Modern.az

Şükür Polad Həşimovun ölümü ilə barışa bilmirdi - Milli Qəhrəmanın xanımı ilə MÜSAHİBƏ

Şükür Polad Həşimovun ölümü ilə barışa bilmirdi - Milli Qəhrəmanın xanımı ilə MÜSAHİBƏ

Müsahibə

27 May 2024, 09:01

44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərək şəhid olan döyüşçülərdən biri də polkovnik Şükür Həmidovdur. O, işğal altında olan Lələtəpə yüksəkliyini fəth edən zabitlərdən biri idi. O zabitlərdən ki, əsgəri ilə çiyin-çiyinə qanlı döyüş meydanına atılaraq ölümün gözünə dik baxmışdı.

Arayış: Şükür Nəriman oğlu Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində doğulub. O, ailədə 10 uşaqdan biri olub. 1982-ci ildən 1990-cı ilə kimi Qubadlı rayonunun Başarat kənd tam orta məktəbində orta təhsil alıb. 1990-1993-cü illərdə C.Naxçıvanski adına Hərbi liseydə, 1993-1995-ci illərdə Bakı Ali Hərbi Məktəbində oxuyub. 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək, leytenant rütbəsində Naxçıvanda hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlayıb. Orada mayor hərbi rütbəsinə qədər yüksəlib.
2008-ci ildə Hərbi Akademiyanın müdavimi olduqdan sonra müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi xidmət edib.
Şükür Həmidov 2016-cı ildəki Aprel döyüşlərində Lələtəpə yüksəkliyi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Prezidentin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, daha sonra vaxtından əvvəl polkovnik hərbi rütbəsinə layiq görülüb.
Vətən müharibəsində Ş.Həmidov dogma Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib.
22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları, "Zəfər" ordeni ilə təltif olunub.
Milli Qəhrəmanın 1 oğlu və 1 qızı yadigar qalıb.


Modern.az
saytının əməkdaşı Şükür Həmidovun xanımı Könül Həmidova ilə həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik:
 

- Könül xanım, Şükür Həmidovun şəhid olmasından 4 ilə yaxın vaxt keçir. Bu zaman kəsiyi kimlər üçünsə bəlkə də bir aya, başqaları üçünsə bir əsrə bərabərdir. Keçən zaman barədə sizin də fikrinizi eşitmək istərdik...
 

- Deyirlər insan yaxınlarının itkisinə zamanla alışır. Ancaq belə deyil, zaman alışdırmır. Deyirlər zaman dərmandır, ancaq yox. Təzə vaxtlar elə bilirdim işdədir. Özümə o cür təsəlli verirdim. Artıq 4-cü ildir. Getdikcə daha çox yoxluğu hiss olunur. Bu gün də deyirəm ki, Şükür işdədir. Yoxluğunu ağlıma yerləşdirə bilmirəm.
Çox çətindir mənə. 

Bəzən uşaqlar xəstələnəndə deyirəm ki, Şükür burada olsaydı bu qədər çətinlik çəkməzdim. Dərdimi heç kimə demirəm, özüm çəkirəm.

Biz tanış olduğumuz zaman Şükür Naxçıvanda xidmət edirdi. Bizi qayınatam tanış etmişdi. İlk görüşdə onun necə insan olduğunu gördüm. Dilində ancaq torpaq, vətən sözləri vardı. Vətənini sevən kişi ailəsini heç vaxt nəzərdən qoymaz. Onun üçün öncə vətən gəlirdi. Düzdür, bir qədər qısqandım. Amma onun həyatına tam girəndən sonra vətən qeyrətini gördükcə, artıq bu qısqanclıq məndən uzaqlaşdı. Mənə təsəlli idi ki, bu qədər qeyrətli, namuslu bir insanın həyat yoldaşıyam.
 

