“Bakı Metropoliteni fəaliyyət göstərdiyi 43 il ərzində böyük inkişaf yolu keçərək 22 stansiya və 32,9 kilometr yeraltı polad yolları əhatə edən şəbəkəyə çevrilmişdir”. Bu sözləri noyabrın 4-də Bakı Metropoliteninin rəisi Tağı Əhmədov prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunmuş iclasda söyləyib.
T.Əhmədov deyib ki, 2002-2003-cü illərdə 50 ədəd, 2004-2010-cu illərdə isə 116 vaqon alınıb. Bu da öz növbəsində, metropolitendə qatarların hərəkət intervalını 120 saniyəyə qədər azaltmağa imkan yaradıb. Son illərdə illik sərnişindaşıma 175 milyon nəfərə çatıb.
T.Əhmədov deyib ki, Bakı Metropoliteni dünya metropolitenləri arasında ən ucuz gedişhaqqı olan nəqliyyat vasitəsidir.
Onun sözlərinə görə, hazırda metropolitenin şimal sahəsinə daxil olan VI stansiyada və “Dərnəgül” deposunda inşaat işləri aparılır. Yaşıl xəttin davamı olaraq, həmin stansiyanın istismara verilməsi 2011-ci ildə nəzərdə tutulub.
“Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında da inşaat işlərinə başlanıb və hazırda sürətlə davam etdirilir. Bu stansiyalar arasında hərəkət təşkil etməklə sərnişinlərin “Memar Əcəmi-2” stansiyasından mövcud xətlərə keçmələri təmin olunacaq.
T.Əhmədov deyib ki, “Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı”nın və yeni perspektiv sxeminin texniki-iqtisadi əsaslandırma işlərini yerinə yetirmək üçün tender keçirilib, nəticədə metro tikintisi sahəsində böyük təcrübəyə malik, beynəlxalq miqyasda tanınmış Fransanın “SYSTRA”, İngiltərənin “Mott MacDonald” və Koreya Respublikasının “Saman” şirkətlərinin iştirakı ilə Beynəlxalq Konsorsium yaradılıb.
Konsorsium tərəfindən Bakı şəhərinin yeraltı nəqliyyat şəbəkəsinin beynəlxalq standartlara uyğun ictimai nəqliyyat sistemi səviyyəsində inkişaf etdirilməsi məqsədilə metropoliten xətlərinin perspektiv sxemi hazırlanıb. Bu işlərin icrası zamanı həmin xətlərin genişləndirilmiş şəbəkəsinin və ən münasib perspektiv sxemin tətbiq olunması üçün müfəssəl sosial-iqtisadi təhlillər aparılıb, ictimai nəqliyyat üzrə sərnişinlər arasında sorğu keçirilib. Sorğu nəticəsində sərnişinlərin ictimai nəqliyyata tələbatı, eləcə də gediş-gəlişin orta məsafəsi, səbəbi və tezliyi müəyyən edilib. Sosial araşdırmalar üzrə hesabatlarda ehtiyat nəzərə alınmaqla, Bakı əhalisinin illik artım tempi 2,5 faiz götürülüb.
Perspektiv inkişaf sxeminin texniki-iqtisadi əsaslandırma işləri zamanı stansiyaların uzunluğu 7 vaqon üçün 140 metr, gələcəkdə tunellərin uzunmüddətli istismarını təmin etmək məqsədilə xarici diametr 6 metr götürülüb.
T.Əhmədovun sözlərinə görə, hazırda metropolitendə günün gur saatlarında bir istiqamətdə 1 saatda 38 min nəfər sərnişin daşınır. Beynəlxalq Konsorsium tərəfindən aparılmış araşdırmalara əsasən müvafiq tədbirlər görülmədiyi təqdirdə, bu rəqəm 2016-cı ildə 48 minə, 2030-cu ildə isə 80 min nəfərə çata bilər. Təhlükəsizlik və rahatlıq baxımından bu göstərici Avropa standartlarına görə 30 min nəfər təşkil edir, yəni vaqonun 1 kvadratmetrində 6 nəfər sərnişin daşınmalıdır.
