Builki müəllimlərin işə qəbul (MİQ) imtahanları ilə bağlı narazılıq yaranıb.
Modern.az xəbər verir ki, sosial şəbəkələrdəki təhsil qruplarında MİQ-ə sənəd verən namizədlər imtahanlarla bağlı tarixlərin dəqiqləşdirilməməsindən narahat olduqlarını bildirirlər.
Məsələ burasındadır ki, bu ilin əvvəlində Elm və Təhsil Nazirliyinin rəsmiləri MİQ imtahanlarının 1–8 iyul tarixləri arasında keçiriləcəyini bildirmişdilər. Amma proseslərin gedişatı imtahanların vaxtının dəyişəcəyini göstərir. Çünki sabahdan iyul ayı başlayır, ancaq MİQ-ə sənəd verənlərin ərizələri hələ təsdiqlənməyib, eyni zamanda bu il tətbiq olunan ödənişlərlə bağlı da problem qalmaqdadır. Çünki elektron sistemdə qeydiyyatdan keçənlər ödəniş edə bilməyiblər.
Müəllimliyə namizəslər arasında gəzən söz-söhbətələrə görə, imtahanların iyulun 10-dan sonraya keçirilməsi ehtimalı var. Bu isə yüzlərlə, bəlkə də minlərlə namizədin əvvəlcədən müəyyən etdiyi planların pozulmasına səbəb olub.
Namizədlər deyirlər ki, belə vacib bir imtahanın tarixi ən azı bir ay əvvəl dəqiq elan edilməli idi ki, ki, onlar şəxsi planlarını buna uyğun qura bilsinlər. İmtahan tarixinin qeyri-müəyyən saxlanılması hamını çaş-baş salıb.
Xatırladaq ki, MİQ-ə elektron sənəd qəbulu mərhələsi 3 iyunda başlayıb, 10 iyunda yekunlaşıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun sonuncu dəfə açıqladığı məlumata görə, 40 mindən çox namizəd MİQ imtahanlarında iştirak etmək üçün müvafiq sistemdən qeydiyyatdan keçib.
Nazirlər Kabinetinin qərarına əsasən, MİQ müsabiqəsi bu ildən etibarən ödənişli əsaslarla həyata keçirilir və iştirak rüsumu 60 manat müəyyən edilib.
A.Qorxmaz