- Hərbçilərlə ailə həyatı quran əksər xanımlar ali təhsil alsalar da, işləyə bilmirlər. Bu da onların tez-tez yerdəyişməsilə əlaqəli olur. Bəs siz necə, heç peşman oldunuzmu peşənizi davam etdirmədiyiniz üçün? 
 

- Azərbaycan dili və ədəbiyyatı müəllimliyini oxumuşam. Ancaq öz işimə davam edə bilmədim. Bütün işimi ailəmə fəda etdim. Heç peşman da deyiləm. Şükürlə 16 illik birgə ailə həyatımız oldu. Mənim üçün qürurdur ki, hər şeyimi ona qurban verdim. Əlimdən gələn hər şeyimi verməyə hazır idim. Bütün çətinliklər onunla birlikdə mənə asan gəlirdi. Biz 2020-ci ildə Sumqayıta köçdük. Şükür o zaman Beyləqanda xidmət edirdi. Burada heç cür rahatlıq tapa bilmədim. Çünki Şükür mənzi o qədər çətinlik çəkərdi ki, hər an, hər dəqiqə onun yanıda olmaq, dəstək vermək istəyirdim.
 


- 16 il birgə yaşadınız. Onun ən bəyəndiyiniz xüsusiyyəti nələr idi?

 

- Şükürün çətin xarakeri yox idi. O nümunəvi insan kimi dünyaya gəlmişdi. Övladlarıma deyirəm ki, heç kim Şükür ola bilməz, amma çalışın onda olan xüsusiyyətləri özünüzdə cəmləşdirin.
Özünə deyirdim ki, heç deməzsən sən Milli Qəhrəmansan. Cavabında deyirdi ki, yalnız xidmət başında Milli Qəhrəmandır.
Biz Sumqayıta köçdük. Burada ağacların altında çayxana var, imkan olanda gedib orada əyləşərdi. Bir gün dedim, nə yaxşı gedirsən ora? Cavab verdi ki, "bir gün mən də pensiyaya çıxacam, nə vəzifəm olacaq, nə də  rütbəm, onda deməsinlər ki, vaxt var idi heç kimi saymırdı, indi gəlir". Çox ünsiyyətcil idi. Hətta olub ki, mülki insanlar yanında onun haqqında danışıblar, amma deməyib ki, barəsində danışdığınız insan mənəm. Sanki onda olan bütün xüsusiyyətlər oğluna ötürülüb. 


- Şükür Həmidov Qubadlıdan idi, elə Qubadlı uğrunda gedən döyüşlərdə şəhid oldu. İşğaldakı torpaqlarımız, Qubadlı onun üçün nə ifadə edirdi? 


- Elə gün olmazdı ki, yuxuda Qubadlını görməsin. Xüsusən Xocalı onun üçün dəhşətli dağ idi. Bəzən söhbət düşəndə mən deyirdim, yox müharibə olmasın. Cavab verirdi ki, “torpaqlar bizə müharibəsiz verilsə, düşməndən qisasımızı ala bilməyəcəyik”.  
Şükür muğamı çox sevirdi, deyirdi dinlədikcə, işğalda olan torpaqlara səyahət edir. Bir dəfə Elxan Elatlının kitabını oxuyurdum. Dedi ki, bitir sonra mən oxuyum. Kitab bizim qadınların erməni əsirliyində olması, onların başına gətirilən müsibətlər haqqındadır. Dedim ki, Şükür elə-belə şeydir, oxumağa dəyməz, xoşuma gəlmədi. Qorxdum ki, oxusa dayana bilməz, Mübariz İbrahimov kimi addım atar. 

- Qubadlıya getmisiniz?


- Mən də Qubadlıdanam. Ancaq hələ Qubadlıya gedə bilməmişəm. Müharibədən qabaq dedim ki, sənə nəsə olsa, mən o torpaqlara getməyəcəm. Dedim səni məndən alan torpağa gedə bilmərəm. İndi də gedə bilmirəm. Sanki hər addımda onun görəcəm, hər addımda onun ayaq izi var.



