Modern.az

Ərdoğan Putinlə son dəfə görüşəcək? - ŞƏRH

Ərdoğan Putinlə son dəfə görüşəcək? - ŞƏRH

Dünya

30 Mart 2023, 18:18

Rusiya prezidenti Vladimir Putin aprelin 27-də Türkiyəyə səfər edib, həmkarı Rəcəb Tayyib Ərdoğanla “Akkuyu” atom elektrik stansiyasının birinci mərhələsinin açılışında iştirak etmək istəyir.

 

Modern.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu sosial şəbəkədə bununla bağlı fikirlərini bölüşüb.

 

"Putindən əvvəl xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə iki ölkə arasındakı əməkdaşlığın inkişafını, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini, həmçinin Ukraynadakı müharibə və Suriyadakı vəziyyəti müzakirə edəcək",- deyə o bildirib.

 

 

E.Şahinoğlu vurğulayıb ki, bu, böyük ehtimalla Mövlud Çavuşoğlunun nazir vəzifəsində Lavrovla son görüşü olacaq: 

 

"Çünki Ərdoğan elan edib ki, prezident və parlament seçkisindən sonra yeni kabinet formalaşacaq, indiki nazirlər isə millət vəkilliyi yarışına qatılacaqlar. Mövlud Çavuşoğlu doğulduğu Antalyadan namizədliyini irəli sürəcək. Ərdoğan prezident seçkisində məğlub olarsa, bu onun da dövlət başçısı kimi Putinlə son görüşü olacaq. Türkiyədə prezident seçkisi “Akkuyu” atom elektrik stansiyasının açılışından 16 gün sonra gerçəkləşəcək. Putin Ərdoğanla yola davam etmək istəyir, onunla 20 ildən uzun müddətdə enişli-yoxuşlu yol qət edib, tərəfdaşının xaraktetinə bələddir. Ancaq seçkidə fərqli nəticə olacağı, yəni Kamal Kılıçdaroğlunun prezident seçiləcəyi halda da Türkiyə-Rusiya tərəfdaşlığında qopma baş verməyəcək, sadəcə Putinin yeni prezidentə və onun siyasətinə alışması vaxt tələb edəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?