomobilimdəki, bəzi yerlərdə “Vef” radioqəbuledicinin maqnitofonlardan yayılırdı. Zavallı müğənni bu səsləri güc-bəla ilə eşidirdi. Ətrafa yığılan adamları duyuq  salmamaq üçün bəzən çəkilişi dayandırırdıq..


Əl-qərəz, necə deyərlər, klip hazır oldu və bir-neçə dəfə efirdə səsləndi. Yuxarılardan səs-soraq çıxmadı. “Dalğa” efirə gedən günün səhəri rejissor Şahin Əlibəyli (Allah rəhmət eləsin!) gülə-gülə otağa girib mənə yaxınlaşdı, qucaqlayıb təbrik etdi. Mənalı-mənalı üzümə baxıb:
- Mülatif, gedirik?
“Hara?” sualını vermədim. Bildim ki, o 37-ci ilə eyham vurur.
Təhlükə arxada qalmışdı, tezliklə dövran da dəyişdi. Bizə isə nə “sağ olun” deyən oldu, nə də cəza verən. Bu hərəkətın ən cəsuru Brilyant Dadaşova idi. O vaxtlar çox adam meydana çıxmışdı ki, sovet quruluşunu biz dağıtdıq. Biz isə dövrün qəhrəmanını Brilyant Dadaşovanın cəsurluğunda gördük. Əhsən, igid müğənnimiz! Həyatda heç nə unudulmur.

Həyatını təhlükəyə atan gənc jurnalist

Deyirdilər ki, AzTV-nın informasiya departamentinə işə o qədər cavan oğlan-qız götürüblər ki, əllərindən bir iş gəlmir. İlk vaxtlar mən də belə fikirləşirdim. Amma bir qənaət mənə də hökm kəsilmişdi: “heç kim peşəyə anasının bətnində yiyələnmir”.

Bu gənclərlə tanışlıqdan sonra gördüm ki, onların arasında necə istedadlı, cəsur, peşəsinə qəlbən vurulan qələm sahibləri var: - Mehriban Əfəndiyeva, Südabə Cahangirli, Tural Məmmədov, Xəyalə Məmmədova əsl od parçalarıdır.

Bir gənc xanımın efirdə gedən cəsarətli süjetləri məni heyran qoyurdu. Çox məhsuldarlığı bir yana qalsın (bəzən gündə dörd-beş süjet hazırlayırdı) çox cəsarətli mövzulara əl atırdı, savadı da yerli-yerində. Bu Günel Habilqızı idi.

Bir gün efirə gedəcək süjetlərə baxanda  Günel xanımı qəribə, bir az da qorxunc bir epizodda gördüm: kadrda parıltılı gözləri oynayan pələng görkəmli iki it – ortada
Günel xanım, əlində mikrofon.

Gömrükdən hazırladığı  süjet idi.

- Günel xanım, bəs siz deyirdiniz ki, itdən çox qorxursunuz?

- Süjetin maraqlı çıxması xatirinə ...

Dənizkənarı bulvardakı saat qülləsinin lap yuxarı meydançasında (meydança deyəndə, cəmi yarım kvadratmetlik yerdə) Günel xanım əlində mikrofon reportaj aparır. Təəccübləndim. Axı, bu hündürlüyə çox adam tab gətirə bilmir, başgicəllənmə təhlükəsi yaranır. Açığı, özü də titrəyirdi, ancaq özünü o yerə qoymadı.

- Süjet maraqlı çıxsın deyə...


Ötən illərin qış fəsillərindən birində sərt şaxta Bakını dondurmuşdu. Xəzər sahillərinin səthi də Xaçmazdan üzübəri dənizə doğru 10-15 metr enində buz bağlamışdı.  Günel xanım sahildən təxminən 15 metr aralıda dənizə tərəf irəliləyib reportaj aparırdı. Axı, kim zəmanət verə bilərdi ki, buz örtüyü getdikcə nazilməyəcək, zavallı jurnalist qırılan buz parçaları arasında qalmayacaqdı.

- Süjet maraqlı çıxsın deyə risk etdim...

Doğrudur, sonradan başqa reportyorlar da bunu təkrar etdilər. Amma ilk möhürü bizim cəsur xanım vurmuşdu.

O cəsur olduğu qədər də narahat, məsuliyyətlidir. Günel xanımın “Ülvi” şadlıq sarayında keçirilən toy mərasimində bəy-gəlin masasının arxasında əyləşmiş gəlinin bütün diqqəti qonaqlarda idi. Kim harada oturdu, hansı masaya nə verdilər, xanəndə nə oxudu – bütün bunları izləyir, gah baxışları ilə, gah da cib telefonu ilə göstərişlərini verirdi.

- İstəyirdim ki, toyum da maraqlı keçsin...

Günel xanımın yazılarında bir  axıcılıq, rəvanlıq, bir kövrəklik hiss olunur. Mən onun ilk azərbaycanlı təyyarəçi qadın haqqında yazısından elə zövq aldım ki, sanki bu ağbirçək pilot yenidən təyyarənin sükanı arxasında oturacaq, onu gənclik illərindəkitək səmaya qaldıracaq, uçacaq, uçacaq, elə hey uçacaq !

Ümidvarıq ki, Günel xanımın da bütün  istəyi, arzuları səmaya yüksəlib onu daha böyük uğurlara qovuşduracaq, şair demişkən “Quş qanadla uçar, insan arzuyla”.
Arzuların çin olsun, Günel xanım! ..

P.S. Riskli olmaq yaxşıdır. Amma bu qədər də yox! “Ehtiyat igidin yaraşığıdır” deyiblər müdriklər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı