Modern.az

“Fransa hökuməti həmin qətnamə ilə bizi şantaj etməyə çalışacaq” - ŞƏRH

“Fransa hökuməti həmin qətnamə ilə bizi şantaj etməyə çalışacaq” - ŞƏRH

Analitika

15 Noyabr 2022, 23:03

“Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə Ermənistanın baş naziri Nikol Paşinyanı Parisdən asılı vəziyyətə salır!

Modern.az-ın məlumatına görə, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

“Şübhə etmirəm ki, Paşinyan, Ermənistandakı siyasi partiyalar və Qarabağ separatçıları Fransa Senatına təbrik məktubları göndərəcəklər. Əgər Paşinyan Qarabağdan imtinaya hazırlaşırdısa, Fransa Senatı sanki onu “cəsarətləndirdi” və Ermənistanın baş nazirinə belə bir mesaj göndərdi: “Əsla Qarabağın müstəqilliyindən vaz keçmə”.
Əgər Fransa prezidentinin və Senatının anti-Azərbaycan ritorikası Ermənistanı və erməni separatizmini qorumaq məqsədi daşıyırsa, tam əks nəticəylə üzləşəcəklər”, - E.Şahinoğlu deyib.

Ekspertin fikrincə, Fransa Senatının qətnaməsi təmas xəttində vəziyyəti gərginləşdirəcək.

“Fransa prezidenti və ya hökuməti Azərbaycanla bütün körpüləri yandırmamaq üçün Senatın qətnaməsindəki bəndləri əsas götürməyə də bilər, ancaq hər zaman həmin qətnamə ilə bizi şantaj etməyə çalışacaqlar”.

E.Şahinoğlu bir türk diplomatının Fransa dövləti barədə fikirlərini də diqqətə çatdırıb:

“Türkiyənin Avropa ölkələrinin az qala yarısından çoxunda birinci katib və səfir vəzifəsində çalışmış qocaman diplomatlarından biri Avropanın Türkiyə və Azərbaycan siyasətini mənə belə izah etmişdi: “Təcrübəm əsasında deyə bilərəm ki, biz nə etsək də Fransa və ona oxşar Avropa ölkələri əleyhimizə olacaqlar. Onlar hər zaman bizə qarşı ədalətsiz olacaqlar, yetər ki, ədalətli və haqlı olduğumuzu özümüz bilək və yolumuza davam edək”.

Fransa Senatının anti-Azərbaycan qətnaməsinin yekdilliklə qəbulundan sonra həmin diplomatın sözlərini xatırladım. Haqlı və ədalətli olduğumuz halda Fransa Senatının və ya ABŞ Konqresinin anti-Türkiyə, anti-Azərbaycan qətnamələrinə, qərarlarına əsəbiləşirik. Əsəbiləşməkdənsə, Parisin vasitəçiliyindən imtina, Azərbaycanın Fransadakı səfirini bir müddət üçün geri çağırmaq, Fransa şirkətlərinin Azərbaycandakı fəaliyyətinə xitam haqqında düşünməliyik. Bunu etməsək, sabah Fransanın Avropada başqa “ardıcılları” da tapılacaq”.

Noyabrın 15-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.

Sənədin qəbulunda 332 senator iştirak edib: səsvermə belə nəticələnib - lehinə 295, əleyhinə 1 nəfər.

Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamədə bunlar tələb olunur:

- Azərbaycan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməlidir;
- Bütün erməni hərbi əsirlər qaytarılmalıdır;
- Erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görülməlidir;
- Fransa hökuməti "Dağlıq Qarabağ"da humanitar büro açmalıdır;
- "Artsax"ın müstəqilliyi tanınmalıdır;
- Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələr yerləşdirilməlidir.


Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.

Qətnamə məsləhət xarakterlidir və Fransa hökuməti üçün hələlik hüquqi qüvvəyə malik deyil.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər