Modern.az

“Bakıda güclü zəlzələ olsa...” - Seysmoloq həyəcan təbili çaldı

“Bakıda güclü zəlzələ olsa...” - Seysmoloq həyəcan təbili çaldı

Müsahibə

8 Fevral 2023, 11:02

"Etiraf edək ki, Azərbaycan buna hazır deyil"

 

"Süni zəlzələ törətmək olmur, kim deyirsə, yalan danışır"

 

Seysmoloq Ənvər Əliyev Modern.az-a müsahibəsində Türkiyədə baş vermiş dağıdıcı zəlzələ və təbii fəlakətin bölgəyə təsirləri ilə bağlı insanları maraqlandıran bir çox sualları cavablandırıb.

 

Həmin müsahibəni təqdim edirik:

 

- Türkiyədəki zəlzələnin süni şəkildə törədildiyi iddia olunur. Süni zəlzələ yaratmaq mümkündürmü? 

 

- Zəlzələ ən qorxunc və dağıdıcı təbiət hadisəsidir. Zəlzələ təbiət mövcud olduqdan bəri var və olacaq. Ancaq burada da qanunauyğunluq var. Zəlzələ yer kürəsinin hər yerində ola bilməz. Zəlzələ əsasən tektonik hərəkətlərin olduğu seysmoloji ərazilərdə baş verir. Belə ərazilərdən biri bizim də daxil olduğumuz Alp-Himalaydır. Bura Azərbaycan da, Türkiyə də daxildir. Bu qurşaqda dağ əmələgəlmə prosesi gedir. Tektonika elə şeydir ki, o, yavaş-yavaş yerin altından qalxan dağ silsiləsi yaradır. Türkiyənin, yəni Kiçik Asiya yarımadasanın yerləşdiyi yer seysmoloji cəhətdən ən aktiv ərazidir.

 

Mən iki-üç ildir ki, xarici geoloqların, seysmoloqların fikirlərini oxuyurdum. Bütün mülahizələr İstanbulda böyük zəlzələnin olacağı istiqamətində idi. Bu, məni məyus etdi. 20 milyon insanın yaşadığı ərazidə zəlzələ olmağı qırğın deməkdir. Şükür ki, zəlzələ nisbətən kənara keçdi. Belə deyək, insan ölümü olmayan zəlzələ olmur. Hazırkı zəlzələnin mahiyyəti bundan ibarətdir ki, Afrika adında platforma şimala doğru hərəkət edir. Yer qabığının alt hissəsində qaynar nöqtə var. Həmin qaynar nöqtə dağ sistemindəki süxurların, elementlərin qarışığından ibarətdir. Əsas məsələ də ondadır. O müxtəlif yolla kənara çıxmaq istəyir. Bu səbəbdən altdan platformaları sıxır.

 

Zəlzələnin süni yaradılması məsələsinə gəldikdə isə deyə bilərəm ki, bu, mümkün deyil. Zəlzələlər yerin 20-30, bəzən də 100 kilometr dərinliyində gedən prosesin nəticəsidir. Belə böyük gücü yaratmaq mümkün deyil. Zəlzələ yüzlərlə atom bombasının gücündədir. Bu gücdən istifadə edə bilsək, elə suyu, qazı, elektiriki əldə edərdik.

 

- Qəribə görünsə də, Türkiyə ilə eyni vaxtda bir sıra ölkələrdə zəlzələ oldu. Yeraltı təkanlar ABŞ-ın Nyu York şəhərində, eləcə də Qazaxstanda da qeydə alınıb. Sizcə, bu nədən irəli gəlir?