- Onun sizə danışdığı hərbi xatirələri də dinləmək maraqlı olardı.

 

- Şükür xidmətdə olanları evdə danışmırdı. Ancaq əsgərlərinə olan münasibətini bilirdim. Çox istəyirdi onları. Hansı yaralanırdısa, ağlayırdı. Naxçıvanın qışı çox sərt keçirdi. Elə olurdu əsgərlər üçün evdən zoğal mürəbbəsinə qədər aparırdı, onların ayağını isti vanna edirdi. Əsgərlərinə münasibəti tamam fərqli idi. Hərbçini tanımaq olmur. Çünki o, evdə başqa adam olur, işdə başqa. Sadəcə bilirsən ki, xeyirxah, gözəl insandır, əsgərlərini sevir.
Mən Şükürü bu qədər dərindən şəhid olduqdan sonra tanımışam. O kömək etdiklərindən heç vaxt danışmazdı. O qədər yazanlar olur ki, "bu gün çörək qazanırıqsa, Şükür Həmidova borcluyuq". Kimlərə necə yaxşılıq edib, bunları biz bilmirik. Düzdür, mən onun sirdaşı, dərd ortağı olmuşam. Hər şeyimi Şükürlə bölüşürdüm.  Amma hərbi hissədə olanlar onda qalırdı, danışmırdı. Onları danışmırdısa, o demək deyil ki, mən onun dərd ortağı deyiləm. Şükür "Milli Qəhrəman" adı alanda bzəiləri fikirləşdilər ki, biz dəyişəcəyik. Amma biz əvvəldən necə olmuşuqsa, elə də davam etdik. Şükür o adı alana qədər bizim çox çətin dövrlərimiz olub. Mən ona dəstək olmuşam, şikayət etməmişəm. 

 

- Bəzən şəhidlər sanki şəhid olacaqlarını əvvəlcədən hiss edirlər. Sizə bu haqda nələrsə demişdimi? Bir gün o olmazsa, nələr etməli olduğunuzdan danışmışdımı? 


- Biz Beyləqanda idik. Quran Kitabı oxuyur, şəhidlik haqqında danışırdı. Dedim danışma, söylədi ki, niyə ondan gözəl şey var? 
Dedi "mən çox arxayınam ki, artıq Nurlanı sınaqdan keçirmişəm. Yanınızda olmasam, rahatam ki, Nurlan var". 
Sonra da əlavə etdi ki, "sən də mənimlə birgə həyatın hər çətin üzünü gördün. Elə oldu aylarla evə gəlmədim, sən ailəni idarə etdin, uşaqları formalaşdırdın".
Keçmişə dönüb hər sözünü analiz etdikcə, bizə nələr demək istədiyi aydın olur. Şükürün adına sosial şəbəkələrdə səhifələrimiz var. Yazırlar ki, "Şükür özü yeməyib əsgərinə verib". Şükür hamının xatirəsində bir iz qoyub. Şükürün varlığı hamı üçün dayaq idi. 



- Şükür Həmidov 2016-cı ildəki Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Prezidentin sərəncamı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı veriləndə, bunu necə qarşılamışdı?


- Milli Qəhrəman adını almazdan bir gün öncə onlar səngərdə idi. Artıq Lələtəpə alınmışdı, orada qalırdı. Zəng etdi ki, "mənim parad formamı hazırla, təcili Bakıya gəlirəm". Onda təxmin etdim ki, mükafatlandırılacaq. Bakıdan zəng etdi ki, "Prezidentlə görüşdüm, mənə "Milli Qəhrəman" adı verildi".  Çox sevinirdi, onda uşaq sevinci vardı. Amma həmişə deyirdi ki, çox ağır bir yükü, çiyinə məsuliyyət götürüb. O adı özünə layiq şəkildə daşımaq istəyirdi. Daşıdı da. Biz də çalışdıq ki, o ada xələl gəlməsin. 

