Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Rusiya Federasiyasının Stavropol Vilayəti Hökuməti sədrinin müavini Andrey Murqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşün əsas məqsədi kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrin müzakirəsi olub.
Nazir qonaqları salamlayaraq Azərbaycanın Stavropol Vilayəti ilə geniş əlaqələrinin olduğunu və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektiv imkanlarının mövcudluğunu, bu görüşün əməkdaşlıq üçün xüsusi rol oynayacağını nəzərə çatdırıb. “Azərbaycan Respublikası ilə Rusiya Fedrasiyasının Stavropol Vilayəti arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sahədə də ticarət dövriyyəsinin mövcuddur. Burda istehsal olunan məhsulların Stavropol Vilayətinə ixracı bizim üçün də maraqlıdır və hər iki tərəfdə logistik bazaların yaradılmasını, Azərbaycan Aqrar Universiteti ilə Stavropol Aqrar Universiteti arasında memorandumun imzalanmasının və kadr hazırlığı sahəsində təcrübə mübadiləsinin aparılması baxımından vacibdir. Süni mayalanma sahəsində toxum bankının yaradılması, toxumçuluq səhəsində Stavropol Vilayətinin təcrübəsinin öyrənilməsi, aqrar elmi-tədqiqat sahəsində əldə olunmuş nailiyyətlərin elmi mübadiləsini aparılması, kənd təsərrüfatı məhsullarının saxlanması, ilkin və sonrakı emal üzrə birgə müəssisələrin təşkil olunması məqsədəuyğundur”.
Rusiya Fedrasiyasının Stavropol Vilayəti Hökuməti sədrinin müavini Andrey Murqa hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensial imkanlara malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin aqrar sahədə əməkdaşlığın inkişafına öz töhvəsini verəcəyini və bu əlaqələrin genişlənməsində öz səylərini əsirgəməyəcəyini bildirib. Stavropol Vilayətinin kənd təsərrüfatı naziri Aleksandr Martıçev vilayətin kənd təsərrüfatı sektoru, xüsusilə də quşçuluq, toxumçuluq, tərəvəzçilik, şərabçılıq, dənli bitkilər və heyvandarlıq sahələri üzrə əməkdaşlığın perspektiv istiqamətləri üzrə geniş məlumat verib.
Nazir Heydər Əsədov belə işgüzar görüşlərin hər iki tərəf arasında aqrar sahədə qarşılıqlı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Modern.az