 

- Bəzən bunu Günəşdə aktivliyin artması ilə bağlayırlar. Ancaq mənə elə gəlir ki, Günəşdən gələn şüa 20-30, 100 kilometr dərinliyinə təsir edə bilməz. Amerikada da, Qazaxstanda da baş verən titrəyişlər zəlzələnin yerləşmə qanunu ilə əlaqədardır. Məsələn, Moskvada heç vaxt zəlzələ ola bilməz. Çünki bu şəhər platformadadır. Bir sözlə, harada dağ əmələ gəlmə sistemi var, orada zəlzələlər olur. Bu, təsadüfi deyil.

 

- Türkiyədən sonra Azərbaycanda da daxil olmaqla Cənubi Qafqazda güclü zəlzələnin olacağı iddia edilir. Gözləntiləriniz nədən ibarətdir?

 

- Onu heç kəs deyə bilməz. Türkiyədə bir il ərzində kiçik zəlzələlərin baş verməsi mümkündür. Ancaq Azərbaycanda zəlzələ sabah da ola bilər. Azərbaycanda 7, 8, 9 bal gücündə zəlzələnin olması labüddür. Hər an baş verə bilər. Heç kim bundan sığortalanmayıb.

 

- Azərbaycan güclü zəlzələyə hazırdırmı? 

 

- Qətiyyən yox. Etiraf edək ki, Bakı güclü zəlzələyə hazır deyil. Bakı şəhərində nə qədər evlər tikilir. Ən müasir binalarda belə problemlər var. 4-5 bina yan-yana, bir metr ara məsafəsində inşa olunub. Birində fəsad olsa, domino effekti göstərib, üçünü, dördünü yıxacaq. Sovet vaxtında binanın hündürlüyü qədər yerə toxunub, nəsə tikmək olmazdı.

 

Məsələn, Leninqrad tipli binalar 2000-ci ildəki zəlzələdən salamat çıxdılar. Ancaq şəhərin çox yerində problem yarandı. Biz hələlik lazımı qədər hazır deyilik. Maarifləndirmə cəhətdən də hazır olmalıyıq.

 

2000-ci ildəki zəlzələdən misal gətirmək istəyirəm. O zaman bir yaxınım mənə "zəlzələ zamanı hamama girib qapını bağladım" dedi. Qətiyyən belə davranmaq olmaz. Sən gərək liftə minmədən pilləkənlə uzaqlaşasan. İndi şəhərdə uzaqlaşma problemi də var. 16 mərtəbəli binadan düşürsən, bir balaca daş düşsə ölümlə üzləşə bilərsən. Yolun ortasında, qırağında binalar tikiblər. Digər yandan gecə gizli tikilən evlər də var. Beləliklə, biz etibarlı, çox gözəl konstruksiyalı evlər tikməliyik. Zəlzələnin qarşısını almaq mümkün deyil. Ancaq onunla davranış qaydalarından düzgün istifadə olunsa, itki də az olar.

 

- Türkiyədə minlərlə binanın çökməsi geniş müzakirələrə səbəb olub. Bildirilir ki, binaların tikintisində keyfiyyətsiz məhsullardan istifadə olunduğundan dəhşətli mənzərə ortaya çıxıb. Bu haqda nə deyə bilərsiniz?

 

- Zəlzələ elə də güclü deyildi. Məlum olduğu kimi, zəlzələ 12 ballıq sistemlə ölçülür. 9, 10, 11 bal gücündə baş verən zəlzələ artıq dağıdıcıdır. Bu balda baş vermiş zəlzələ ərazini yer üzündən silir. Ancaq 6-7 bal gücündə zəlzələlər orta qiymətləndirilir. Bu zaman bəzi köhnə evlər uçur. Ancaq Türkiyədəki zəlzələdə kütləvi uçqun oldu. Minlərlə ev dağıldı. Hələ bu say artır, ardı da gələcək. Ona görə deyirəm ki, tikinti zamanı qumun, sementin keyfiyyətinə fikir vermək lazımdır. Binalararsı məsafəyə, ümumi tikinti qaydalarına fikir versək, 7-8 ballıq zəlzələdən sakitcə çıxamaq olar. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır