Modern.az

Kür çayı quruyur - Su qıtlığı problemi (FOTO)

Kür çayı quruyur - Su qıtlığı problemi (FOTO)

Reportaj

3 Mart 2023, 19:04

Kür çayında suyun səviyyəsi yenidən azalıb. Mövcud vəziyyət çayın Sabirabad rayonundan keçən hissəsində də açıq-aşkar müşahidə edilir.

 

Modern.az AZƏRTAC-ya istinadən xəbər verir ki, bir vaxtlar Dəli Kür adı ilə tanınan Azərbaycanın ən böyük çayı indi öz məcrasından da xeyli geri çəkilib.

Xanoğlan Əsgərov Sabirabad rayonu Surra kənd sakinidir. Bildirir ki, bu kənddə dünyaya göz açıb, uşaqlıq illəri də Kür çayının sahilində keçib: “Vaxt var idi Kür aşıb-daşardı. Son illər isə Kürdə suyun səviyyəsi xeyli aşağı düşüb. Yanvar ayında ölkə ərazisində yağıntılar Kürdə suyun səviyyəsinə müsbət təsir etsə də, son bir ayda çayda su demək olar ki, minimum səviyyəyə düşüb. Bu vəziyyət aran zonasında əkinlər üçün çətinliklər yaradır. Əkinin suvarılması üçün su Kür çayından nasoslar vasitəsilə götürülür. Lakin bir çox hallarda suyun azlığı həmin stansiyaların işinə çətinlik yaradır”.

Onun sözlərinə görə, vaxt var idi ki, əkin sahələri Kür çayı vasitəsilə fasiləsiz suvarma suyu ilə təmin olunurdu. Lakin hazırda su qıtlığı səbəbindən suvarma qrafiklə təşkil edilir. Məqsəd isə sudan qənaətlə istifadə etməkdir.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Adil Şabanlı deyir ki, Kür çayında son günlər suyun azalması düşməsi davam edir. Çayda suyun səviyyəsi yalnız yağıntılar olan zaman artır, digər hallarda isə suyun azalması müşahidə olunur.

 

“Kürdə suyun səviyyəsi son günlərdə demək olar ki, 50 santimetr aşağı düşüb. Bu günə kimi çayın hazırki vəziyyəti Sabirabad rayonunda Kür üzərində olan nasos stansiyalarının işinə elə də ciddi təsir etməyib. Kür üzərində faktiki olaraq 68 nasos stansiyası var, onlardan 67-i suyu tam götürmək gücündədir”, - deyə o qeyd edib.

 

Adil Şabanlı, həmçinin qeyd edib ki, su qıtlığı ümummilli problemdir. Ona görə də hər kəs su ehtiyatlarından səmərəli istifadə etməlidir: “Xüsusən də fermerlərimiz müasir suvarma sistemləri tətbiq etməlidirlər. Çünki müasir suvarma sistemlərinin tətbiqi nəticəsində həm su ehtiyatları qorunur, həm torpağın şoranlaşmasının qarşısı alınır, həm də məhsul bolluğu yaranır”.

 

Məlumdur ki, su qıtlığı bütün dünyada müşahidə olunur. Bu səbəbdən ölkəmizdə də ən gur sulu çaylarda belə suyun səviyyəsi aşağı düşür. Ona görə də gələcəkdə su qıtlığı probleminin törədə biləcəyi fəsadların azaldılması üçün bütün su istifadəçiləri sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, təsərrüfatda müasir texnologiya və suya qənaət edən avadanlıqlar tətbiq olunmalı, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı