Modern.az
Qəzənfər Həmidoğlu Paşinyanın “manqurtları”

Qəzənfər Həmidoğlu

Paşinyanın “manqurtları”

Aktual

3 Noyabr 2022, 17:42

Qəzənfər Həmidoğlu

Oktyabrın sonlarında Azərbaycan-Ermənistan danışıqları kontekstində “Valday”la yanaşı, daha bir klub – erməni-rus “Lazarev klubu” da diqqətləri özünə cəlb etdi.


Ötən cümə günü Ermənistan paytaxtında açılan “Lazarev klubu”nun 5-ci içlasında klubun yaradıçısı - Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin iştirak edə bilmədi. İclasa bir gün qalmış adama deyiblər ki, sən “arzulanan adam” deyilsən - yəni, Ermənistan səni persona non-qrata elan edib.


Zatulin Putinin komandasında sonuncu adam deyil, Avrasiya məsələsində hətta öndə gedənlərdəndir. Gurultulu titul və məqam sahibidir: RF Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin 1-ci müavini, MDB ölkələri İnstitutun rəhbəri və s. Və adamın xətrinə dəyib ki, onu Ermənistan XİN və ya Paşinyanın administrasiyası deyil, adi bir bürokrat - erməni parlamentinin xarici əlaqələr idarəsinin rəisi arzuolunmaz şəxs elan edib.


Azərbaycanı özünə düşmən elan edib ortalıqda dolaşan Zatulin həmişə öyünürdü ki, Dövlət Duması 1995-ci ildə məhz onun təklifi ilə “erməni soyqırımı”na dair qətnamə qəbul edib. Yeri gəlmişkən, Rusiya Duması qondarma soyqırımın tanınmasına dair qanun layihəsi deyil, mühakimə edən sənəd qəbul edib ki, o da qanuni gücə malik deyil...


Daha sonra xəbər çıxdı ki, “Lazarev klubu”nun digər fəalı – “hitlerşünas” dələduz-politoloq, Rusiya tok-şoularının daimi qonağı, “Birinci kanal”dakı bədnam “Böyük oyun” proqramının aparıcısı Andranik Miqranyanın adı da arzuolunmazların qara siyahısına düşüb.


Zatulinə dəstək verən Rusiyanın RT kanalının baş redaktoru, Kreml təbliğatında “Top-5”ə daxil olan ruporlardan Marqarita Simonyan bu arada mağmın-mağmın dedi ki, Ermənistan onu da person non-qrata elan edib. Əslində, Marqo və əri “Pilorama” Tigran Keosayanı erməni hökuməti hələ yayda qara siyahısına salmışdı.
 



Maraqlıdır, Ermənistan parlamentinin spikeri Alen Simonyan Marqarita Simonyan və Tiqran Keosyan kimi müxtəlif ölkələrdə erməni soyadı daşıyıb Ermənistan dövlətinə hörmət etməyənləri “manqurt” adlandırıb.


Daha maraqlısı həmin “manqurt siyahısı”nda bir sürü daşnakın, özəlliklə də erməni diasporunun öndə gedən simalarından sayılan Murad Papazyanın olmasıdır. Ermənistan “Daşnaksütyun” İnqilabi Federasiyasının Büro üzvü, Fransanın erməni təşkilatlarının Koordinasiya Şyrasının həmsədri Papazyan bu ilin yayında ailəsi ilə İrəvana uçub, amma buraxılmayıb. Hərifi “Zvartnos” aeroportundan geri uçurublar. Papazyan ötən ilin yayında Parisdə Paşinyanın kortejinə daş atıb və “manqurt” olub.


Daşnaksütyun Partiyasının “Ay Data” (Erməni məsələsi) bölməsinin Niderlanddakı ofisinin rəhbəri Masis Abramyanın və holland daşnaklarının fəalı olan qızı Süne Abramyanın da Ermənistana girişi qadağan edilib.


“Daşnaksütyun” “Hayastan" blokunun lideri Robert Koçaryanın kölgəsi altına girəndən Paşinyan “iti görüm, qurdu görüm, amma daşnak görməyim” deyir...


Yeri gəlmişkən, “Lazarev klubu”nda bizim tərəflərdən çıxan, Gəncədə doğulan bir mankurt da var – türk düşməni, erməni xəstəsi və zır putinoid Stanislav Tarasov.


"Российские вести" həftəliyinin baş redaktoru, Qafqaz üzrə ekspert Azərbayana isterik və patoloji nifrəti ilə seçilir. “Lazarev klubu”nun Moskva-İrəvan videokörpüsü kimi keçirilən sonuncu toplantısı “Rus-erməni münasibətlərinin tarixi keçmişi və indisi” mövzusunda keçirilib. Tarasov bu münasibətləri darta-darta aparıb IX əsrədək uzadıb. Bədəməl Miqranyansa tədbirdə belə “ideya” verib ki, əgər Paşinyanın Ermənistanı Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etməkdən imtina edirsə, bu iş Rusiyanın üzərinə qoyulmalıdır...


“Lazarev klubu”nda belə dələduz siyasətçi, tarixçi və ekspert sarıdan bolluqdur. 2018-ci ildə yaradılan “Lazarev klubu” adını erməni mesenatı və MQİMO-nun (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) İsələfi sayılan Şərq Dilləri İnstitutunun XIX əsrdə əsasını qoymuş Lazarevlər ailəsinin soyadından götürüb. Bu klubun sələfi “Qriboyedov klubu” olub. Lakin ermənilər onları bu yerlərə köçürüb məskunlaşdıran Aleksandr Qriboyedovun xatirəsini belə əbidələşdirməyi minnətdarlıqla yad etməyi “politisch korrekt” saymayıblar..


Klubun qeyri-erməni üzvləri arasında görün kimlər var: Nikolay Rıjkov (Qorbaçov dönəminin baş naziri), Anatoli Torkunov (MQİMO-nun rektoru), Vyaçeslav Nikonov (Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitəsi sədrinin 1-ci müavini, “Russkiy mir” fondunun idarə heyətinin sədri), Modest Kolerov (“Regnum” İA-nın baş redaktoru), Vladimir Kazimirov (bu hərifi tanımayan yoxdur), Vitali Tretyakov ( Moskva Dövlət Universitetinin dekanı) - at ilxısı, köpək sürüsü, saymaqla qurtarmır...

Whatsapp
Bizə yazın!
Keçid et
İran Ermənistanı silahlandırır-500 milyonuq müqavilə