Modern.az

Yayın istisində İsmayıllıda “Dolu” başladı (REPORTAJ)

Yayın istisində İsmayıllıda “Dolu” başladı (REPORTAJ)

29 İyul 2011, 17:45

Yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında ekranlaşdırılan bədii filmin çəkilişlərinə start verildi


... İkinciyə xəbər çatdı ki, batalyonun həyətində Türkiyənin bayrağını qaldırıblar ... Batalyonun həyətində qaldırılan isə Türkiyənin bayrağı deyildi, Drakonun köynəyiydi, Pələngin qanına boyanmış köynəyi...

Qeyrət batalyonun həyətindəki dirəkdən SSRİ-nin bayrağını endirir. Kənara tulladığı qırmızı bayrağın yerinə Drakonun Pələngin qanına boyanmış köynəyini bağlayır. Qanlı köynək bayrağın əvəzinə yavaş-yavaş yuxarı qalxır.

“Bir də çəkirik!”-quruluşçu rejissorun səsi eşidilir. Elxan Cəfərov Qeyrət rolunun ifaçısı gənc aktyor Corc Qafarova yaxınlaşıb vəziyyəti izah edir. Epizod növbəti dəfə çəkilir.

Bütün bunlar çəkiliş meydançasında baş verir. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yazıçı Aqil Abbasın “Dolu” romanı əsasında bədii filmin çəkilişlərinə başlanılıb. Bir neçə gün əvvəl start verilən çəkilişlərin ilkin mərhələsi İsmayıllı rayonunda aparılır.

Üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına!

Aqil Abbas “Dolu” romanını məhz həmin şəhid analarına həsr edib. Oxuculara da yaxşı məlum olduğu kimi, əsərdə söhbət Qarabağ müharibəsindən gedir. Hələ bitməyən, yalnız birinci dövrü başa çatan müharibədən. Yazıçı özü bu barədə belə deyir: “Roman Dünyanın Ən Varlı Şəhərinin erməni işğalçılarına qarşı dirimsiz ölüm savaşının apardığı dövrdə orada yaşayan, döyüşən insanların yaşantılarını, həmin dövrdə ölkəyə rəhbərlik edən məmurların faciələrini əks etdirir. Əslində bu qiyamət günü idi, sağlığımızda gördük. Romandakı obrazlar real insanlardı. Mən onların heç birini özümdən qondarmamışam. Bizim Qarabağ müharibəsində Komandir kimi oğullarımız azmı olub? O qədər Pələnglər özlərini tankın altına atıb ki... Mən müharibə vaxtı olduğum cəbhə bölgələrinin demək olar ki, hamısında Drakona rast gəlmişəm. Onları bir bir-birindən heç nə ilə fərqləndirmək olmurdu. Əslində bütün mərdlər əkiz doğulurlar, elə əkiz də ölürlər...”    

“Dolu” işıq üzü görən gündən oxucular və ədəbi ictimaiyyət arasında böyük əks-səda doğurdu, Türkiyədə böyük tirajla çap edildi. Mədəniyyət və Turizm Nazirliyi uğurlu bədii əsər kimi “Qızıl Kəlmə” ədəbi mükafatına layiq gördüyü bu romanın ekranlaşdırılması üçün konkret addımlar atıb. Bu il dövlət sifarişi ilə çəkiləcək filmlər arasında “Dolu” da var.

Filmi çəkənlər:

Quruluşçu rejissor - Elxan Cəfərov
Quruluşçu operator – Nadir Mehdiyev
Quruluşçu rəssam- Rafiq Nəsirov
Bəstəkar- xalq artisti Polad Bülbüloğlu
Geyim rəssamı- Elfira Hüseynova
Rejissorlar- əməkdar artist Ənvər Həsənov, Əliqulu Səmədov
Redaktor- Ramiz Fətəliyev
İcraçı prodüser-Nadir Əliyev

Filmə çəkilənlər:

Komandir - əməkdar artist Məmməd Səfa
Drakon - Rza Rzayev
Pələng -  Elvin Əhmədov
Katib - xalq artisti Fuad Poladov
Rəis- əməkdar artist Fərhad İsrafilov
Baza müdiri- Oqtay Quliyev
Polyanişko- Vaqif Səmədzadə
Jurnalist- Vüsal Murtuzəliyev
Pələngin anası- Gülzar Cəfərova
Müəllim- xalq artisti Şamil Süleymanov
Baş mühasib- Şahmar Qəribli
Müdafiə naziri- Sabir Məlikov
Səhiyyə nazirinin müavini- Əliqulu Səmədov
Müdafiə nazirinin müavini- əməkdar artist Pərviz Bağırov
Nazir- Məhərrəm Musayev
Qeyrət- Corc Qafarov
Həbsxana rəisi-Mayak Kərimov

Və başqaları...

