Modern.az

126 yaşlı Azərbaycan kinosun vəziyyəti ürəkaçan deyil...

126 yaşlı Azərbaycan kinosun vəziyyəti ürəkaçan deyil...

2 Avqust 2024, 13:20

Bu gün kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günüdür. 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si Kino Günü qeyd olunur.


Yaranmasının 126-cı ilini qeyd edən Azərbaycan kinosunun bugünkü mənzərəsi bir çoxları tərəfindən ürəkaçıcı hesab edilmir. 

 

Kino sahəsinin dirçəlişi üçün iş adamlarına ehtiyac var...

 

VI çağırış Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa da bu fikirdədir. O, Modern.az-a açıqlamasında bunun səbəbinin iqtisadi olduğunu bildirib:

 

“Bunun səbəbi ilk növbədə müstəqil iş adamlarının olmaması ilə bağlıdır. Kino sənayesi elədir ki, buraya kapital yatırmaq lazımdır. Dövlətin ayırdığı 10 milyon yetərli vəsait deyil. Bürokratik sistem içində hansısa yaxşı filmlərin çəkilməsi imkanları da böyük deyil. Bu sahəyə böyük yatırımlar olmalıdır. Yatırımları iş adamları edib buradan pul götürməlidirlər. Dövlətin verdiyi vəsait daha çox əməkhaqqına və dekorativ xərclərin həllinə yönəlir. Kino sahəsindəki yoxlamalar göstərir ki, bu sahədə də müəyyən korrupsiya hallarına yol verilir".

Fazil Mustafa kino sahəsində mütəxəssis hazırlığının labüd olduğunu düşünür. 

 

"Yaxşı operatorlar, kompüter mühəndisləri, informasiya texnologiyalarını, müasir kinonun çəkiliş metodlarını bilən kadrların xaricdə yetişdirilməsinə ehtiyac var. Öz məktəblərimizdə aktyor nəslinin yetişdirilməsinə ehtiyac var. Bizdə problemlər həm də aktyor nəslində ortaya çıxır. Ona görə də sistemli şəkildə kino sahəsini canlandırmaq istəyiriksə, buraya iş adamlarının yatırımını cəlb etməliyik. Yalnız dövlət vəsaiti hesabına bunu həyata keçirmək çox da böyük perspektiv vəd etmir. Nəticələrin də çox yüksək proqnozlaşdırmaq mümkün deyil. Kinomuzun bugünkü tarixinin arxasında ciddi əsərlər var. Biz bunu yüksək qiymətləndirməli və yetişmiş aktyor nəslinə fayda vermiş insanların xatirəsini də sayğı ilə anmalı, yaşayanlara da dəyər verməli, ən azından maddi təminatına dəstək verməliyik. Bu yolla da yeni nəsillər keçmişdə xidmət etmiş insanlara necə dəstək verildiyini görsünlər”.

 

Rejissor Elxan Cəfərovun sözlərinə görə, bu gün Azərbaycanda kinomatoqrafik inkişafa ehtiyac var:

 

“Azərbaycan kinosu uzun müddət fasiləsi olan istehsalat prosesini yenidən bərpa etməklə məşğuldur. Bu inkişaf prosesi sürətlə gedir, gənclər tərəfindən layihələr verilir. Proseslər müsbət istiqamətdə inkişaf edir. Amma hələki qarşıda böyük işlər var. Kinomatoqrafiya sahəsinin inkişafı üçün bütün lazımi addımlar atılır. Sadəcə bunların nəticəsi 1-2 ay yox, 5-10 il ərzində olacaq. Bu sahə elə qəliz bir sahədir ki, inkişafı uzun vaxt tələb edir”.

 

Aktyor Rəşad Səfərov da Azərbaycan kinosunun yaxşı vəziyyətdə olmadığını deyir: “Bu gün hər şey maliyyədən asılıdır. Maliyyə olmadıqda heçnə olmur. İstehsalat demək olar ki, dayandırılıb. O vaxt ölkə başçımız bu sahəyə yaxşı sərmayə ayırmışdı. Amma bəzi təşkilatlar, rejissorlar bu etimadı doğrultmadılar. Buna görə də, bu sərmayənin ardı gəlmədi. Bundan sonra da gələcəyini düşünmürəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər