
Azərbaycan prezidenti İlham Əliyev Şəmsəddin Xanbabayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Modern.az-ın məlumatına görə, Ş. Xanbabayev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə təltif edilib.
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bu bölgədən çox-çox uzaqlarda – Naxçıvanda doğilib. Vaxtilə Naxçıvanda yüksək vəzifə tutmuş qocaman icra başçısı indi ömrünün ahıl vaxtlarını Xazmaza rəhbərlik etməklə keçirir.
Şəmsəddin Hüseyinqulu oğlu Xanbabayev 1 aprel 1939-cu ildə Naxçıvan MR Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirib.
1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirib.
Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlayıb. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləyib. İki il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olub.
1967-ci ildən Abşeron Rayon Təmir - tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-cı ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR Baş nazirinin müavini işləyib.
Ş.Xanbabayev 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Baş naziri postunu tutub. 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.
Prezident 23 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bir neçə gün öncə - aprelin 1-də onun 75 yaşı tamam olub.
A.Qorxmaz