Çəkiliş qrupunun komandiri- Elxan Cəfərov

Elxan Cəfərovu geniş təqdim etməyə yəqin ki, ehtiyac yoxdu. Təpədən-dırnağacan kino adamı olan Elxan bəy hələ kiçik yaşlarından filmlərdə bir-birindən maraqlı rollar oynayıb. Son illər isə rejissor kimi fəaliyyət göstərir. “Dolu” onun bədii film kimi çəkəcəyi sayca üçüncü ekran əsəri olacaq.

İstedadlı rejissor populyarlıq qazanmış bədii əsərə film çəkməyin məsuliyyətini yaxşı dərk edir: “Aqil Abbasın “Dolu” romanı geniş oxucu rəğbəti qazanan əsərdi. Belə bir əsərə müraciət etmək rejissordan ikiqat məsuliyyət tələb edir. Çünki hər bir oxucu romandakı qəhrəmanları öz bildiyi kimi təsvir edir, gözləri qarşısında canlandırır. Film ekranlara çıxanda isə oxucu öz təxəyyülündə canlandırdığı qəhrəmanı tamam başqa cür görür və çox zaman onu qəbul etmək istəmir. Yəqin elə ona görə də məşhur ədəbi əsərlərin ekran variantı bəzən uğur qazana bilmir. Çəkiliş qrupunun hər bir üzvü inanır və əlindən gələni edir ki, bizim “Dolu” tamaşaçıların rəğbətini qazansın. Yaxın keçmişimizin və Qarabağ savaşının bədii salnaməsini yaratmaq baxımından da bu filmin çox böyük əhəmiyyəti olacaq. İşimizin uğurlu alınacağına hər birimizdə böyük bir inam var”.

“Motor!” komandası verməzdən əvvəl ən xırda, bəzən kənardan əhəmiyyətsiz görünə bilən, lakin kino üçün vacib sayılan detallara diqqət ayıran quruluşçu rejissor yaradılan

şəraitdən razıdır: “Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, xüsusən nazir Əbülfəs Qarayevə, Daxili İşlər Nazirliyinə, xüsusən nazir  Ramil Usubova, Daxili Qoşunların Komandanı Zakir Həsənova, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərova təşəkkür edirəm ki, filmin ərsəyə gəlməsi üçün bizə hər cür şərait yaradıblar. Filmdə döyüş və kütləvi səhnələr çoxdur. Bunun üçün Daxili Qoşunların N saylı hərbi hissəsinin 200-dən çox əsgər və zabiti sərəncamımıza verilib. İsmayıllı camaatı da filmin çəkiliş qrupuna diqqət və qayğı ilə yanaşır”.

“Dolu”dakı Komandir- Məmməd Səfa

Əsərdəki Komandir obrazını filmdə əməkdar artist Məmməd Səfa canlandıracaq. İstedadlı aktyor bu rolunu kinodakı yaradıcılığında yeni mərhələ hesab edir: “Romanı da, kinossenarini də oxumuşam, hər ikisi təsirlidi. Hər ikisində yetərincə dramaturji material var. Komandir həqiqəti sevən, valideynlərə, dostlara sayğı ilə yanaşan, onların işinə yarımaq istəyən adamdı. Mənim kinoda belə ağır dramaturji yükü olan rolum olmayıb. Bildiyimə görə, Aqil Abbas bu obraza başqa bir aktyorun çəkilməsini istəyirmiş. Lakin sınaq çəkilişlərinə baxandan sonra deyib ki, Elxan Cəfərov doğru seçim edib. Bir aktyor kimi bu mənim məsuliyyətimi daha da artırır. İlk dəfədi ki, Elxan bəy çəkdiyi bədii filmdə mənə rol verir, amma onun istedadına çoxdan bələdəm. “YUĞ” teatrında birgə çalışmışıq, ona görə də iş prosesində bir-birimizi yaxşı anlayırıq”.

