Modern.az

Ukraynada Rusiya kəşfiyyatı: İşgəncələr, həbslər, axtarışlar...

Ukraynada Rusiya kəşfiyyatı: İşgəncələr, həbslər, axtarışlar...

Dünya

30 Mart 2023, 14:28

Britaniyanın aparıcı beyin mərkəzlərindən biri olan Kral Birləşmiş Xidmətlər İnstitutu (RUSI) Rusiyanın təhlükəsizlik və kəşfiyyat orqanlarının Ukraynada fəaliyyəti barədə araşdırma yayımlayıb.

 

Modern.az xəbər verir ki, mərkəz Rusiya kəşfiyyatının ordudan qat-qat uğurlu olduğunu bildirib.

 

Hesabatda qeyd olunub ki, Rusiya kəşfiyyat orqanları müharibə başlamazdan xeyli əvvəl, 2021-ci ilin iyununda Ukraynada müharibəyə hazırlaşmağa başlayıb. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanın işğal olunmuş ərazilərində əhalini sürətlə nəzarət altına ala bilib.

 

RUSI analitik mərkəzinin məlumatına görə, Rusiya Xarici Kəşfiyyat Təşkilatının rəhbəri müharibədən əvvəl prezident Vladimir Putindən əməliyyatın təxirə salınmasını istəyib, hazırlıq üçün daha çox vaxt lazım olduğunu deyib, lakin bu tələb rədd edilib.

 

"Rusiya kəşfiyyat orqanları işğaldan əvvəl Ukraynada çox geniş yayılmış casus şəbəkəsi yarada biliblər və işğaldan sonra bu şəbəkələr Rusiya qüvvələrinə davamlı kəşfiyyat axınını təmin etməklə öz həyat qabiliyyətlərini qoruyub saxlayıblar”, - hesabatda deyilir.

 

Məlumata görə, Rusiya qüvvələri irəlilədikcə, FSB zabitləri həmin ərazilərdəki rəsmi binalardan Ukrayna hökumətinə məxsus sənədləri toplayıb, həmin şəhərdə hökuməti kimin təmsil etdiyini və harada yaşadıqlarını tez bir zamanda müəyyən edə biliblər. Bunun ardınca hər evdə axtarışlar, həbslər və dindirmələr aparılıb, proses çox vaxt işgəncələrlə müşayiət olunub. Ekspetlər düşünür ki, bu addım məlumat toplamaqdan daha çox qorxu mühiti yaradaraq müqavimət ehtimalını aradan qaldırmaq məqsədi daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!