”İndi Bakı Metropoliteni vaqonlarında günün gur saatlarında 1 kvadratmetrdə 8-10 nəfər sərnişin daşınır ki, bu da təhlükəsizlik tələblərinə cavab vermir” deyən T.Əhmədovun sözlərinə görə, aparılmış təhlillərə əsasən, Beynəlxalq Konsorsium tərəfindən perspektiv sxem üzrə hazırlanmış 14 potensial variantdan 4 variant seçilib və Prezidentin müzakirəsinə təqdim olunun.
Təqdim olunmuş uzunmüddətli perspektiv inkişaf sxeminə uyğun olaraq gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 119 kilometr metro xəttindən ibarət olacaq. Yəni 53 yeni stansiyanın və 84,3 kilometr metro xətlərinin inşası nəzərdə tutulur. Həmçinin təqdim olunmuş variantda yeni stansiyaların tikintisi və yerlərinin seçilməsində sərnişin nəqliyyatının digər növləri, multifunksional nəqliyyat kompleksi ilə inteqrasiya və uzlaşdırma məsələləri də nəzərə alınıb.
İlk növbədə bənövşəyi xəttin qərb, mavi xəttin isə şərq hissəsinin inşası, qırmızı və yaşıl xətlərin genişləndirilməsi nəzərdə tutulur.
Metronun perspektiv inkişafı üçün aşağıdakı prioritet istiqamətlər nəzərdə tutulub.
Birinci prioritet istiqamət:
Buraxılış kompleksi (“Avtovağzal”-“Memar Əcəmi-2”-B3-B4-B5) 5 stansiya, 6,8 kilometr metro xəttindən ibarətdir. Bu istiqamət Yeni Avtovağzal kompleksini, 3-cü, 4-cü mikrorayonları, Tbilisi prospektini və Füzuli küçəsini əhatə edir.
“Burada qatarları yeddi vaqondan götürmüşük, ancaq birinci növbədə bunu 5 vaqonluq da etmək olar. 18 qatar heyəti olacaqdır. Sonra sərnişinlər artdıqca qatarlara əlavə vaqonlar qoşmaq nəzərdə tutulur. Hərəkətin intensivliyi 45 qatar/saat nəzərdə tutulur. Hazırda bizdə bu intensivlik 30 qatar/saatdır. Bu istiqamətdə 6,8 kilometr metro xəttinin tikintisi və vaqon parkının yenilənməsi üçün 550 milyon manat vəsaitin lazım olacağı ehtimal edilir”.
İkinci prioritet istiqamət: Bu buraxılış kompleksi (VI stansiya-Y-3–Böyükşor-M.Əzizbəyov-2-Sabunçu-Bakıxanov-Y-22-Qaraçuxur-Yeni Günəşli - bunlar yaşayış məntəqələrinin adlarıdır) 8 stansiyadan və 12,5 kilometr metro xəttindən ibarət olacaqdır. Bu istiqamətdə hərəsi 5 vaqondan 33 qatar heyəti işləyərsə, 165 vaqon lazım gələcəkdir. Hərəkət intensivliyi isə yenə də 45 qatar/saat olacaq.
Üçüncü prioritet istiqamət (H.Aslanov-Zığ şosesi-Hərbi Akademiya) 2 stansiyadan, 3,7 kilometr metro xəttindən ibarət olacaq. Vaqon parkı 11 qatar heyəti olmaqla 55 vaqon, hərəkət intensivliyi yenə də 45 qatar/saat, ehtimal olunan vəsait xərcləri isə 296 milyon manat nəzərdə tutulur. Bu rəqəm işlərin gedişi zamanı qarşıya çıxacaq bəzi məsələlərlə bağlı dəyişə də bilər.