Məmməd Səfa deyir ki, film yaxın keçmişimizdən bəhs etdiyindən həmin dövrün şahidləri çoxdur. Lakin belə əsərlərin ekranlaşdırılması məsuliyyətli olduğu qədər də şərəflidir: “ Belə filmlərin çəkilməsinə bütün ölkə öz köməyini göstərməlidir”.

Fədakar İsmayıllı camaatı

...Mağarı batalyonun həyətində qurmuşdular. Başdakı gəbənin üstündə də bir az əvvəl torpağa tapşırdıqları qırılan oğulların qırmızı lentlər bağlanmış şəkilləri asılmışdı- ortada da Drakonla Pələngin.

... Məclisdəkilər o qədər pıçıltıyla danışırdılar ki, elə bil bu boyda mağar bomboş idi, arada yalnız çaxmaqların çaqqıltısı gəlirdi, bir də mollanın “Fatihə”si eşidilirdi.

... Bu vaxt mağara qara yaylıqlı bir qadın daxil oldu, kişi məclisinə heç vaxt qadın girmədiyindən hamı çaşdı-Pələngin anası idi, əlində də bir çanta. Dayandı Komandirin qarşısında”.

Filmin növbəti kadrları çəkilir. Pələngin yas mərasimi çəkilən epizod üçün məktəbin həyəti seçilib. Filmin rejissorları Ənvər Həsənov və Əliqulu Səmədov quruluşçu rejissor Nadir Mehdiyevin kamerası işə düşənə qədər ən xırda detalları bir də gözdən keçirirlər. Ərazidə yaşayan insanlar, hətta uzaq kəndlərdən gələnlər filmin çəkilməsində yaxından iştirak edir, yaradıcı qrupa kömək göstərməkdən yorulmurlar. Havaların isti olmasına baxmayaraq, kənardan çəkiliş meydançasında baş verənləri izləyir, aktyorlara, texniki işçilərə çay, su, meyvə gətirirlər. Yerli sakinlərdən bəziləri kütləvi səhnələrə çəkilməklə də “Dolu”nun daha dolğun alınmasına yardım edirlər.

“Aqil Abbasa sürprizimiz var”

“Çəkildi!” Quruluşçu rejissorun bu sözlərindən sonra ətrafı alqış səsləri bürüyür. Hər bir epizod çəkildikcə yaradıcı qrup bunu öz sevincini alqışla bildirir.

Qısa fasilədən sonra növbəti epizodların çəkilişi başlayacaq. Qrim ustaları əməkdar artist Şamil Süleymanovu əhatəyə alıblar. Azərbaycan kinosuna yaddaqalan obrazlar bəxş edən Şamil Süleymanovu bu filmdə Müəllim rolunda görəcəyik: “Aqil Abbas “Dolu”nu yazmaqla bizi böyük bir xəcalətdən qurtardı. Bu elə bir mövzudur ki, Qarabağ erməni işğalından azad olunana qədər aktual olacaq. Ona görə də “Dolu” filmi tarixi yox, müasir, bu gününün filmidir. Torpaqlarımızı qoruyan özünümüdafiə batalyonlarında çoxlu müəllimlər vuruşurdu. Mən filmdə belə müəllimlərdən birini canlandırıram. Çəkildiyim “Tütək səsi”ində hadisələr arxa cəbhədə baş verir. Bu filmdə isə ön cəbhə, orada baş verənlər göstərilir. Elxan Cəfərovun istedadına, bacarığına inanıram. İnşallah əziyyətimizin bəhrəsini görəcəyik”.

Şamil Süleymanov filmin yaradıcı heyətinin Aqil Abbasa sürpriz hazırladığını deyir: “Aqillə uzun illərin dostuyuq. Lakin heyətdə elə insanlar var ki, Aqil Abbasla ilk dəfə yaxından münasibət qurur, onun istedadlı yazıçı olmaqdan əlavə həm də gözəl insan, vətənini, dövlətini sevən ziyalı olduğunu yaxından müşahidə edir. Çəkiliş qrupunun Aqilə sürprizi var. Sürprizin nədən ibarət olduğunu açıqlamaq istəmirəm. Qoy köhnə dostum filmin premyerasını gözləsin...”