Aprel döyüşlərində bizə heç nə demədi. Aprelin 1-i onun doğum  günü idi. Hazırlıq gördüm ki, evə gələcək. Ancaq vaxtında gəlmədi, bir az incidim. Biq qədər sonra gəldi, rəngi qapqara idi. Dedi ki, qismət olsa, ad gününü gələn il qeyd edərik. Soruşdum ki, niyə belə deyirsən? Heç vaxt belə söz deməmişdi. Hərbçi yoldaşının xanımına dedim ki, Şükür gəlib-getdi, ancaq danışığı xoşuma gəlmədi. 
Zəng etdim qaynıma ki, müharibə başlayır? Şükür bunu eşidib mənə zəng etdi ki, "nə müharibə, elə şey yoxdur". Bu mənə rahatlıq verdi. Dostunun anası və yoldaşı gəldi ki, gedək bizə. 
Onda biz Füzuli istiqamətində cəbhə bölgəsinə yaxın qalırdıq. Gecə saat 3-də gördük ki, ağır artilleriya səsləri eşidilir. Zəng etdim, cavab olmadı. Növbəti zəngdə cavab verdi, ancaq gördüm səsi batıb. Soruşdum hardasan? Cavab verdi ki, oturub kinoya baxır. Sonra deyildi ki, Lələtəpə deyilən yeri bizimkilər azad edib. Zəng etdim güldü, dedi hər şey əladır. 

O vaxt xəbər yayılmışdı ki, Şükür şəhid olub. Raquf Orucov şəhid olanda deyiblər ki, komandir şəhid olub. Beyləqanda hər kəs elə bilib ki, şəhid olan Şükürdür.
Raquf Orucovun şəhid olmağına çox heyifslənirdi, yaxın idilər. Şükür də ayağında qəlpə yaraları çox idi. Onların gözünün qabağında elə şeylər olurdu ki...
Deyirdi ki, əsgərə nəsə olanda, o qədər həyəcan keçirir ki, əsgərin ölümü ona çox pis təsir edir, sanki dünya başına yıxılır. 


- Onunla son danışığınız yadınızda necə qalıb? Son dəfə sizə dediyi sözlər nələr olub?


- Sonuncu danışığımız oktyabrın 19-sı olub. Oğlumla danışdı. Deyib, anan, bacın sənə əmanətdir. Mənimlə də  danışdı, dedi ki, heç nə yoxdur, narahat olma. Biz hər gün əlaqə saxlamğa çalışırdıq.
Oktyabrın 19-ü son danışığımız oldu. Dedi, “mənə sabahdan zəng çatmayacaq, gedirəm Qubadlı istiqamətinə”. Ondan sonra həqiqətən də zəng çatmadı. Heç bir yerdən məlumat ala bilmədik. Ayın 21-də bizə videosunu göndərdilər, o qədər arıqlamışdı ki, tanıya bilmədim. Sonra zəng etdim, yazdım, amma cavab vermədi. Zəng etdim qaynıma, o, Şükürün şəhid olduğunu dedi. Həyatımdan həmin günü, o xəbəri aldığım anı silmək istəyərdim. Sonra xəbər gəldi ki, narahat olmayın yaralıdır. Sevindim, dedim təki onun səsi bu evdən gəlsin... Ancaq bu, sadəcə bir təsəlliyimiş...


- Şükür Həmidov general olmaq istəyirdimi? Bu barədə nələr danışırdı?


- Ona zəng etdilər ki, "eştimişik general rütbəsi almısan". Dedi, "yox mən general rütbəsini səngərin o tayında alacam. Necə ki, Milli Qəhrəman adını aldım, general rütbəsini də o cür alacam". Deyirdi, "qarşımdakı məqsədim torpaqların işğaldan azad olunmasıdır. Ondan sonra özümü verəcəm rayonlara, təbiətin qoynuna".
O qədər işğaldakı torpaqların həsrətindəydi ki, sanki nəsə ürəyinə danmışdı. İstəyirdi ki, ömürünün qalan illərini oraların havası ilə keçirsin. Ən çox buna heyifislənirəm. Bəzən şəkillərinə baxıb deyirəm ki, nə olaradı, bir azca da özünü qoruyardın, heç olmasa arzusunda olduğun kəndini görərdin. 


