Modern.az

Qərb molla rejiminə gizli dəstək verir - Şok məqamlar üzə çıxdı

Qərb molla rejiminə gizli dəstək verir - Şok məqamlar üzə çıxdı

Analitika

16 Fevral 2023, 10:24

Ötən ilin sentyabr ayının ortalarından başlayaraq İranda kütləvi etiraz aksiyaları keçirilir. 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər.

 

Təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 500-dən çox dinc etirazçı öldürülüb. Minlərlə həbs edilən var, həbs edilənlərdən bir neçəsi edam edilib. 

 

Qərb dövlətləri həm etiraz aksiyalarında dinc insanlara zorakılıq edildiyinə, həm də Ukraynada mülki şəxslərə hücumda istifadə edilən pilotsuz uçuş aparatlarını Rusiyaya verdiyinə görə, İrana qarşı çoxsaylı sanksiyalar tətbiq edib. İranın nüvə silahına sahib olmaq istəyi də İsrail və Qərb dövlətləri tərəfindən narazılıqla qarşılanır.

 

1979-cu il inqilabı ilə hakimiyyətə gələn teokratik rejim dinc insanlara qarşı zorakılığı, azərbaycanlılar başda olmaqla digər millətlərin hüquqlarını tapdalamağı, Yaxın Şərqdə "proksi" orduları ilə sabitliyi pozmağı davam etdirir. İran rejimi qonşuluğunda yerləşən dövlətləri də təhdid edir. Ötən ay Azərbaycan səfirliyinə silahlı hücum edilib, İraqın şimalına raket zərbələri endirib və Əfqanıstanla sərhəddə ara-sıra toqquşmalar baş verir.

 

Çoxsaylı sanksiyalara və təzyiqlərə baxmayaraq, etirazçılar və Qərb İranda hakimiyyət dəyişikliyinə səbəb ola bilməyib. Ümumiyyətlə, Qərbdə İrana qarşı münasibət yekdil deyil. Bu yaxınlarda Qərb mətbutında yayılan məlumata görə, Vaşinqtonun Tehrana qarşı sanksiyalarına baxmayaraq, İranda istehsal edilən pilotsuz uçuş aparatlarından birinin 76 komponenti ABŞ-da yerləşən 14 şirkətdən alınıb.

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan da bildirib ki, Qərbin İrana münasibəti birmənalı deyil:

 

“İran İslam İnqilabı Keşikçilərini (SEPAH-red) ABŞ və onun regional müttəfiqi İsrail terrorçu təşkilat kimi tanıyıb. Amma Böyük Britaniya başda olmaqla Avropa ölkələri bu addımı atmaqda çətinlik çəkirlər. Doğrudur, Böyük Britaniyada hökumət, təhlükəsizlik orqanları belə bir addımın atılmasını müsbət qəbul edib. Lakin ölkənin Xarici İşlər Nazirliyi bir müddət sonra sözügedən addımın  nüvə proqramı və digər məsələlərlə bağlı İranla danışıqlara mane olacağını bildirdi. Beləliklə, sözügedən addımdan imtina edildi. Almaniya, Fransa və Avropa İttifaqı da İrana qarşı belə addım atmaqdan çəkinir. Düşünürlər ki, əllərində bunun üçün kifayət qədər fakt yoxdur. Ancaq söhbət İran hökuməti ilə əlaqələrdən gedir. İran hakimiyyətinin hələ də güclü olub ölkəyə nəzarət etmə imkanlarını itirmədiyinə görə, Avropa ölkələri bu addımı atmır. Bu səbəbdən rejim ayaqda durmağı bacarır”.

 

Sədrəddin Soltan digər bir səbəb kimi İran hakimiyyəti daxilində birliyi göstərib:

 

"Sentyabr 17-dən başlayaraq İranda etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı baş verənlərə görə, İran hakimiyyəti daxilində nə Nazirlər Kabinetindən, nə  SEPAH-dan, nə də ordudan heç kim istefa verməyib.  Bu yaxınlarda bir polis məmuru belə bir bəyanat vermişdi ki, hicab qaydalarına əməl edilib-edilməməsinə nəzarət polisin işi deyil. Onu da cəzalandırdılar. İran hökumətindən verilən rəsmi məlumatlara görə isə onunla “tərbiyəvi” iş aparılıb.  Bu hadisə hakimiyyət daxilində geniş yayılmayıb. Yəni İran hakimiyyəti daxilində etirazçılara yardım edən yoxdur. Bu da İran rejiminin hələ də öz bütövlüyünü qoruduğunun göstəricisidir. Belə olduqda xarici təsir də zəif olur. SEPAH-la, İran hakimiyyətinin ayrı-ayrı qurumları ilə bağlı sanksiya tətbiq olunsa belə təsir etmir”.

 

 

S.Soltanın fikrincə İran rejiminin hələ də ayaqda durmasının əsas səbəblərindən biri də Çindir:

 

“Çinin Qərbə qarşı istifadə etdiyi əsas iki qüvvə var. Bunlardan biri Rusiya, digəri isə İrandır. Çin İran hakimiyyətindən Qərbi sıxmaq,ona təsir etmək üçün istifadə edir. Ona görə də, məsələ heç də göründüyü kimi adi və bəsit deyil”.

 

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi bir neçə gün əvvəl Çinə səfər edib. Səfər zamanı Tehran və Pekin arasında 20 əməkdaşlıq sazişi imzalanıb.

 

 

Politoloq Cümşüd Nuriyev vurğulayır ki, İranın çoxtərəfli oynaması onun ayaqda qalmasına yardım edir:

 

“İran həmişəki kimi çoxtərəfli oynayır. Molla rejimi bir tərəfdən hakimiyyətini qorumağa çalışır, digər yandan üzdə söydüyü dövlətlərlə yaxın münasibətlər qurur. ABŞ, İsrail, Fransa və Britaniya ilə İranın Yaxın Şərqdəki maraqları həmişə üst-üstə düşüb. Tarixdə belə faktlar var. İranın İraqla müharibə zamanı Amerikadan silah almasını misal çəkmək olar. Bu rejimin yaranmasında elə Qərb dövlətlərinin - Fransanın, Britaniyanın böyük xidmətləri var. Çünki Seyid Əli Xomeyni birmənalı şəkildə ingilisin adamı olub. Atası ingilis, anası hindistanlıdır. Yaxın və Orta Şərqi idarə etmək üçün ingilislər həmişə bu və ya digər formada nəsə fikirləşirlər. Bu gün də İran əvvəlki nökər xidmətini davam etdirir. İran Rusiyaya qarşı da səmimi deyil”.

 

Onun sözlərinə görə, İranı ayaqda saxlayan dini rejimdir:

 

“İranda dövlətçilik yox, molla-məscid münasibətləri var. Molla-məscid münasibətləri də dövlət demək deyil. İranın ayaqda qalması üçün lazım olan siyasi, iqtisadi və başqa sahələr iflasdadır. İran yavaş-yavaş tənəzzülə uğrayır. Türklər, kürdlər, bəlucilər heç kim İran rejimini istəmir. Onları bir yerdə saxlayan yeganə amil dindir.  Ancaq iki nəsil dəyişib. Hamı molla rejiminin yalan danışdığını anlayıb. İranda artıq "siyasi zəlzələ" baş verib. Bu da onun birdən-birə dağılmasına gətirib çıxaracaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?