“Ədalət”in yazarı Drakon olacaq

“Dolu”nu oxuyanlar yaxşı bilir ki, əsas obrazlardan biri də Drakondu. Maraqlıdı ki, bu rol oxunaqlı yazıları ilə “Ədalət”in səhifələrində görünən Rza Rzayevə həvalə olunub. Gənc və istedadlı yazarımız əvvəllər də özünü kinoda sınayıb. Tamaşaçılar “Niyyət” filmində, “Sarı gəlin” klipində Rzanın aktyor bacarığına da şahid olublar: “Aqil Abbasın “Dolu” əsəri əsl ədəbi hadisəyə çevrildi. Roman əsasında çəkilən filmin də uğur qazanacağına əminəm. Belə peşəkar yaradıcı heyətlə birgə filmə çəkilmək mənim üçün ikiqat məsuliyyətdi. Çalışacam ki, mənim oynadığım Drakon filmə baxanların rəğbətini qazansın”.

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları çəkiliş meydançasında

Reportajın əvvəlində qeyd etdiyimiz kimi “Dolu” dövlət sifarişi ilə çəkilir. Mədəniyyət və Turizm Nazirliyi filmin istehsalını daim diqqətdə saxlayır, qarşıya çıxan problemləri operativ həll etməyə çalışır. Biz İsmayıllıda olarkən nazirliyin kino şöbəsinin müdiri Cahangir Məmmədovun, həmin şöbənin məsul işçiləri Yusif Şeyxov və Müşfiq Hətəmovun da çəkiliş prosesini yaxından izlədiklərini gördük.

Jurnalistlər hər yerdə lazımdı. Hətta müharibədə də!

...Bəlkə də həyatında ilk dəfə belə sərt qarşılanan Jurnalist özünü itirmişdi, ehtiyatla oturdu...

“Cavid ömrü” filmindəki Ərtoğrul rolu ilə tanınan, dublyaj olunmuş filmlərdə hər gün səsini eşitdiyimiz Vüsal Murtuzəliyevi “Dolu”dakı Jurnalist rolunda görəcəyik: “Bu filmin  çox istedadlı və mehriban yaradıcı heyəti var. Elxan Cəfərov olduqca gözəl yaradıcılıq mühiti formalaşdırır. Çəkiliş günlərim olmayanda da bura gəlib prosesi kənardan müşahidə edirəm, necə deyərlər, filmə köklənirəm. Bütün əziyyətlərə baxmayaraq, hamı işimizin uğurlu alınması üçün çalışır”.

Vüsal oynayacağı obrazın təbii alınması üçün qaynar bölgələrdə, ön cəbhədə olan həmkarlarımızı müşahidə edib: “Hərbi mövzuda yazan, döyüş bölgələrində çalışan jurnalistlərin həyatını yaxandan öyrənir, müşahidələr aparıram”.

“Biz də varıq!”

Film çəkilişinin necə ağır və zəhmət tələb edən bir proses olduğunu təkrar yazmağa ehtiyac yoxdu. Ekranlara çıxan hər bir film üzərində yüzlərlə insan çalışır. Amma əksəriyyəti kadr arxasında qaldığından tamaşaçılar onları tanımır. “Dolu” filminin prodüserinin müavini Fəxri İbrahimov da belə insanlardandı: “Bizim işimiz elədi ki, çəkiliş zamanı “yox” söhbəti yoxdu. Təşkilati işlər gərək qaydasında olsun. Film hazır olanda isə çox vaxt heç adımız da çəkilmir. Buna baxmayaraq işimizi sevir və vicdanla çalışırıq. Film uğurlu alınanda bəlkə də hamıdan çox biz sevinirik”.

Sonra Mingəçevir və Sumqayıt...

Çəkilişlərinə İsmayıllıda start verilən “Dolu” filminin digər epizodları Mingəçevirdə və Sumqayıtda çəkiləcək. Pavilyon çəkilişləri isə Bakıda aparılacaq. Döyüş səhnələrinin daha inandırıcı alınması üçün çəkmək İrandan dəvət olunan pirotexniklər yaxın günlərdə yaradıcı qrupa qoşulacaq. Polad Bülbüloğlunun bu film üçün bəstələyəcəyi musiqilər Moskvada nüfuzlu orkestrlərdən birinin də ifasında yazılacaq. Film üzərində işlərin bu ilin sonuna kimi yekunlaşdırmaq nəzərdə tutulub.

Sonda kiçik bir sirr açaq. Aqil Abbas və Rəşad Məcid də “Dolu”da çəkiliblər. Amma onların hansı rola çəkildiklərini yazmırıq. Film ekranlara çıxanda hər şey məlum olacaq.

“Dolu”nu gözləyin!

        

Etibar CƏBRAYILOĞLU
Fotolar Babək BARATOĞLUNUNDU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?