- General Polad Həşimovla polkovnik Şükür Həmidovun yaxın münasibətləri olub. Polad Həşimovun şəhid olmağı ona necə təsir etmişdi?


- Bəli, Polad Həşimovla çox yaxın olublar. Mən Polad Həşimovu Aprel döyüşlərindən sonra tanıdım. O təltif olunanda. Şükür dedi ki, “ona verilən mükafat halalıdır, Polad oğul kimi oğuldur!”. Münasibətləri çox gözəl idi. Şükür Füzulinin Kürdmahmudlu kəndində təlim keçirdi. Sosial şəbəkədə təsadüfən qarşıma belə bir şərh çıxdı ki, Polad Həşimov kimi generalımız şəhid olub. Şükürə mesaj yazıb soruşdum ki, Polad Həşimovla bağlı məlumat düzdür? Cavab yazdı ki, "hə". Oğluma dedim ki, atanla danış gör necədir... Çünki bilirdim ki, Şükür Polad Həşimovu necə çox istəyir. Oğlum danışandan sonra dedi ki, atası ağlayırmış. Generalımızın şəhid olmasından sonra Şükür deyirdi ki, Polada görə işğaldakı rayonları mütləq geri almalıyıq. Polad Həşimovun ölümü ilə barışa bilmirdi. Oturub, fikirləşirdi, deyirdi ki, "heç inanmıram ki, Polad daha yoxdur". Polad Həşimovun xanımı ilə iki dəfə görüşmüşük. Onların övladlarını hədsiz çox istəyirəm. Oğlanlarımızın da münasibətləri var. 



- Bəs digər şəhid ailələri ilə münasibətiniz necədir? 

 

- Sevinc Orucova ilə münasibətim var. Onunla tez-tez telefon danışığımız olur. Mən şəhid ailələrini birləşdirən  tədbirlərdə iştirak etmirəm. Ona görə də çoxlarını tanımıram. Çünki Şükürü də adiləşdirmək istəmirəm.


- Siz onun xatirəsinin əbədiləşdirilməsi üçün nələr etmək istəyirsiniz? 


- Şükürün tanınması üçün ən yaxşı addım onun "Milli Qəhərəman" adı alması idi. Bu gün Şükür tarixə son 22 ildə sağ ikən "Milli Qəhrəman" adı alan hərbçi kimi düşüb. Bu fakt Şükürü daha çox tanıtdı. Zaman keçdikcə,  unudulma da olur. Bunu biz heç istəməzdik. Bu vətən, bu torpaq üçün qəhrəmanlıq göstərmiş insanlar unudulmamalıdır! Şükür bugünkü nəsilin yaddaşındadır. Gələcək nəsilə də örnək olaraq tanıdılmalıdır. 


- Şəhid anası, şəhid qızı, şəhid bacısı eyni kədəri paylaşsalar da, hər biri üçün itki fərqli məna daşıyır. Sizin üçün şəhid xanımı nə deməkdir? 


- Şəhidin qızı atasını itirir, ana oğlunu, şəhid qadını isə hər şeyini... Şükür mənə həm ana, həm ata, həm bacı, həm qardaş olub. Mən ona ailə başçısı deməzdim, o, dost, sirdaş idi. Heç vaxt onu xidmət bölgəsində qoyub arxaya - atamgilə gəlib rahat ola bilməzdim. Əksinə, mən onun yanından Sumqayıta gələndə deyirdim ki, Şükür, geri qayıtmaq istəyirəm. Evdə olmasa da, hiss edirdim ki, yanımızdadır. İndi yanımızda deyil, onu özümdə hiss edirəm...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı